Azərbaycanda italyan dili sevgisi: tədris və maraq nə yerdədir?
Bizi izləyin

Elm və təhsil

Azərbaycanda italyan dili sevgisi: tədris və maraq nə yerdədir?

26 Sentyabr - Avropa Dillər Günüdür. Bu əlamətdar tarix hər il Avropada qeyd olunur. Avropa Dillər Gününün təsis olunmasında əsas məqsəd qitədə dil öyrənməyin təşviq edilməsidir.

Azərbaycanda da Avropa dillərinə böyük sevgi var. Son illərdə bu məhəbbət daha da yüksəlməyə başlayıb. Demək olar ki, əksər gənclər müxtəlif məqsədlərlə hansısa bir, hətta iki və ya bir neçə Avropa dilini öyrənməyə çalışır.

Publika.az günün əhəmiyyətini nəzərə alaraq, ölkəmizdə Avropa dillərindən biri olan italyan dilinə münasibəti işıqlandırmağa çalışıb. Bununla əlaqədar, AMEA-nın doktorantı, DİM-in italyan dili üzrə eksperti, Azərbaycanda CİLS (İtalyan dilində Xarici Dil kimi Beynəlxalq Yetərlilik Sertifikatı) üzrə yeganə məsul imtahançı, AZMİU-nun baş müəllimi, ADA Universitetinin müəllimi Emiliya İbrahimova və Azərbaycan Milli Konservatoriyasının italyan dili müəllimi, "İtalyan dili, addım-addım" dərsliyinin müəllifi Ləman İsmayılova suallarımızı cavablandırıb.

Müsahibəni təqdim edirik:

- Ölkəmizdə italyan dilinə maraq hansı səviyyədədir?

İ.Emiliya: 1997-ci ildə İtaliya Respublikasının Azərbaycanda səfirliyi açıldıqdan sonra ilk italyan dili kursları fəaliyyətə başladı. Demək olar ki, həmin vaxtadək Azərbaycanda Xarici İşlər Nazirliyinin əməkdaşlarından başqa italyan dilli mütəxəssis yox idi. O dövrdə İtaliya səfirliyi dil öyrənmək üçün İtaliya universitetlərinə (Siena və Perugia) üz tutan Azərbaycan vətəndaşlarına təqaüdlər ayırdı.

Bu gün isə biz əminliklə deyə bilərik ki, Azərbaycanda italyan dili müxtəlif səviyyələrdə çox yaxşı təmsil olunur. Bu, italyan dilinə və italyan mədəniyyətinə böyük marağın olduğunu göstərir. Əsas amil isə İtaliyanın müxtəlif sahələrdə Azərbaycanın əsas tərəfdaşı olmasıdır.

İ.Ləman:

Nəzərə alsaq ki, 10 ilə yaxındır, bu sahə üzrə fəaliyyət göstərirəm, ötən illərə nisbətən ölkəmizdə italyan dilinə marağın artdığını müşahidə edirəm. Bunu daha çox texnologiyaların inkişafı ilə, sosial şəbəkələrdə xarici dillərlə bağlı səhifələrin yaradılması ilə əlaqələndirirəm. Əlbəttə ki, bu nikbin mənzərə bizi sevindirir.

- İtalyan dilini öyrənməyin ən asan yolu nədir?

İ.Emiliya:

Vurğulamaq istərdim ki, italyan dili öz quruluşuna, melodiyasına və gözəlliyinə görə mürəkkəb bir dil deyil. Ancaq buna baxmayaraq, dil öyrənməyə ciddi yanaşmaq lazımdır və asan yollar yoxdur. Hər bir dil onun bütün bölmələrinin metodik öyrənilməsini tələb edir. Lakin dili öyrənmək üçün musiqi dinləmək, filmlərə baxmaq, oxumaq və səyahət etmək lazımdır.

İ.Ləman:

Aydındır ki, hər hansı bir peşəyə yiyələnmək istəyiriksə, mütləq müəyyən çətin yollardan keçməli oluruq. Bu vəziyyət xarici dillə bağlı da eynidir. Sadəcə səbrli olmaq lazımdır. Bir də ki, hər kəs müxtəlif öyrənmə üsullarından istifadə edir. Hər tələbənin də qavrama qabiliyyəti eyni deyil. Bunu nəzərə alaraq, sualınıza daha dəqiq cavab vermək bir az absurd olar. Ancaq əlbəttə ki, müasir texnologiyalardan yararlanaraq, istənilən dili öyrənmək olar. Bundan əlavə, maddi imkan yol verirsə, öyrəndiyimiz dilin ölkəsinə səyahət etməyimiz də vacibdir.

- İtalyan dilini kursa getmədən, təkbaşına öyrənmək mümkündürmü?

İ.Emiliya:

İstənilən dili öyrənmək üçün ilk növbədə istək, motivasiya və məqsədlər, ən əsası isə zəhmət lazımdır. Təbii ki, hər kəs dil öyrənməyə təkbaşına başlaya bilər, lakin müəyyən mərhələdə peşəkar dəstəyinə ehtiyac yaranır, çünki bu istiqamətdə xüsusi təlim keçmiş insanların bildiyi bir çox nüanslar var.

İ.Ləman:

Bəli, əlbəttə, mümkündür. Düşünürəm ki, başqa xarici dillərə nisbətdə italyan dilini öyrənmək daha rahatdır. Yəni hər kəs heç bir müəllim yanında hazırlaşmadan bu dili öyrənə bilər.

- İtalyan dilini hansı yaşda öyrənməyə başlamaq daha məsləhətlidir?

İ.Emiliya:

Hesab edirəm ki, istənilən yaşda nəyisə öyrənmək olar. Lakin dil öyrənməklə bağlı başqa düşüncədəyəm. Məncə, xarici dilləri erkən yaşlarda öyrənməyə başlamaq lazımdır.

İ.Ləman:

Təbii ki, uşağın 3 yaşınadək öz ana dilini öyrənməsi daha məsləhətlidir. Lakin 2 dildən istifadə edən ailələr də var ki, onların övladları hər iki dildə çox gözəl danışırlar. Bir də deyirlər ki, 10 yaşına qədər insanın dil öyrənməyi daha rahat olur. Mənə görə isə dil öyrənmənin yaşı yoxdur. İnsan özündə o öyrənmə qabiliyyətini görürsə, heç vaxt gec deyil. Təbii ki, italyan dilinin də digər dillər kimi çətinliyi var. Lakin yuxarıdakı sualınıza cavabımda qeyd etdiyim kimi, məsələn, ingilis dilinə nisbətdə italyan dilindəki sözlərin tələffüzü daha sadədir. Bu dildə bir italyanla rahat şəkildə ünsiyyət qura bilərik.

- Sizcə, ölkəmizdə fəaliyyət göstərən orta ümumtəhsil məktəblərində italyan dilinin tədrisi vacibdirmi?

İ.Emiliya:

Azərbaycanda bəzi özəl məktəblər var ki, orada italyan dili ayrıca fənn kimi tədris olunur. İstərdim ki, bu cür məktəblərin sayı çoxalsın.

İ.Ləman:

Bildiyiniz kimi, Azərbaycanla İtaliya arasında əlaqələr gündən-günə möhkəmlənir. Bunu nəzərə alsaq, təkcə ali təhsil müəssisələrində deyil, eyni zamanda, orta məktəblərdə də italyan dilinin tədrisini vacib sayıram. Bunun gerçəkləşməsi gələcəkdə İtaliyanın ali məktəblərində təhsil almaq istəyən gənclər üçün bir "can rahatlığı" olar. Çünki artıq məktəb illərindən italyan dilini bildiklərinə görə, kurslara getməli, pul xərcləməli olmayacaqlar və s.

- İtalyan dili ölkəmizdə "qazanclı" dildirmi?

İ.Emiliya:

Azərbaycanda istər dövlət səviyyəsində, istərsə də özəl sektorda çoxlu firma və müəssisələr olduğundan bu dildə danışan mütəxəssislərə ehtiyac var. Ona görə də italyan dilinin gəlirli dil olduğunu düşünürəm.

İ.Ləman:

İlk növbədə qeyd edim ki, italyan dilini öyrənməklə yalnız bir xarici dili bilmiş olmuruq, həmçinin başqa bir ölkənin mədəniyyətini də mənimsəyirik. İkincisi, dili daha yaxşı öyrənib, ölkəmizdə həm tərcüməçi kimi, həm müəllim kimi çalışa, o cümlədən İtaliya şirkətlərində fəaliyyət göstərə bilərik. Yəni italyan dili bizə həm maddi, həm də mənəvi qazanc gətirə bilər.

- "3 i" - ingilis dili, italyan dili və ispan dili - sizcə bir azərbaycanlıya bu 3 Avropa dillərindən hansını bilmək ona yaxın gələcək üçün daha yaxşı perspektivlər vəd edir?

İ.Emiliya:

İngilis dili hamılıqla tanınan beynəlxalq ünsiyyət dilidir və bütün dünyada ondan istifadə edilir. Azərbaycanda da həmçinin. İspan dilinə gəlincə, artıq təhsil müəssisələrində bu dilin də tədrisinə başlanılıb. Bir italyan dili mütəxəssisi kimi, təmsil etdiyim dilin də ölkəmizdə geniş yayılmasını istərdim. Çünki italyan dili bir çox uğurların açarıdır.

İ.Ləman:

Kanadalı psixolinqvist Frank Smitə məxsus belə bir aforizm var. Bir dili bilmək ömrün boyu sənə bir dəhlizi, iki dil isə yol boyu üzünə bütün qapıları açar. Bu aforizm mənim əsas həyat devizlərimdən biridir. Aydındır ki, sadaladığınız hər 3 Avropa dili cox perspektivlidir.

Bildiyiniz kimi, İtaliya dünyanın biznes mərkəzidir. Orada moda, avtomobil, elektronika və zərgərlik ölkənin ən mühüm sənaye sahələrindəndir. Bu səbəbdən də düşünürəm ki, italyan dilində danışa bilmək sahibkarlarımıza özlərinə yeni biznes tərəfdaşları tapmaq və investisiya imkanları üçün bir yol ola bilər.

Biznesden əlavə, İtaliya İntibah dövrünün, operanın, dadlı təamları ilə zəngin olan mətbəxin, eyni zamanda, Leonardo da Vinçi, Mikelancelo və Fellini kimi görkəmli şəxsiyyətkərin vətənidir. Belə bir ölkəyə səyahət edərkən o gözəl mədəniyyəti daha yaxından hiss etmək, onu dərk etmək, italyanca başa düşmək, danışmaq bizim üçün faydalı olacaqdır.

Qısacası, digər dillərlə yanaşı, italyan dilini bilmək insana bir çox üstünlüklər bəxş edir, onu başqalarından fərqləndirir.

Mehti Kamiloğlu

Məqalə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin (MEDİA) maliyyə dəstəyi ilə “Elmi-kütləvi, mədəni-maarif, təhsil proqramlarının hazırlanması” istiqaməti üzrə hazırlanıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm