Köşə
Çit torbalardan asılan xatirələr: İlaxır çərşənbənin müqəddəs intizarı
Zamanın çarxı fırlandıqca, arxada qalan illər sanki dumanlı bir mənzərəyə çevrilir. Lakin elə günlər var ki, təqvim hər il hərləyib-fırlayıb gətirəndə o duman çəkilir, insanı ruhunun ən təmiz, ən səmimi dayanacağına – uşaqlığına aparır. Bu gün İlaxır çərşənbədir. Mənim üçün bu gün sadəcə qədim bir adət deyil, boynumuzdan asdığımız rəngbərəng bayram torbalarının bir küncündə gizlənən saf xatirələr toplusudur.
Yadımdadır, uşaq qəlbimizlə bu günü necə "iplə çəkərdik". Hələ günlər öncədən evlərdə bir tədarük, bir qaçhaqaç düşərdi. Analarımız bizə bayram torbaları tikərdi: kiminə bərq vuran qırmızı ipəkdən, kiminə isə ən ucuz, sadə çit parçadan... Amma o torbaların parça fərqi heç vaxt könül fərqinə çevrilməzdi. O torbalar bizim boynumuzdan asılan ən qiymətli ödülümüz, uşaqlıq dünyamızın ən böyük xəzinəsi idi.
Günorta saatlarından şər qarışana qədər kəndin küçələrinə dağılışardıq. Ayrı vaxtlarda yanından keçməyə belə hürkdüyümüz o əzəmətli dəmir darvazaları, köhnə taxta qapıları bir "fateh" cəsarəti ilə açardıq. "Pay dilənmək" deyildi bu; bu, istəməyin, ummağın ən şirin, ən müqəddəs forması idi. Evlərdən yığdığımız müxtəlif bayram təamlarını sanki bir qənimət kimi sevinə-sevinə evə daşıyardıq. Əslində çoxumuzun o paylara ehtiyacı yox idi, süfrələrimiz dolu idi. Lakin o adətin verdiyi gözəllik, o birliyin yaratdığı ab-hava hər şeydən uca idi.
Hələ o nurlu simalar... Küşvər xalanın, Dilafruz xalanın, Səltənət nənənin, Balaxanım mamanın, Muza arvadın torbama gizlincə qoyduqları o bayram yumurtaları sanki hələ də ovcumun içindədir. Bayramın ən "matax" payı sayılan o yumurtanı verib, pıçıldayardılar: "Evdə Sona nənənə deyərsən ki, filankəs xala mənə yumurta verdi". Anamın anası Sitarə nənəmin mənim üçün hazırladığı o xüsusi, səmimiyyət qoxulu paylar isə başqa bir aləm idi...
Allah hamısına rəhmət eləsin! İndi o paylar da, o insanlar da Haqq dünyasındadır, amma qoxuları hələ də xatirələrimdədir.
Gecənin qaranlığı tam çökəndə isə kəndin ritmi dəyişərdi. Nəsirli məhləsində çatılan nəhəng tonqalların alovu göylərə yüksələrdi. Qədim ağaclardan asılmış yelləncəklərdə pərvazlanan gənclərin şən sədaları kəndin sükutunu pozardı.
Və əlbəttə, o sirli "yaylıqatdı" mərasimləri... Üz-gözünü boyayıb tanınmaz hala düşən oğlanlar, uzun ağac budaqlarının ucuna bağladıqları dəsmalları qapı arasından içəri soxar, tez gizlənərdilər. Kimin ürəyində bir sevdası vardısa, dəfələrlə o qapıya gələrdi – bəlkə istədiyi qızın kölgəsini bircə anlıq görə bildi ümidi ilə... O illərin eşqi də bayramı kimi dürüst və həyalı idi.
İndi 50 yaşın zirvəsindən o illərə baxıram. Hər İlaxır çərşənbədə mən yenidən uşaqlaşıram. Xəyallarımda zaman dayanır: Anam yenə gəncdir, atam sağdır, nənələrim, babalarım, əmilərim – o bütöv, o səmimi ailə tablosu yenidən canlanır. O illərin dərinliyinə elə dalıram ki, sanki oradan çıxmaq istəmirəm. Amma heyhat, xəyal ən kiçik bir səsdən belə diksinir və sən reallığa oyanırsan. Keçmişə "getmək" olur, amma təəssüf ki, orada qalmaq olmur...
Müasirlik bizə çox şey bəxş etdi, amma sanki o köhnə səmimiyyətimizi də əlimizdən aldı. Arzum budur ki, ruhumuzdakı o "bayram torbası" heç vaxt boşalmasın. Keçmişin gözəl ənənələrinin müasirliyə qurban verilməməsi arzusuyla, hamının İlaxır çərşənbədə etdiyi arzular, tutduğu niyyətlər ÇİN OLSUN!
Gəlin bir anlıq dayanıb öz yaddaşımızın dərinliklərinə boylanaq: Bəs sizin uşaqlıq torbanızın içində hansı unudulmaz xatirə gizlənib? Sizin çərşənbəniz hansı qapının ağzında, hansı yaylığın ucunda qalıb?
Adəm Abbaslı
-
ABŞ11:43Sələfləri Trampı İran məsələsinə görə yalançı çıxartdılar: Danışmamışıq
-
Köşə10:44Çit torbalardan asılan xatirələr: İlaxır çərşənbənin müqəddəs intizarı
-
Yaxın Şərq10:38Böyük savaş: 6500-dən çox döyüş uçuşu - ABŞ İrana hücumun şok detallarını açıqladı
-
Dünya10:02Gözlər ora dikildi: Kərkük nefti yenidən Ceyhana axacaq
-
Nida Xəbər 09:50Bu ölkənin nəhəng hərbi təyyarəsi Ermənistan üzərindən Bakıya niyə uçubmuş?
-
Yaxın Şərq09:12Müctəba Xamenei ilə bağlı İrandan yeni xəbər gəldi: Tezliklə...
-
Hadisə09:00Azərbaycanda iş adamı faciəvi şəkildə öldü - Foto
-
Dünya08:24BƏƏ hava məkanını bağladı








.png)



.jpg)


.jpg)


















