Putin üçün iki çıxış yolu – 5 ay vaxt qaldı
Bizi izləyin

Dünya

Putin üçün iki çıxış yolu – 5 ay vaxt qaldı

Ukraynanın şərqinə hərbi təcavüzlə əlaqədar Avropa Birliyinin (AB) Rusiyaya qarşı qəbul etdiyi sanksiyaların iki ili tamam olur. 2014-cü il 12 sentyabrda qəbul edilən sanksiyalar Rusiyanın silahlı qüvvələrinə də toxundu.

Bütün Rusiya şirkətləri hərbi texnologiyalar və ikiqat təyinatlı müəyyən texnologiyalara giriş hüququndan məhrum edildi. Bu sanksiyalar həmçinin Rusiya hərbi sənaye kompleksinin müəyyən şirkətlərinə AB-də hazırlanmış texnologiyaları almağı və Avropa şirkətlərinin maliyyə xidmətlərinə girişi qadağan edirdi.

Publika.az “Forbes” nəşrinə istinadən xəbər verir ki, Rusiya AB-nin üçüncü ticarət partnyorudur.

Müəyyən sektorlarda qeydə alınan zərərlərə baxmayaraq, 2015-ci ilin oktyabrında Avropa Parlamenti nəticəyə gəldi ki, AB-nin iqtisadiyyatına ümumi təsir kifayət qədər məhdud olub. “Forbes” Rusiyanın müdafiə sektoruna qarşı sanksiyaların effektiv olduğunu yazır.

“Texnologiya bazarındakı mikroelektronika kimi məhsullar müdafiə sektorunda fövqəladə dərəcədə geniş tətbiq edilir. İkiqat təyinatlı müəyyən texnologiyalarının ixracı Rusiya üçün xüsusi əhəmiyyətə malikdir. Məsələn, Rusiya baş nazirinin müavini Dmitri Roqozinin (Rusiya hərbi-sənaye kompleksinin kuratoru, hərbi kontraktlara birbaşa nəzarət edir – red.) dediyi kimi, QLONASS üçün bütün mikrosxem və qəbul modulları Rusiyanın xaricində istehsal edilir”, - nəşr yazıb.

“Forbes” qeyd edir ki, Sovet İttifaqının dağılmasından sonra Rusiya silahlı qüvvələri tənəzzülə uğradı, bir çox müdafiə kompleksi müəssisəsi sovet respublikalarında qaldı və təchizat zəncirində problemlər yarandı: “Rusiya ordusunda 2008-ci ildə Gürcüstana müdaxilədən sonra problemlərin aradan qaldırmasına yönələn genişmiqyaslı islahatlar başlandı. Bu problemlər zəif rəqiblə toqquşmada ortaya çıxdı. Rusiya özü istehsal edə bilmədiyi hərbi təyinatlı məhsulları almağa başladı. NATO-nun 2015-ci ilin oktyabrında dərc edilmiş məruzəsində ikiqat təyinatlı texnologiyalara toxunan sanksiyaların effektivliyi haqqında deyilir: müdafiə kompleksi müəssisələrini müasirləşdirməyə yönəlik Rusiyanın cəhdləri çox güman ki, sanksiyalar nəticəsində zərər görəcək. Çünki, Rusiya dəzgahqayırma sənayesi, ümumiyyətlə, bu müəssisələrə lazım olan müasir avadanlığı istehsal etməyə qadir deyil”.

Qərb sanksiyalarının tətbiqinə cavab olaraq Rusiya məmurları bildirdilər ki, sanksiyalar yalnız ən yeni hərbi texnologiyaların şəxsi sektorunun inkişafını tələsdirəcək. Ancaq yüksək vəzifəli Rusiya məmurları həmçinin Qərb sanksiyalarının hərbi sənaye kompleksinə qarşı mənfi təsirini açıq şəkildə dilə gətirirlər.

Məsələn, 2016-cı ilin iyulunda Roqozin şikayət etdi ki, sanksiyalar Çinlə texnologiyalarla aparılan ticarətin inkişafına mane olur. 2015-ci ilin sentyabrında prezident Vladimir Putin mikroelektronika bazarının inkişafı ilə bağlı müşavirədə bildirdi ki, bəzi xarici partnyorların müəyyən addımları son zamanlar avadanlığın çatdırılmasını təhlükə altına qoyur.

Rusiya hələlik yaşamağa qadir qərb texnologiyalarına alternativ yarada bilməyib. "IHS Jane" analitik şirkətinin yeni məruzəsinə görə, MİQ-29K/KUB təyyarələri ilə bağlı bir sıra problemlər yaranıb. Sanksiyalara görə, Rusiya təyyarələri bütöv partiyada Hindistana çatdıra bilməyib.

Moskva Karnegi Mərkəzinin məruzəsinə əsasən, Rusiya bu ilin iyulunda Farnboro aviaşouda MS-21 təyyarəsini təqdim edib, ancaq bu təyyarələri xaricə satmır. “Avropa Birliyi və ABŞ-ın sanksiyaları MS-21 layihəsini yaradanlarının qarabasması oldu”, - məruzədə deyilir. Bu onunla bağlıdır ki, layihədə 20-dən çox xarici partnyor iştirak edir.

2016-cı ilin fevralında “İnterfaks” agentliyi bildirdi ki, dörd Rusiya peykinın işə salınması onlarda qurulmuş yerli elektronika məhsulları ilə əlaqədar çox ağır olub.

2016-cı ilin martında Rusiyanın bir analitiki “Hərbi-sənaye kuryeri” qəzetində yazdı ki, Çin texnologiyaları Qərb texnologiyalarına alternativ kimi düşünülsə də, ümidlər puç olub. Çünki, Çin nümunələri daha aşağı keyfiyyətlidir. “Böhran vəziyyətindən iki çıxış yolu qalır: sanksiyaların ən sürətli ləğvini gözləmək və ya mikroelektron sənayesini yenidən yaratmaq", - analitik qeyd edib. Rusiya artıq ikinci variant yolunda müəyyən tədbirlər görür. Amma analitikin fikrincə, ən yaxın gələcəkdə bu variant kifayət qədər işıqlı görünmür.

“Forbes” bildirir ki, sanksiyalar bilavasitə Suriyada münaqişənin nizama salınmasına imkan yarada bilər. Nəşr hesab edir ki, Putin üçün Ukrayna və Suriya vahid planın hissələridir: “Putin Qərb liderlərini sanksiyaların ləğvinə itələmək üçün bir neçə dəfə Suriyada əməkdaşlığın perspektivindən danışıb. Şəxsi söhbətlərdə bəzi Qərb məmurları Avropa Birliyinin 2017-ci ilin yanvarında sanksiyaların müddətini uzadacağına dair şübhələrini dilə gətirirlər. Əgər Avropa Birliyi sanksiyaları ləğv edərsə, bu ABŞ-ın sanksiyalarının effektivliyini əhəmiyyətli dərəcədə azaldacaq. Avropa Birliyi sanksiyaları ləğv edərsə, bunun nəticələri daha əhəmiyyətli ola bilər. Rusiya sanksiyaların tətbiqinə qədər aldığı hərbi avadanlığın əhəmiyyətli hissəsini Suriyaya göndərib. Məsələn, İtaliya istehsalı “Iveco” zirehli avtomobilləri sanksiyaların tətbiqinə qədər alınmışdı. Əgər sanksiyalar ləğv edilərsə, bu, NATO-nun Şərqi Avropada güclərini artırmasına mane olacaq”.

“Tanımaq vaxtı çatıb ki, Putin parçalanmanı və məğlubiyyəti gətirməyə çalışır”, - “Forbes” sanksiyaların saxlanılmasının vacibliyinə işarə vurub.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm