Ərdoğandan Rza Zərrab AÇIQLAMASI: “FETÖ-nün yemlədiyi...”
Bizi izləyin

Dünya

Ərdoğandan Rza Zərrab AÇIQLAMASI: “FETÖ-nün yemlədiyi...”

Azərbaycan əsilli iş adamı Rza Zərrabın həbsi Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın ABŞ-ın vitse-prezidenti Co Baydenlə Nyu-Yorkda ötən həftə keçirdiyi görüşdə müzakirə edilib.

Publika.az xəbər verir ki, bunu ABŞ-dan qayıdarkən təyyarədə jurnalistlərin suallarını cavablandıran Rəcəb Tayyib Ərdoğan deyib.

Türkiyə prezidenti iş adamını həbs etdirən prokuror ilə onu mühakimə edən hakimin Fəthullahçı Terror Təşkilatı (FETÖ) ilə əlaqələrinin olduğunu ABŞ-ın vitse-prezidentinə çatdırıb.

“Prokuror Bharara da, hakim Riçard Berman da Türkiyədə daha əvvəl FETÖ tərəfindən qonaq qəbul edilən şəxslərdir. Yəni, Ədliyyə Nazirliyi Zərrabı tutub orada FETÖ-nün yemlədiyi adlara təslim edir. Baydenə bunları izah etdim. “Mən bu qədərini bilmirdim” dedi”, - Türkiyə prezidenti vurğulayıb.

Ərdoğan Rza Zərrabın heç bir günahının olmadığını söyləyib: “O, bizim vətəndaşımız olduğu üçün məsələyə laqeyd qala bilmərik. İstər Ədliyyə, istərsə də İqtisadiyyat Nazirliyimiz bu adamın bir günahının olmadığını bildirir. İran da eyni şeyi söyləyir. Ancaq buna baxmayaraq, bu şəxs 6 aydır ABŞ-da məhbus vəziyyətdədir”.

Qeyd edək ki, İran əsilli azərbaycanlı iş adamı martın 21-də Florida ştatının Mayami şəhərində həbs olunub. Zərrab İrana qarşı tətbiq edilmiş sanksiyaları pozmaqda, İran hakimiyyətinə aid pulların yuyulmasını təşkil etməkdə və digər iqtisadi cinayətlərdə ittiham olunur.

Rza Zərrab 2013-cü ilin dekabr ayında Türkiyədə qalmaqallı korrupsiya işi ilə bağlı həbs edilmişdi. O, hökumət üzvlərinə rüşvət verməkdə təqsirləndirilirdi. Lakin daha sonra ona qarşı irəli sürülən ittiham ləğv olunub və işə xitam verilib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm