Dünya
“Putin Allah deyil, amma ona toxunmaq olmaz” – Qorbaçovdan geosiyasi AÇIQLAMA
SSRİ-nin keçmiş prezidenti Mixail Qorbaçov Almaniyanın “Der Spiegel” nəşrinə müsahibə verib.
Publika.az xəbər verir ki, Qorbaçov Rusiya prezidenti Vladimir Putinin idarəçiliyi və Kremlin mühafizəkar kursu ilə bağlı tənqidi fikirlərini səsləndirib.
O qeyd edib ki, yeni “soyuq müharibə”nin bütün əlamətlərini görür. Qarşılıqlı etibarın faciəli şəkildə itdiyini deyən Qorbaçov hesab edir ki, yaranmış vəziyyətdə hamı zərər görə bilər. “Moskva Qərbə inanmır, Qərb Moskvaya inanmır. Bu dəhşətlidir” deyən siyasətçinin sözlərinə görə, Avropada yenidən böyük müharibənin başlayacağı barədə hətta düşünmək belə olmaz: “Belə bir müharibə nüvə müharibəsi ilə nəticələnəcək. Əgər kimsə bu gərgin atmosferdə əsəblərini cilovlaya bilməsə, ən yaxın illərə çıxmayacağıq”.
Almaniyalı jurnalist siyasətçiyə Rusiyanın yeni hərbi doktrinası barədə sual verib. Qorbaçov hesab edir ki, NATO-nun Şərqə doğru genişlənməsi Helsinki Yekun Aktının pozulması deməkdir. O həmçinin əlavə edib ki, NATO-nun Şərqə doğru genişlənməsi bütün Avropa ölkələri üçün “soyuq müharibə”nin keçmişdə qalacağını nəzərdə tutan Paris xartiyasından geri çəkilmə anlamına gəlir.
“Rusiyanın təkliflərinə, xüsusən keçmiş prezident Dmitri Medvedevin təhlükəsizliyin yeni arxitekturasının yaradılması barədə çağırışlarına Qərb ədəbsizcəsinə əhəmiyyət vermədi. Nəticəsini isə biz indi müşahidə edirik”, - Qorbaçov deyib.
Keçmiş prezident Putinin Rusiyanı dağılmaqdan xilas etdiyini, amma vaxtilə onun üçüncü dəfə prezident seçkilərinə getməsinə qarşı çıxdığını xatırladıb: “Rusiya demokratiya yolunun yalnız yarısını gedə bilib. İndi isə yolun ikinci yarısını qət etmək lazımdır. Amma təəssüf ki, Kreml mühafizəkar xətt yürüdür və mən bunu böyük səhv hesab edirəm. Mən bilmirəm ki, Putinin ağlında nə var. Amma demokratiyasız və ölkənin həyatında xalqın iştirakı olmadan biz uzaqa gedə bilməyəcəyik. Azad seçkilər və siyasi prosesdə insanların iştirakı lazımdır. Olmaz ki, hansısa qanunu səhər müzakirə etməyə başlasınlar, axşam onu qəbul etsinlər. Amma bu baş verir. Mən hesab edirəm ki, başqa cür düşünənlərin boğulması tamamilə yanlışdır. Məsələn, müxalifətçi blogger və siyasətçisi Aleksey Navalnı ev dustağıdır. Ona görə ki, o, ağzını açmağa cürət etdi. Hökumət və dövlət korporasiyalarındakı postları dostluq əlaqələrinə görə paylamaq olmaz. Amma bu, bizdə baş verir”.
Qorbaçov noyabr ayında Putinlə bağlı söylədiyi fikirləri yenidən söyləyib: “Mümkündür ki, Putin özünü hətta Allaha bərabər hesab edir. Amma, əlbəttə ki, Putin Allah deyil”.
Qorbaçov hesab edir ki, Sovet İttifaqı qalsaydı, daha yaxşı olardı. Onun fikrincə, SSRİ-nin sürətlə dağılması Ukrayna münaqişəsinin dərin səbəblərindən biridir: “Yenidənqurmanın rəqibləri hakimiyyətə iddia etdilər, amma Sovet İttifaqını dağıtdılar. Və onlar islahatları zəiflətdilər. Məndən sonra hakimiyyətə gələn Boris Yeltsin ölkə üçün şok terapiyasını “yazdı”. Rusiya bundan indiyə qədər əzab çəkir. Məndə islahatlar proqramı var idi. Sovet İttifaqı əsl ittifaq deyildi. Respublikalarda yalnız məhdudlaşdırılmış azadlıq və səlahiyyətlər var idi. Mən buna görə də islahatların aparıldığı ittifaq müqaviləsini hazırladım. Onun 20 avqust 1991-ci ildə imzalanması planlaşdırılmışdı”.
SSRİ-nin keçmiş prezidenti NATO-nin Şərqə genişlənməsi, sonra isə BMT Təhlükəsizlik Şurasının razılığı olmadan NATO-nun Yuqoslaviyadakı vətəndaş müharibəsinə qarışmasının geosiyasi hadisələr üçün presedent olduğunu bildirib: “Bütün bunlar Rusiyanın cavab reaksiyasına gətirib çıxardı. Kreml baş verənlərə məhəl qoymaya bilməzdi”.
Qorbaşov iddia edib ki, Almaniya Avropanın yenidən bölüşdürülməsində iştirak etmək istəyir: “Ukraynada dərhal barışıq elan etmək lazımdır. Sonra isə dağıdılmış regionların bərpası üzrə beynəlxalq proses başlanmalıdır. Almaniya artıq İkinci Dünya Müharibəsi zamanı öz təsir sahəsini Şərqə doğru genişləndirməyə çalışıb. Ona daha hansı dərs lazımdır? Putin 2007-ci il Münhen təhlükəsizlik konfransında aydın şəkildə göstərdi ki, Rusiya üçün “qırmızı xətlər” haradan keçir. Bildirdi ki, NATO-nun onun sərhədlərinə yaxınlaşması ilə razı deyil. Məndə belə bir təəssürat var ki, alman xalqı Putini daha yaxşı anladı, nəinki alman elitaları. Və Putindən qurtulmağa cəhd etmək lazım deyil. Bu, səhv olardı. Bu, son dərəcə mənasız olardı və son dərəcə təhlükəlidir. Putin səlahiyyətləri başa çatana kimi öz postunda qalmalıdır. Amma təəssüf ki, almanlarda bu məsələdə bir qədər başqa konsepsiya var. Onlar sanksiyaları rusların küçələrə çıxmasına və Putini devirməsinə qədər sərtləşdirmək niyyətindədirlər”.
Ömər Dağlı
-
ABŞ09:24
Bayden Suriyadakı fövqəladə hadisələrə REAKSİYA VERDİ
-
Ekologiya07:17
Bu gün yağış yağacaq
-
Magazin106:46
Vüsaləyə 1000 manatlıq hədiyyə göndərdilər - VİDEO
-
Sosial04:44
Anası şəhid oğlunun məzarı başında hansı sirri öyrənib? - VİDEO
-
Sosial04:14
Göyçayda asfaltın ortasında alov əmələ gəldi - VİDEO
-
Magazin203:43
“Polis akademiyası”nın prodüseri vəfat etdi - FOTO
-
Sosial00:15
Deputatların rəqsi gündəm oldu - VİDEO
-
Qoroskop00:00
Günün ULDUZ FALI - Münaqişəyə səbəb ola bilərsiniz