İŞİD İran üçün tələyə qoyulan yemdir – Şok iddia
Bizi izləyin

Dünya

İŞİD İran üçün tələyə qoyulan yemdir – Şok iddia

Bu gün İraq parlamenti ölkə prezident və iki vitse-prezidenti seçməlidir.

Növbədə isə baş nazirin namizədliyi üçün səsvermə var. Baş nazir postuna artıq iki müddət bu postda əyləşən Nuri Əl-Maliki iddia edir. Lakin ona nəinki sünnilər və kürdlər, həm də şiə icmasının bir çox nümayəndələri qarşı çıxır. Əhali ilk növbədə “İraq Şam İslam Dövləti”nin (İŞİD) qarşısını ala bilmədiyi üçün Malikidən narazıdır. İŞİD isə artıq ölkənin şimal və qərbinə nəzarət edir. Bəzi məlumatlara görə, İŞİD Bağdadı da almağa yaxındır.

Ölkəyə milli birlik hökuməti hava və su kimi lazımdır. İŞİD-in Bağdadı almaq cəhdlərini isə iyulun sonuna kimi gözləmək lazımdır.

Publika.az xəbər verir ki, Amerika hərbi kəşfiyyatının keçmiş zabiti Cessika Luisi bildirib ki, İŞİD İraq ərazisinin yarısı və Suriyanın 35 faiz ərazisi ilə kifayətlənmək istəməyəcək, İordaniyaya, Livan və regionun digər ölkələrinə də girməyə çalışacaqlar.

Luis İŞİD-in artıq terror qrupu deyil, əsl ordu olduğunu bildirir: “İŞİD-də böyük miqdarda pul və on minlərlə döyüşçü var. Yalnız 10 iyunda ələ keçirilən Mosul banklarında qarət edilən pulun məbləği 400 milyon dollar idi. Beləliklə, İŞİD terror anlayışından çıxaraq ordu, iqtisadiyyat və infrastrukturu olan əsl dövlətə çevrilir. ABŞ-ın İraqda baş verənlərə reaksiyası isə hələ ki 700 hərbi mütəxəssisin göndərilməsi ilə məhdudlaşdırılıb”.


Tarixçi Dolf Brisko hesab edir ki, ABŞ Yaxın Şərqdə daha bir təhlükəli müharibəyə cəlb edilməkdən qaçmalıdır.

Bununla belə, Vaşinqtondakı Strateji və Beynəlxalq Tədqiqatlar Mərkəzinin millətlərarası təhlükələr üzrə layihəsinin direktoru Tomas Sanderson qeyd edir ki, vəziyyət genişmiqyaslı antiterror əməliyyatlarının keçirilməsini tələb edir.

Londondakı “Guilliam Foundation” analitik mərkəzinin Yaxın Şərq üzrə ekspertinin fikrincə, Qərb İraqa hərbi müdaxilə etməməlidir: “Bu, İŞİD-in ideoloji bazasını əhəmiyyətli dərəcədə möhkəmlədərdi. İstənilən hərbi əməliyyatlar dinc əhali arasında qurbanlara gətirib çıxaracaq, daha çox mülki şəxs Amerika əsgərlərinin atəşi ilə həlak olacaq. Bu isə İŞİD-in mövqeyini möhkəmləndirəcək. Belə bir hərbi kampaniya böyük təbliğatçılıq dəyəri qazana bilər”.


Rusiya Elmlər Akademiyası Şərqşünaslıq İnstitutunun aparıcı elmi işçisi Stanislav İvanov da bu fikirdədir ki, ABŞ-ın İraqa birbaşa müdaxiləsi ağlasığmazdır: “Birincisi, ABŞ İranı İraq müharibəsindən kənarda saxlaya bilməyəcək. İranın bəzi hərbi hissələri artıq Bağdad və digər əhəmiyyətli strateji şəhərlərin ətrafında mövqe tutur. Sünni-şiə qırğını bütün regionu - Suriya, İraq və Livanı tutub. ABŞ Dövlət Administrasiyası və Mərkəzi Kəşfiyyat İdarəsində hesab edirlər ki, qoy sünnilər və şiələr bir-birini qırsınlar. İstisna deyil ki, Vaşinqton bununla İranı daha çox zəiflətmək, onu iki cəbhədə - Suriya və İraqda müharibəyə cəlb etmək istəyir”, - rusiyalı ekspert ifadə edib.

Ekspertlər həmçinin bildirir ki, ABŞ qoşunlarının İraqa daxil olması Obama administrasiyasının hərbi büdcənin ixtisar edilməsini nəzərdə tutan ümumi xarici siyasət kursuna ziddir.

“ABŞ qoşunlarının İraqa daxil edilməsi hərbi nöqteyi-nəzərdən də mənasızdır. İŞİD üzərində sürətli qələbə ağlasığmazdır. Çünki sıx məskunlaşan şəhərləri bombalamaq olmaz. Quru əməliyyatları isə ABŞ əsgərləri arasında itkilərə gətirib çıxaracaq. Bundan başqa İŞİD Amerika və Rusiya hərbi istehsalının ən yeni nümunələrini ələ keçirib. ABŞ-ın İraqa hərbi müdaxiləsi bütün dünyada beynəlxalq islam qruplaşmalarının aktivləşməsinə gətirib çıxara, ABŞ və Avropa Birliyini yeni terror yeni hücumlarının hədəfinə çevirə bilər. Buna görə də ABŞ qoşunlarının İraqa daxil edilməsi bu gün nə İraq, nə də Amerika hakimiyyətinin müzakirə mövzusudur”, - Stanislav İvanov vurğulayıb.


Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm