Dünya
“Görünməz Şeyx”, məhəllənin “Messisi” və ya “Xəlifə İbrahim” – İŞİD lideri ilə bağlı bilmədiklərimiz… - FOTOLAR
Dünya İŞİD-i jurnalistlərin başının kəsilməsi və qadınların bazarlarda qul kimi satılmasından sonra tanıdı. İŞİD-də qətliam əmrini verən şəxs isə uzun müddət “Görünməz Şeyx” ləqəbi ilə öz kimliyini gizli saxlamağa müvəffəq oldu. Şəxsiyyətini kəşfiyyat orqanlarının belə müəyyənləşdirə bilmədiyi şeyx nəhayət, 29 iyun 2014-cü il tarixdə ictimaiyyətin önünə çıxaraq xəlifəliyini elan etdi.
2009-cu il. İraqın neft şəhəri olan Bəsrənin Um Kars sahil qəsəbəsindəki “Camp Bucca” adlı ABŞ həbsxanası. Həbsxana bağlanılaraq İraq hökumətinə təhvil verilməsi səbəbindən azadlığa çıxn iraqlı məhbus “Camp Bucca” həbsxanasının komandiri polkovnik Kenneth Kinqə xitabən “Sizinlə artıq Nyu-Yorkda görüşərik” deyir. İraqda Səddam rejimini devirən şəxslərdən biri olan polkovnik Kenneth Kinq bu sözün hansı mənanı daşıdığını anlamaq üçün 29 iyun 2014-cü il tarixədək gözləmək məcburiyyətində idi.
İraqın ikinci böyük şəhərini ələ keçirən İŞİD-in şərəfinə Mosulun Mərkəz Məscidində cümə xütbəsi verilirdi. Xütbə üçün kürsüyə çıxan qara cübbəli adam "Mənə ağır bir məsuliyyət və uca bir vəzifə verildi" sözlərilə xəlifəliyini elan edir. Kamera "Allah bizə düşmənlərimizlə döyüşməyimizi və dini iqamə etmək üçün onun yolunda cihad etməyimizi əmr edib" sözləri ilə xütbəsinə davam edən şəxsin üzünü yaxınlaşdıranda, polkovnik Kenneth Kinq 5 il əvvəl anlaya bilmədiyi o cümləni xatırladı.
İraq və Suriyada böyük bir bölgəni nəzarət altına alan, həmin ölkələrdə təxminən 30 min silahlı tərəfdarı olan İŞİD artıq İraqın neft ehtiyatı ilə zəngin olan ikinci böyük şəhərini də ələ keçirmişdi. Mosulu ələ keçirən İŞİD mərkəzi bankdakı pul ehtiyatını mənimsəyərək bir gündə büdcəsinə 500 milyon dollar vəsait əlavə etdi. Bundan başqa, İŞİD İraq Quru Qoşunları komandiri də daxil olmaqla bütün əsgərlərin qoyub qaçdığı silah-sursata da yiyələnmişdi. Qərb mətbuatı 30 min silahlı tərəfdarı olan və dünyadakı enerji ehtiyacına əhəmiyyətli dərəcədə dəstəyi təmin edən şəhəri tək bir güllə atmadan ələ keçirən təşkilatın liderinin kim olduğu ilə maraqlanırdı. İŞİD 2014-cü ilin iyun ayında Mosulu ələ keçirəndə, Əbu Bəkir əl-Bağdadi dünya mediası tərəfindən demək olar ki, tanınmırdı.
Dünya İŞİD-in liderinin barəsində çox şeyi bilməsə də, artıq qoyduğu qadağalar və törətdiyi vəhşiliklərlə tanış olmağa başlamışdı. Qeyd edək ki, Mosuldan öncə Suriyanın şimalındakı Rakka şəhəri İŞİD-in əlinə keçmişdi. Ölkənin ən tolerant şəhərlərindən biri olan Rakkanı paytaxt elan edən İŞİD bütün qadınlara şalvar geyinməyi qadağan etdi. Şəhər əhalisi zinada günahlandırılan qadınları daş-qalaq edərək öldürməyə məcbur edildi. Oğurluqda günahlandırılanların əlləri kəsildi, İŞİD-ə müxalif mövqedə dayananların isə boyunları vuruldu və ya çarmıxa çəkildi. Girov götürülən Qərb jurnalistlərin başları kəsildi və bununla bağlı görüntülər internet vasitəsilə bütün dünyada yayımlandı.
Beləliklə, dünya, Mosulu nəzarəti altına aldıqdan sonra cümə xütbəsi ilə "İslam Dövləti" qurduğunu və xəlifə olduğunu elan edən şəxslə tanış oldu. Özünü "Xəlifə İbrahim" elan edən şəxs Əbu Bəkir əl-Bağdadi idi. Əsl adı İbrahim Avvad İbrahim Əli əl-Bədri Samarayi olan şəxsin bir müddət öncəyədək mətbuatda yalnız bir fotosu vardı. Həmin şəkil də polkovnik Kenneth Kinqin komandiri olduğu “Camp Bucca” həbsxanasında çəkilmişdi.
Dünyanın həbsxanada çəkilmiş şəkillə, amerikalı polkovnik Kinqin isə “Sizinlə artıq Nyu-Yorkda görüşərik” sözü ilə tanıdığı Bağdadi 1971-ci ildə İraqda sünnilərin kompakt yaşadığı Samirə şəhərində dünyaya gəlib. Onun şəxsiyyətinin formalaşdığı illər isə İraqın paytaxtı Bağdaddakı Tobçi səmtində yaşadığı dövrlərə təsadüf edir. Ali təhsil üçün paytaxta köçən İbrahim Əli əl-Bədri İslam Universitetində dini təhsili alıb.
İslam Universitetində doktoranturada təhsil alan və bir müddət müəllim kimi çalışan Bağdadinin keçmişi barədə onun o dövrlər yaxın dostu olmuş Əbu Əli İngiltərənin “The Telegraph” qəzetinə danışıb. Dostunun sözlərinə görə, universitet tələbəsi olduğu vaxtlarda İbrahim Əli əl-Bədri Bağdadda sünni və şiələrin birlikdə yaşadığı Tobçi səmtində bir məscidə bitişik təkotaqlı evdə yaşayıb. Kirayədə qalan Bağdadinin ev sahibi həmin məscidin imamı olub. 2004-ci ilə qədər - 10 ildən çox Tobçidə yaşayan İbrahim Əli əl-Bədri ətrafdakı insanlar tərəfindən utancaq, gözə batmayan bir din alimi kimi xarakterizə olunurmuş. İmamın olmadığı zamanlarda camaata namaz qıldıran Bağdadinin ən çox önə çıxan tərəfi isə Tobçi futbol komandasında göstərdiyi oyun olub.
Əbu Əli bir zamanlar dostu olan Bağdadinin yaxşı futbol oynadığını qeyd edib: “O, bizim komandanın, məhləmizin Messisi idi. Lakin onun böyük din adamı olduğuna və ətrafındakıları məhz dini biliklərinə görə özünə cəlb etdiyinə inanmıram”.
Gələcəkdə Mosulda özünü "Xəlifə İbrahim" elan edəcək olan İbrahim Əli əl-Bədrinin Tobçi səmtindəki macərasına bir mübahisə ilə son qoyulub. Belə ki, məscid imamı camaat tərəfindən də sevilən Bağdadini özünün mənsub olduğu İslam Partiyasına üzv etmək istəyib. O dövrdə sələfilərlə əlaqəli olduğu iddia edilən Bağdadi “Allahın qanunlarına qarşı olduğu üçün” bu dəvəti qəbul etməyib. Bundan sonra hirslənən məscid imamı İbrahim Əli əl-Bədrini evindən qovub. Əbu Əli hesab edir ki, məhəllənin “utancaq dindarı” əl-Bədrinin cihadçılarla tanış olmasına məhz bu hadisə səbəb olub. Daha sonra Əbu Bəkir əl-Bağdadi adını alaraq İŞİD-ə rəhbərlik etməyə başlayan İbrahim Əli-əl-Bədrinin ondan intiqam alacağından qorxan məscid imamı ailəsi ilə birlikdə xaricə qaçıb və bir daha geri dönməyib.
“Telegraph” qəzetinə İŞİD lideri Bağdadi ilə bağlı məlumat verən digər bir şəxs isə onun universitet illərindən yoldaşı olmuş Əhməd əl-Dabaşdır. ABŞ-ın 2003-cü ildə İraqa girməsindən sonra işğalçı qüvvələrə qarşı mübarizə aparan "İraq İslam Ordusu" təşkilatına liderlik edən əl-Dabaş İslam Universitetindən tanıdığı Bağdadini bu sözlərlə təsvir edir: “Onu Bağdadda İslam Universiteti illərindən tanıyıram. O qədər də yaxın yoldaş deyildik. Amma eyni dərsləri alırdıq. Sakit və səbirli birisi idi. Zamanının çoxunu təkbaşına keçirirdi. Bütün üsyançı liderləri fərdi olaraq tanıyırdım”.
Bağdadinin cihadçılarla necə ünsiyyət qurduğu dəqiq bilinmir. Bu mövzudakı ən inandırıcı ssenarini isə iraqlı terror mütəxəssisi Hişham əl-Haşimi verir. O, hesab edir ki, Bağdadini cihadçılarla birləşdirən, onları bir araya toplayan məhz ABŞ olub. 2005-2009-cu illərdə Um Karsdakı “Camp Bucca” adlı ABŞ həbsxanasında dustaq həyatı yaşayan Bağdadi 26 min digər məhbus kimi ağır işgəncələrə məruz qalıb. O, ABŞ işğalına qarşı çıxdığı üçün həbs olunub. Ancaq 4 illik məhbusluğu dövründə özünü heç də üsyançı kimi aparmayıb.
ABŞ-ı, Avropanı, İranı, kürdləri və hətta Əsədi eyni cəbhədə “görüşdürən” İŞİD-lə bağlı maraqlı bir məqalə İranın ingilis dilində yayımlanan "Press TV" internet saytında nəşr olunub. “Əbu Bəkir əl-Bağdadi kimdir?” başlıqlı məqalənin müəllifi, İslam və ərəb dünyası ilə əlaqədar araşdırmalarıyla tanınan Kevin Barret hesab edir ki, İŞİD, həmçinin onun lideri Əbu Bəkir əl-Bağdadi ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) və İsrail kəşfiyyat təşkilatı MOSSAD-ın ortaq istehsalıdır. Barretin fikrincə, Mərkəzi Kəşfiyyat İdarəsi "Camp Bucca"da 4 il boyunca İŞİD lideri Bağdadiyə xüsusi maraq göstərib. Böyük ehtimalla, İŞİD lideri 4 il ərzində Mərkəzi Kəşfiyyat İdarəsinin “beyin yuma” proqramının təsirində olub. MKİ-nin 1950-ci ildən etibarən “MK Ultra” adlandırdığı “beyin yuma” proqramının üzərində işlədiyini və hər ötən gün bu sistemi daha mükəmməl hala gətirdiyini iddia edən Barret qeyd edir ki, ABŞ kəşfiyyatı 1968-ci ildə senator Robert F. Kennedini “beyin yuma” üsulu ilə öldürüb. Bu iddia ilə çıxış edən Barretin qənaətinə görə, MKİ İŞİD və onun lideri Bağdadi üzərində də özünün “beyin yuma” proqramını sınaqdan keçirib. Berret hesab edir ki, özünü "İslam xəlifəsi" elan edən Əbu Bəkir əl-Bağdadi 1978-ci ildə Constaunda 911 müridilə birlikdə intihar edən rahib Jim Jonesin İslam versiyasıdır.
Bağdadinin kim olduğu və cihatçılarla necə əlaqə qurduğuyla bağlı başqa bir məqalə isə "Bruce Riedel" imzasıyla "al-monitor.com" saytında yayımlanıb. Riedelin iddiasına görə, İraq “Əl-Qaidə”sini quraraq İŞİD-in təməlini atan iordaniyalı radikal islamçı Əbu Musab əl-Zerkavi ilə Əbu Bəkir əl-Bağdadi qısa müddət ərzində yaxın dostluq əlaqələri qurublar: “ABŞ-dakı 11 sentyabr hadisəsindən sonra Əfqanıstanı işğal etməsiylə Zerkavi və Bağdadi qaçıb İraqa gediblər”.
Riedelin fikrincə, ABŞ-ın iki hücumu Əbu Bəkir əl-Bağdadinin İŞİD daxilində sürətlə yüksəlməsinə səbəb olub. ABŞ-ın işğalı dövründə İraqda törətdiyi qırğınlarla hətta “Əl-Qaidə” lideri Usamə Bin Ladenin belə diqqətini özünə cəlb edən iordaniyalı Əbu Musab əl-Zerkavi 2006-ci ildə hava hücumu zamanı öldürüldü. Bundan sonra İraq “Əl-Qaidə”sinin liderliyinə Zerkavinin yerinə Əbu Ömər əl-Bağdadi gətirildi. Zerkavinin öldürülməsindən sonra xeyli zəifləyən təşkilata 2010-ci ilə qədər Əbu Ömər əl-Bağdadi rəhbərlik etdi. Lakin o da Zerkavi kimi ABŞ hava hücumu zamanı öldürüldü. Yeni lider seçmək üçün İraqın şimalındakı Nineva bölgəsində toplanan İraq “Əl-Qaidə” Şurası Əbu Bəkir əl-Bağdadini yeni rəhbərləri elan etdi.
İraq “Əl-Qaidə”si lideri olan Əbu Bəkir əl-Bağdadi ABŞ əməliyyatında öldürülən Usamə Bin Laden və onun yerinə seçilən Ayman əl-Zəvahiridən fərqli taktika seçdi. Belə ki, Bağdadi, Bin Laden və əl-Zəvahiri kimi görüntülü ismarıc yayınlamır, fotoşəkil çəkdirmirdi. Yığıncaqların çoxunda da üzü bağlı şəkildə iştirak edirdi. Bu rəftarı Bağdadiyə "Görünməz Şeyx" ləqəbini qazandırdı. Artıq o, düşmənləri tərəfindən belə təriflənirdi. Məsələn, Amerikanın “Washington Post” qəzetinin köşə yazarı David İgnatius Bağdadi barəsində "O, “Əl-Qaidə” lideri Usamə Bin Ladenin həqiqi vəliəhdidir” deyib.
İŞİD-in “Əl-Qaidə”dən daha böyük bir təhlükəyə çevrilməsində Suriyadakı vətəndaş müharibəsi böyük rol oynadı. Zerkavinin öldürülməsindən sonra İraqda bir qədər zəifləməyə başlayan təşkilat 2011-ci ildə Suriyada qarşıdurmaların başlamasıyla üzünü bu ölkəyə çevirdi. 2011-ci ilin yazında 8 silahlı tərəfdarı xüsusi bir missiya çərçivəsində İraqdan Suriyaya keçdi. Qrupa Əbu Məhəmməd əl-Culani liderlik edirdi. Bağdadi Culaniyə Suriya “Əl-Qaidə”sini qurmaq barədə əmr vermişdi. Suriyada “Əl-Qaidə” ilə əlaqəli olan “Əl-Nusra” Cəbhəsini yaradan radikal islamçı Əbu Məhəmməd əl-Culani təşkilatın İraqdakı üsullarının heç birini Suriyada həyata keçirmədi. Qəddarlıqdan uzaq duran tərəfdarlar özlərini insani yardım fəaliyyətlərinə həsr etdilər. Azad Suriya Ordusu kimi müxalif qruplar Əsəd rejiminə qarşı döyüşdüyü vaxt “Əl-Nusra” üzvləri qarşıdurmalardan uzaq dayanır və ölkədəki zəngin qaynaqları ələ keçirmək üçün əlverişli məqamı gözləyirdilər. 2013-cü ilin aprel ayında isə Əbu Bəkir əl-Bağdadi Suriyadakı “Əl-Nusra” Cəbhəsinin idarəsini ələ keçirmək üçün “Əl-Qaidə” lideri Ayman əl-Zəvahirini hövsələdən çıxaran bir açıqlama verib. Özünü İraq və Suriyadakı “Əl-Qaidə”nin lideri elan edən Əbu Bəkir əl-Bağdadi İraq Şam İslam Dövlətini (İŞİD) qurduğunu bəyan edib. Onun liderliyini rədd edən “Əl-Nusra” Cəbhəsinin rəhbəri Əbu Məhəmməd əl-Culani əl-Zəvahirinin dəstəyini aldı. Elə həmin vaxtdan İŞİD-lə “Əl-Qaidə”nin yolları ayrıldı, “Əl-Nusra” Cəbhəsi isə iki hissəyə parçalandı.
Suriyada Əsəd qüvvələri ilə döyüşdən uzaq duran İŞİD-ə təkcə Avropa ölkələrindən 3 min əcnəbi döyüşçü qatılıb. Qısa müddətdə Suriyada 8 min silahlı döyüşçü toplayan İŞİD İraqdakı 15 min tərəfdarı ilə birlikdə orta ölçülü bir orduya çevrildi. Suriyada “qara bazar”da satdığı neftdən gündə 1 milyon dollar gəlir əldə edən İŞİD Körfəz ölkələrindən gələn maddi yardımlarla silah gücünü xeyli artırmağa müvəffəq oldu. Ötən ilin fevral ayında İraqda sünnilərin sıx yaşadığı Fəlluca şəhərini ələ keçirən İŞİD iyun ayında bir güllə atmadan Mosula sahib oldu. Daha sonra Kərkük və ətrafındakı qəsəbələrə, kəndlərə hücum edən İŞİD yezidiləri qətlə yetirdi. Yezidi kişiləri öldürən, qadınlarını isə bazarda qul kimi satan İŞİD-ə qarşı başda ABŞ olmaqla bir sıra Qərb dövlətləri cəbhə almaq məcburiyyətində qaldı. İraqda hələ də Mosul şəhərini əlində saxlayan İŞİD sürətli şəkildə taktika dəyişdirərək Suriyanın Kobani şəhərində kürdlərə hücum etdi. Bu hücumdan sonra təxminən, 200 min kürd qaçqın Türkiyəyə sığınmaq məcburiyyətində qaldı.
Bu arada, İŞİD lideri Əbu Bəkir əl-Bağdadinin Suriyada müxalif gücləri birləşdirərək onları Əsəd rejiminə qarşı tək güc halına gətirməyi hədəflədiyi iddia edilir. Bağdadinin bu planı çərçivəsində “Əl-Qaidə” ilə əlaqəli olan “Əl-Nusra” Cəbhəsi ortaq hərəkət etmək üçün İŞİD-lə gizli danışıqlara gedib. İddiaya görə, İŞİD lideri Suriyada Əsəd rejimini devirdikdən sonra digər planını reallaşdırmağa çalışacaq. Hələ ki, bu barədə bir o qədər də məlumat verilməsə də, görünən odur ki, İŞİD-in İraq və Suriyadakı fəallığından təsirlənən ərəb ölkələrindəki digər radikal islamçılar sürətlə “Əl-Qaidə”dən uzaqlaşaraq Bağdadiyə biət edirlər. Məsələn, "Ərəb Baharı"nın təsirilə rejim dəyişikliyi yaşayan Misir, Tunis və Liviya kimi ölkələrdə silahlı radikal islamçı qrupların bir hissəsi artıq İŞİD liderinə sədaqət andı içiblər. Bundan başqa, müsəlman əhalinin sıx yaşadığı Sudan, Nigeriya və Eritreya kimi Afrika ölkələrində bu gün “Əl-Qaidə” zəifləyir, İŞİD isə daha da güclənir. Bütün bunlar bir daha onu təsdiqləyir ki, İŞİD artıq bütün dünya dövlətləri üçün real təhlükə mənbəyinə çevrilib. Odur ki, onun tez bir zamanda zərərsizləşdirilməsi gərəkdir.
Vazeh Bəhramoğlu
-
MDB21:48
Qazaxıstanda Xəzərə çələnglər buraxıldı - FOTO
-
Hadisə21:24
Həlak olanların nəşi Aktaudan Vətənə gətirildi
-
MDB20:36
Aİİ sammitində Lukaşenko və Paşinyan arasında CİDDİ MÜBAHİSƏ - VİDEO
-
İdman20:24
Bir döyüşə görə 100 milyon qazanıb: 100 dollarlıq saxta saat taxır - VİDEO
-
Sosial19:20
Ramiz Tatarov azadlığa çıxdı
-
İdman18:12
Təyyarə qəzasında vəfat edən 13 yaşlı Məhəmmədəli futbolçu imiş
-
Sosial17:40
“Qara qutu"nun incələnməsinə başlanıldı
-
Sosial17:10
Əli Əsədov daha bir qərar imzaladı