Regionların dövlət büdcəsində payını necə artırmalı?
Bizi izləyin

İqtisadi gündəm

Regionların dövlət büdcəsində payını necə artırmalı?

Regionların dövlət büdcəsində payını necə artırmalı?

Ölkənin iqtisadi potensialının çox hissəsinin Bakıda cəmləşdiyi yaxşı məlumdur. Hələ illər öncə, Yaponiyanın Azərbaycandakı keçmiş səfiri mətbuata açıqlamasında təxminən bu mövzuda açıqlama vermişdi: əvvəlcə Bakı küçələrində şütüyən bahalı avtomobilləri və şəhərimizin ümumi mənzərəsini görərkən onda ölkəmizin bütövlükdə inkişaf etdiyi təəssüratı yaransa da, az sonra regionlara səfərləri nəticəsində bunun əksini müşahidə edib.

Doğrudur, Yaponiya təmsilçisinin söylədiyi bu fikirlərdən sonra keçən müddət ərzində regionlarımız sosial-iqtisadi cəhətdən müqayisəolunmaz dərəcədə inkişaf edib. Belə ki, regionların sosial-iqtisadi inkişafına dair iki Dövlət Proqramının icrası nəticəsində bölgələrimizin siması inanılmaz şəkildə dəyişib. Bununla belə, sona yetmiş hər iki hökumət proqramının uğurla icrasına rəğmən, dövlət büdcəsinin hələ də 95 faizdən çoxu məhz paytaxtımızdan əldə edilən gəlirlər hesabına formalaşır. Çünki sənaye istehsalının 90 faizi Bakı şəhərində yerləşir. Milli Məclisin İqtisadi siyasət komitəsinin sədri Ziyad Səmədzadə də keçən ilin büdcəsinin icra yekunlarına dair açıqlamasında qeyd edib ki, təkcə 2013-cü il ərzində ölkəmizin ümumi iqtisadi inkişafında regionların payı xeyli artıb. Və bu, bilavasitə icrası məhz keçən il başa çatmış regionların sosial-iqtisadi inkişafına dair 2009-2013-cü illəri əhatə edən ikinci Dövlət Proqramının nəticəsində əldə olunub.

Ümumiyyətlə, Z. Səmədzadənin sözlərinə görə, həm adı çəkilən, həm də əvvəlki 2004-2008-ci illəri əhatə edən Dövlət Proqramlarının icrası nəticəsində regionlarda istehsal səviyyəsi 3,2 dəfə; sənaye məhsulları 3,1; rabitə xidməti 6,1; hesabat dövrü üzrə vergilərin yığımı isə 14,2 dəfə artıb. Artıq Sumqayıt, Mingəçevir və Şirvan şəhərləri, o cümlədən Abşeron, İmişli rayonları öz xərclərini yığdıqları vergilər hesabına maliyyələşdirir.

Ancaq bütün bunlar, nə az, nə çox, düz, 10 il ərzində əldə olunub. Bu on il də daha çox dövlət büdcəmizin gəlirlərinin neftlə əlaqədar hər il artması ilə əlamətdar olub. Yəni, rayon və bölgələri maliyyələşdirməklə bağlı heç bir problem olmayıb, əksinə, regionları daha geniş subsidiyalaşdırmaq imkanları yaranıb. Elə bunun nəticəsi kimi bölgələrin inkişafı üçün müxtəlif vergi güzəştləri, lizinq xidmətləri, kredit və subsidiyalar tətbiq edilib. Bu istiqamətdə fəaliyyət hələ də davam etməkdədir. Məntiqlə yanaşsaq, əslində, daha böyük irəliləyiş əldə etmək olardı. Bu, özünü xüsusən, büdcənin formalaşmasında regionlardan gəlirlərin payının səviyyəsində göstərməli idi. Məsələn, bayaq qeyd etdik ki, 2013-cü ildə ölkəmizin ümumi iqtisadi inkişafında regionların payı xeyli artıb. Ancaq bu rəqəm həmin ilin əvvəlində cəmi 3 faiz ətrafında təşkil edirdisə, bu il dövlət büdcəmizin yerli gəlirlərinin 779 mln. manat olacağı gözlənilir ki, bu da gəlirlərin təxminən, 4,2 faizi deməkdir. Bu məbləğ Yaponiyanın bir universitetinin büdcəsindən də azdır.

Bəs, bundan sonra nə edilməlidir? Regionların inkişafında nəyə diqqət yetirilməlidir? Rayon və şəhərlərimizin özlərini maliyyələşdirməyə keçməsi üçün hansı tədbirlər həyata keçirilməlidir?

Məsələ bundadır ki, ölkəyə kənardan valyuta axınlarının getdikcə azalması dövlət büdcəsi gəlirlərinin formalaşmasında regionların payını artırmağı daha böyük zərurətə çevirir. Məlumdur ki, bu ilin büdcəsinin həcmi keçən ilkiylə müqayisədə nisbətən azdır.

Növbəti ildə də dövlət büdcəsinin həcmi əvvəlki illərlə müqayisədə daha az olacaq.

Düzdür, yaxın 2-3 ildə büdcəmizin həcminin 100 milyarda çatacağını proqnoz edənlər var. Lakin bu, regionlarsız qeyri-mümkündür. Belə ki, ya rayon və şəhərlərimiz bir-birinin ardınca özünü maliyyələşdirməyə keçməlidirlər və yaxud onlardan mərkəzi büdcəyə ödənişlərin həcmi ilbəil artmalıdır.

Təkrar edirik, keçən 10 il ərzində regionların inkişafında böyük nəticələr əldə olunub. Ümumi daxili məhsul (ÜDM) istehsalının 3,4 dəfə artması, yoxsulluğun 5,3 faizədək azalması, ölkə vətəndaşlarının dolanışıq vəziyyətinin 10 il əvvəlki ilə müqayisədə aşkar yaxşılaşması regionların sosial-iqtisadi inkişafının nəticəsidir.

Ancaq bölgələrdə işsizlik ciddi problem olaraq qalmaqdadır. Yeni yaradılan emal və sənaye tipli istehsal sahələri isə ixtisaslı kadrlar tələb etməkdədir. Regionların sosial-iqtisadi inkişafına dair 2014-2018-ci illəri əhatə edəcək növbəti Dövlət Proqramı, sözsüz ki, bölgələrin ümumi iqtisadi inkişafda payını bir az da artıracaq.

Bununla belə, ölkəmizin kənd təsərrüfatında məşğul əhali sayının 1,67 milyon nəfər təşkil etdiyi yaddan çıxarılmamalıdır ki, bu da iqtisadiyyatda məşğul əhalinin 37,9 faizi deməkdir.

Kənd təsərrüfatının ÜDM istehsalında payı isə cəmi 5,2 faizdir. Bu da onu göstərir ki, istehsala maraq azdır. Bu problemi həll etməyin yolu isə fərdi, xırda və orta səviyyəli təsərrüfat sahiblərinin sayını artırmaqdan keçir ki, bizdə də onlar torpaqdan tədricən azalmaq üzrədirlər. Bu tendensiya bir neçə il öncədən müşahidə edilir: bölgələrdə iri sənaye və emal obyektləri tikilib istifadəyə verildikcə kəndlilər muzdlu əməyə üstünlük verirlər.

Bu gün ölkədə işsizliyin səviyyəsinin birrəqəmliyə düşdüyü deyilir. Ancaq fakt bundan ibarətdir ki, yerli əmək qabiliyyətli insanlar 150-200 manatlıq işə getməyə razılaşmırlar. Bu maaşa Azərbaycana ucuz işçi qüvvəsinin gəldiyi nəzərə çarpır ki, bu da qənaətbəxş tendensiya deyil. Odur ki, məsələnin həlli yolu yenə aqrar istehsalda dayanır. Torpaq ilkin və əvəzolunmaz istehsal vasitəsi sayıldığından, nə qədər çox sayda iri sənaye müəssisələri yaradılsa da belə, o öz əhəmiyyətini itirmir.

Kənd təsərrüfatının ÜDM istehsalında payı azı 10 faizə çatdırılmalıdır ki, dövlət büdcəsindən regionlara yönəlik maliyyə azaldılsın. Vergi və müxtəlif təyinatlı güzəştlərinin, o cümlədən subsidiyalaşdırmanın ləğvi bunun üçün kifayətdir.

Elə dövlət başçısının son vaxtlar ardıcıl olaraq ən çox məhz kənd təsərrüfatının inkişafına dair sərəncamlar imzalaması da bu məqsəddən irəli gəlir.

Pərviz Heydərov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm