“Qarabağ tələyə qoyulan yemdir” – Şok iddia
Bizi izləyin

Dünya

“Qarabağ tələyə qoyulan yemdir” – Şok iddia

Rusiya prezidenti Vladimir Putinin məsləhətçisi Sergey Qlazyev ötən həftə “Vestnik Kavkaza”ya müsahibəsində xarici işlər naziri Sergey Lavrovun səfəri ilə bağlı əsas detalları açmışdı. O, bildirmişdi ki, Dağlıq Qarabağ konfliktinin nizamlanması təkcə Rusiya-Azərbaycan münasibətlərinin möhkəmlənməsinə deyil, Avrasiya inteqrasiya layihələrinin gerçəkləşməsinə də stimul verərdi.

“Azərbaycan bizim ənənəvi və xeyirxah tərəfdaşımızdır. Biz onunla hər gün işləyirik. Əfsus ki, Azərbaycan Avrasiya iqtisadi inteqrasiya layihəsində iştirak eləmir. Rusiya üçün bu, çatışmayan cəhətdir və biz bu ölkəni Avrasiya inteqrasiya prosesinin tamhüquqlu üzvü kimi görmək istərdik”, - deyə o vurğulamışdı.

Publika.az-ın verdiyi xəbərə görə, erməni analitik Musa Mikaelyan Putinin məsləhətçisinin sözügedən müsahibəsini şərh edib.

Onun sözlərinə görə, Qlazyev Putinin məsləhətçilərindən olsa da, onun qeyri-rəsmi səsləndirdiyi fikirlər əslində Kremlin demək istədikləridir. “Rusiya hakimiyyəti qeyri-rəsmi şəkildə Qlazyev vasitəsilə Azərbaycana səslənir ki, Avrasiya inteqrasiya layihələrinə qoşulmağa razılaşarsa, Qarabağ münaqişəsinin nizama salınması prosesində dividentləri gözləyə bilər. Yəni, Rusiya, faktiki olaraq Qarabağı Azərbaycanı Avrasiya İttifaqına cəlb etmək üçün tələdəki yemə çevirir”, - erməni analitik qeyd edib.

M.Mikaelyan Qlazyevin faktiki olaraq Rusiya-Azərbaycan gündəliyini açdığını bildirir: “Putinin məsləhətçisi rusların Bakıya hansı sazişi təklif etdiyini göstərdi. Ehtimala görə, Bakı Rusiyanın təkliflərini qəbul etmir. Lavrovun son səfəri də sübut etdi ki, problemlər mövcuddur. İlham Əliyev yəqin ki, Avrasiya inteqrasiya proseslərində iştirak üçün maksimum yüksək qiymət tələb edir. Ancaq burada xüsusi diqqət çəkən məqam odur ki, ruslar öz strateji müttəfiqini açıq şəkildə müharibə ilə şantaj edirlər. Rusiya Azərbaycanı silahlandırmaqda davam edir və yəqin ki, Avrasiya inteqrasiya layihələrinə qoşulmağın əvəzində Bakıya imtiyazlı şərtlər təklif edəcək”.

Erməni analitik rusların Ermənistana “abırsız və nifrətli münasibət”in açıq şəkildə ortaya qoyulduğunu bildirib: “Erməni sərhəd kəndlərində baş verən atışma KTMT-nin baş katibi Nikolay Bordyujanın səfəri zamanı da dayanmadı. Yəni, azərbaycanlılar yaxşı bilirlər ki, belə hadisələrdə Rusiyanın məmurları kor və kardır. Söhbət Ermənistanın təhlükəsizliyindən gedəndə onlar heç nə görmürlər və heç nə eşitmirlər. Və son zamanlar Rusiyanın həssaslığı yalnız Azərbaycanla bağlıdır”.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm