Rubl dəyər itirir, manat isə... - Vüqar Bayramov
Bizi izləyin

İqtisadi gündəm

Rubl dəyər itirir, manat isə... - Vüqar Bayramov

Dünya bazarında ABŞ dolları əsas valyutalara nisbətən möhkəmlənməkdə davam edir. Son 1 ayda dollar avroya nisbətən 4 faizə yaxın dəyər qazanıb. Dünənki birjalarda dollar Avropa pulu daxil olmaqla, əksər səbət valyutalarına nisbətən son 1 ayın ən yüksək artımı ilə tamamlayıb.

Publika.az xəbər verir ki, bu sözləri Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü, iqtisadçı alim Vüqar Bayramov qeyd edib.

Onun sözlərinə görə, ABŞ dollarındakı artımlar Birləşmiş Ştatlar iqtisadiyyatı ilə bağlı pozitiv xəbərlər və proqnozlarla bağlı olmaqla yanaşı, texnoloji şirkətlərin səhmlərinin dəyərinin yüksəlməsi, valyuta və qiymətli kağızlar bazarı vasitəsi ilə istehlak malları indeksi göstəriciləri ilə əlaqələndirilir: "Digər tərəfdən, ABŞ-da sürətli vaksinasiya da dolların məzənnəsinə təsir göstərir. 335 milyon dozanın bölüşdürüldüyü Birləşmiş Ştatlarda əhalinin yarıdan çoxu artıq vaksinasiya prosesindən keçib. Dolların möhkəmlənməsi bir sıra strateji məhsullar bazarına da təsirsiz ötüşməyib. Son 1 ayda dünya bazarında qızılın qiyməti 2,8% ucuzlaşıb".

V.Bayramov qeyd edib ki, dolların dünya bazarında möhkəmlənməsi fonunda region ölkələrinin bazarında ciddi volatillik müşahidə olunmasa da, qonşu Rusiyada rubl son 1 ayda 3 faizə yaxın dəyər itirib: "Azərbaycanda üzən valyuta məzənnəsinə tam keçilmədiyi üçün manatın məzənnəsi yenə də birbaşa Mərkəzi Bankın mövqeyindən asılıdır. Ölkəyə daxil olan valyutada əsas paya malik olan neftin dünya bazar qiyməti məqbul səviyyədədir. Hazırda 1 barel "Brent" markalı neft dünya bazarında 76 dollardan baha satılır. 2021-ci il dövlət büdcəsində neftin qiyməti hər barel üçün 40 dollar nəzərdə tutulsa da, qlobal vaksinasiya səbəbindən enerji bazarında tələbin artması müşahidə olundu. Bununla yanaşı, qlobal bazarlardakı volatilliyi nəzərə alaraq Mərkəzi Bankın Azərbaycanın valyuta bazarını mərhələli şəkildə liberallaşdırması məqsədəuyğundur. Qlobal bazarlarda yeni sıçrayışlar risklərini nəzərə aldıqda uzunmüddətli dövr üçün liberal valyuta bazarı daha sığortalanmış hesab olunur".

Akqabay

Oxumağa davam et
Reklam
Reklam

Gündəm