
Respublikaçı Alternativ (REAL) Hərəkatı bu gün Milli Məclis qarşısında etiraz aksiyası keçirməyə cəhd edib.
Publika.Az-a Hərəkatın sədri İlqar Məmmədov bildirib ki, onlar "Kommersiya sirri haqqında" qanuna dəyişikliklərdən narahatdırlar.
İlqar Məmmədovun sözlərinə görə, polis aksiya iştirakçılarını ərazidən uzaqlaşdırsa da onlar mövqelərini ifadə edə biliblər: "Ümid edirik ki, tələbimiz yerinə yetiriləcək. Yerinə yetirilməsə, dəyişikliklər paketi ikinci oxunuşa çıxarılanda müəyyən addımlar atacağıq”.
REAL-ın icra katibi Natiq Cəfərli mətbuata açıqlamasında bildirmişdi ki, etirazlarla bağlı mətn hazırlanacaq və həmin mətnin Milli Məclisə çatdırılmasına çalışacaqlar.
İlqar Məmmədov isə sənədə heç bir ehtiyac görmür:
"Biz mövqeyimizi bildirdik. Xəbər saytları da mövqeyimiz barədə məlumat veriblər. Millət vəkillərimiz zəhmət çəkib həmin informasiyaları oxusunlar və tələblərimiz barədə xəbər tutsunlar”.
Qeyri-hökumət təşkilatlarının parlamentdə lobbiçilik fəaliyyətinə, onların qanunların hazırlanmasında iştirakına gəlincə, İlqar Məmmədovun sözlərinə görə, REAL-ın qanunların yaxşılaşdırılmasında yardımçı olmaq niyyəti yoxdur: "Biz siyasi təşkilatıq və etiraz doğuran qanunlar ortaya çıxanda öz mövqeyimiz bildiririk".
Ömər Əmirov
Publika.Az