İqtisadi gündəm
“Elçibəyin yerində Etibar Məmmədov olsaydı, hamını öldürərdi...”
"Bəzi nazirlər prezidenti, bütövlükdə iqtidarı tənqid edəndə yox, məhz özlərini tənqid edəndə aqressiv reaksiya verirlər"
(Müsahibənin davamı)
-“Yeni Müsavat” və “Azadlıq” qəzetləri hakimiyyəti azad sözü boğmaqda ittiham edir. Bəs, öz qəzetinizdə niyə söz azadlığına məhdudiyyət qoyulur? Sizin qəzetinizdə İsa Qəmbərin əleyhinə yazı dərc etdirmək mümkündürmü?
- Dəfələrlə mən özüm İsa Qəmbəri və Əli Kərimlini tənqid etmişəm. Biz söz azadlığını boğmuruq. İsa Qəmbər yetim malı yeməyib, yolsuzluq etməyib, rüşvət almır, onun nəyini tənqid edək? İsa bəyi iki aspektdə tənqid edirik və edəcəyik: niyə hakimiyyətə gələ bilmir? Yaxud, niyə 20 il bundan əvvəl hakimiyyətin verilməsi zamanı fəallıq göstərmədi, hakimiyyəti niyə saxlaya bilmədi? Onlar o iki nöqtə arasında tənqidə layiqdirlər: hakimiyyəti verdilər və hakimiyyətə gəlmirlər.
-Bayaq özünüz dediniz, müxalifət liderləri kabinetlərindən çıxmırlar...
-Deyirəm də, onu. Həm də yazırıq. Onlar da tənqidə çox dözümlüdürlər. Amma bəziləri dözümsüzdür. Məsələn, elə müxalifət lideri var ki, haqqında yüz dənə yaxşı yazı yaz, bir dəfə tənqid et, səhər sənə salam verməyəcək. Dərhal salamı kəsirlər. Amma İsa bəy fərqlidir. Azərbaycanda mənim üçün demokrat tipinə uyğun gələn əsas liderlərdən biri İsa Qəmbərdir.
-Demokrat demişkən, Hikmət Hacızadə son müsahibələrindən birində demişdi ki, müxalifət düşərgəsində mənəviyyat önə keçməli, keçmişi təmiz insanlar irəli çıxmalıdır. Sizcə, o, bununla nə demək istəyir?
-Hikmət bəy hörmət etdiyim şəxslərdəndir. Amma qəribə dəyərləndirmə sistemi olan birisidir . Əgər Hikmət bəy özünü təmiz və mənəviyyatlı lider hesab edirsə, önə çıxsın da, kim ona mane olur ki? Amma politologiyada belə bir dəyərləndirmə də var ki, ümumiyyətlə, mənəvi cəhətdən xüsusilə təmiz olan liderlər öz cameəsinə problem yaradır, fəlakət gətirirlər. Məsələn, Elçibəy olduqca təmiz lider idi, amma məhz təmizliyindən doğan davranışlarına görə, hakimiyyəti buraxıb getdi. Elçibəyin yerində Etibar Məmmədov olsaydı, hamını öldürərdi, amma hakimiyyəti buraxmazdı. Yəni mənəviyyatı təmiz lider bəzən fəlakət deməkdir. Orta mənəviyyat daha praktik və qarantiyalıdır.
- “Yeni Müsavat”da bəzi yüksək vəzifəli məmurlar çox sərt tənqid olunur, bəzilərininsə adı çəkilmir. Bu, sizin adı çəkilməyənlərə simpatiyanızın göstəricisidir, yoxsa sadəcə, onlardan çəkinirsiz?
- Adı çəkilməyən önəmli məmur demək olar ki, yoxdur. Amma doğrudan da elə məmurlar var ki, illərdir heç bir qəzet onların adını çəkmir. Çünki həmin məmurlar siyasətdə, ölkənin həyatında, qarşıdurmalarda heç bir rol oynamırlar. Elə nazir var ki, heç onun adı illərlə yada düşmür. O nazirlərin adları çəkilir ki, onların siyasi səhnədə müəyyən çəkisi, rolu, çıxışı, açıqlaması və s. olur. Biz onlara anındaca reaksiya veririk. Çünki bizə tiraj gətirirlər. Amma bizdə kimisə mütləq hədəfə götürmək, hansısa naziri mütləq “vurmaq”, tənqid etmək kimi kampaniyaçılıq yoxdur. Elə nazirlər də var ki, mediaya həssasdırlar. Bu cür nazirlər prezidentə, iqtidara qarşı olan tənqidlərə görə heç zaman reaksiya vermirlər - lakin yazı özləri ilə bağlı olan kimi bütün komanda ilə hücuma keçirlər. Onlar haqqında sərt yazanda qəzetləri məhkəməyə verirlər və bu, bir neçə dəfə təkrarlanır. O zaman tənqidçi qəzetlər də bu prosesi nəzərə alırlar. Ya onun barəsində susurlar, ya da yazanda sadəcə, son dərəcədə ehtiyatla yazırlar. Biz də bu faktoru nəzərə alırıq. Məsələn, nəqliyyat naziri Ziya Məmmədovu çox rahat tənqid edirdik. Onun oğlu, vəkilləri, özü bizi məhkəməyə verəndən sonra artıq yazılarımıza baxırıq. İndi ona dair yazılarda həm azalma tendensiyası, həm də ehtiyatlılıq hiss olunur. Nazir Kəmaləddin Heydərov heç zaman haqqında yazılan tənqıdlərə reaksiya verməyib. Qəzetləri məhkəməyə çəkməyib. Tənqidçi qəzetlər də - xüsusi ilə də bizim qəzet bir növ çörəyini ondan çıxarır... Daxili işlər naziri Ramil Usubovsa qəzetləri və jurnalistləri məhkəməyə verməyi sevir və bir neçə qəzeti və jurnalisti məhkəmə yolu ilə cəzalandırıb. Bu baxımdan, biz də, bütün tənqidçi media da ondan son dərəcə ehtiyatla yazırıq. Səfər Əbiyev də xüsusi "mediahəssas" nazirlərdəndir. Elə məmurlar da var ki, onlardan yazmağın əhəmiyyəti yoxdur. Biz daha çox tirajlılardan yazırırq. Məsələn, mədəniyyət nazirindən yazanda görürük ki, ona diqqət edən yoxdur. Heç saytda həmin xəbəri tıklayan da olmur.
- Son vaxtlar daxili siyasətlə bağlı yazmırsız. Bunun hansısa bir səbəbi varmı?
- Köşəmi demək istəyirsiz?
- Həm də...
- Mən köşə yazarı deyiləm, qəzetin meneceriyəm. Qəzetin ayaqda qalması, irəli getməsi üçün gecə-gündüz çalışan, yazılara baxan bir redaktor kimi özüm yazmağa vaxt tapmıram. Yəni o qədər çox diqqət ayırmalıyam ki, baş redaktor və menecer kimi öz işimi görə bilim. Bu da mənim köşə yazarı kimi fəaliyyət göstərməyimə imkan vermir. Eyni zamanda belə bir qərarım da var ki, daha bəsdir, köşə yazdım. Həm də indi yazı ilə daxili siyasətə təsir etmək imkanları yoxdur. Mən o perspektivi görmürəm. Sizə bir məlumatı da deyim ki, mən 5 il ərzində - 1993-cü ildən 98-ci ilə qədər cəmi 20 yazı yazmışam. Beş illik sükut, izləmə dönəmindən, daha doğrusu, 1997-ci ilin sonlarından bu tərəfə qəzet liderdir. İndi də çox çətin bir dönəmdir. “Yeni Müsavat” qəzetinin mövcudluğunu qorumaq üçün çox çalışmaq lazımdır. Etiraf edim ki, indi köşə yazdığım vaxtlardan daha çox yazıram. Manşetləri, redaktələri, əlavələri və saytla işi nəzərə alsaq, əvvəlkindən bir neçə dəfə çox işləyirəm. 16-18 saatım komputerin arxasında keçir. Əvvəl bir köşə yazırdım, Qabil Abbasoğlu və redaktor korpusu yerdə qalan bütün işləri həyata keçirirdi. O vaxt iş də, səhifələrin sayı da az idi; siyasi sözün, yazının da böyük əhəmiyyəti var idi. Bir köşə yazısı ilə “Yeni Müsavat” qəzetini satdırmaq olurdu. İndi isə... Zamin Hacı istənilən halda, məndən güclü yazardır. Həmçinin Famil Cəfərli. Bizim çox gözəl köşə yazarlarımız var. Hesab edirəm ki, oxucu köşə yazısına görə qəzeti alacaqsa, onların yazması kifayət edir. Mən indi öz əsas işimlə məşğulam.
- Bu suala da cavab vermənizi istərdik: siyasətdə genetik varislik əleyhinə ciddi kampaniya aparan bir media orqanının rəhbəri kimi, qardaşınız Azər Ayxanı baş redaktor əvəzi olaraq, yerinizdə əyləşdirmək bir növ varislik deyilmi?
- Bura bir iş yeridir, özəl şirkətdir; mənim şəxsi müəssisəmdir - dövlət sturukturu, yaxud seçkili orqanları olan partiya deyil. Bu baxımdan, bu cür iradların yeri də deyil. Türkiyənin ən nəhəng qəzeti olan "Hürriyyət" qəzetində sahibkar Aydın Doğanın onlarla ailə üzvü, yaxınları çalışır. Çünki bu media quruluşu Doğan ailəsinindir. "Yeni Müsavat" da, burada 1991-ci ildən ən müxtəlif vəzifələrdə işləmiş Azər Ayxanın doğma qardaşınındır. Həm də, bir nüans var - bizim tayfamızdakı kişilərin demək olar ki, əksəriyyəti işsizdir. Mənim ail təhsilli, vaxtilə dövlət müəssisələrində işləmiş qohumlarım var, onların da bir neçəsi “Yeni Müsavat” qəzetində işləyirlər. Amma bilirsiz, nə işləyirlər? Küçədə qəzet satırlar. Başqa yolları yoxdir. Onlara iş vermirlər. Elə gənc qohumlarım da var ki, işləyirlər; amma mən onların tədbirinə, məsələn, toyuna gedə bilmirəm. Ona görə ki, onun müdiri məni orada görəcək və o uşağı işdən çıxaracaq. Yəni bizə bu cür münasibət olduğu halda, belə bir sual verməyinizi düzgün hesab etmirəm. Amma buna baxmayaraq, istəyirəm Azər Ayxanın bura hansı şəraitdə gəlməsi barədə deyəcəklərimi də yazasınız. Azər Ayxan bura “Yeni Müsavat” qəzetinin kollektivi dağılandan, redaktorları bu qəzetdən gedəndən və qəzet dayanandan sonra gəlib. O zaman mən həbsdə idim. Biz bir neçə variant üzərində işlədik. Azər Ayxan o vaxt qəzet satdırırdı. O zaman qəzetdə qalan kadrlar – Nazim Sabiroğlu, Zahid Səfəroğlu, Azər Ayxan və başqaları qərara gəldilər ki, onlar prosesi başlasınlar. Azərin də müəyyən təcrübəsi var idi. Səhv etmirəmsə, 2005-ci ilin fevral ayı idi, mən 13-cü kalonda idim. Adını çəkdiyim üç nəfərlə çətinliklə görüş aldım, söhbət etdim və onlar həmin gündən qəzeti gündəlik çıxarmağa başladılar. Azər Ayxan da, Nazim Sabiroğlu da, Zahid Səfəroğlu da indi mənsiz belə Azərbaycanda ən yaxşı qəzeti çıxararlar.
- Rauf bəy, ölkədə bəzi reket qəzetlər var ki, “Yeni Müsavat”ın 2003-cü il saylarındakı bəzi köşə yazarlarının yazılarını təkrar çap edir. Amma yazıları təhrif edərək. Yazıya çox sərt, təhqiramiz ifadələr, söyüşlər əlavə edilir. Aydındır ki, 2003-cü ildə də, elə bu gün də siz o cür “yazı”ları dərc etsəydiz, qəzet yüz faiz məhkəmələrə çəkilərdi, hətta haqlı olaraq qapadılardı. Sizcə, “həmkarlar” bunu niyə edir? Bu, “Yeni Müsavat”a atılan çamurdur, yoxsa konkret müəlliflərə, yəni o yazıları yazan jurnalistlərə? Və bunun qarşısını almaq üçün nəsə etməyi düşünürsüzmü?
- Bu məsələ məhkəməyə qədər gedib çıxmış və bütün təhriflər tərəfimizdən sübuta yetirilmiş bir faktdır. Təsəvvür edin, qəzetimizin 2003-cü ildəki saylarında dərc olunan yazıların arasına mərhum və indiki prezidentlər haqqında olmazın, ölçüyəgəlməz söyüş və təhqirləri əlavə edir, onları iki-üç qəzetdə təkrar çap edirdilər; bununla da yenidən mənbə yaradır; sonra da həmin nüsxələri Prezident Administrasiyasına yollayırdılar. Bunu seçki kampaniyası dövründə - 2010-cu ildə daha aktiv şəkildə həyata keçirdilər. Məqsədləri də, öz aləmlərində mənə və bu qəzetdə vaxtilə köşə yazmış digər deputatlığa namizədlərə, o cümlədən də Aynur Camalqızına mane olmaq idi. Axı, heç də hamının əlində "podşivka" yoxdur ki, baxsın - müqayisə etsin və anlasın ki, bunlar saxtadır. Lakin biz bunu bildik və Mətbuat Şurasına, Nərimanov rayon məhkəməsinə müraciət etdik. Mətbuat Şurasındakı müzakirələr zamanı bu dəstənin nümayəndəsi ifşa olunduğunu görüb, başladı ağlaya-ağlaya çığırmağa ki, o, bunları guya, Heydər Əliyevi və İlham Əliyevi sevdiyinə görə edib. Belə edib ki, Rauf Arifoğlunun qəzetini bağlasınlar, özünü həbs etsinlər, hazırda hakimiyyət düşərgəsinə yaxın olan Aynur Camalqızına da ciddi problemlər yaratsınlar. Mətbuat Şurası rəhbərliyi ondan soruşdu ki, axı sən indiki və keçmiş prezidentləri təhqir edirsən, - bunları hətta o zaman "Yeni Müsavat" belə etməyib; sənin etdiyin əlavələr ölçüyəgəlməzdir... O, ağlamağını və çığırmağını davam etdirərək, isterik halda "bu qəzet bağalanmalıdır, Rauf Arifoğlu həbs olunmalıdır, ona qəzet buraxmağa imkan vermək olmaz", - deyirdi. Yekunda, yəni 2011-ci ilin ortalarında Nərimanov rayon məhkəməsi o yaramaza 5 min manat cərimə kəsdi - mən həbs tələbi ilə müraciət etmişdim - etmədilər; lakin onu bir neçə gün əvvəl başqa əməllərinə görə həbsə aldılar. Onu deyim ki, bu işi görənlər xüsusi bir dəstə idi - orada siyasi partiyalardan birinin sədr müavini də vardı; daha iki qəzetin sahibi və baş redaktoru... Onlara əsas müxalifət partiyalarından birinin funksionerləri də dəstək verirdi... Mən bu dəstəni sakitcə, heç mətbuata xəbər eləmədən ifşa etdim, qurduqları tələyə özləri düşdülər... Onların başqa fırıldaqları da varmış - rüşvət, şantaj, kontrabanda və s. Daha sonra onları fərqli əməllərlə həbsə aldılar - indi o dəstədən 3-ü həbsdədi; həmin qəzetlər bağlanıb; partiya funksionerləri isə hərdən həmin yazıları "fb"-də paylaşıb, bizi öz aləmlərinə "ifşa" edirlər və dolayısı ilə hakimiyyətə işverənlik edirlər. Lakin bir az gec qalıblar...
- O dəstədə Fərəməz Novruzoğlu da vardı?
- O və başqaları. Dediyim kimi, tək deyildilər...
Zahid
-
Dünya04:44
Rusiya Yerə düşə biləcək asteroidlə bağlı XƏBƏRDARLIQ ETDİ
-
Sosial03:13
17 yaşlı qız şəxsiyyət vəsiqəsində "oğlan" kimi qeyd olunub? - TƏFƏRRÜAT
-
Sosial01:41
Qəzaya uğramış təyyarənin iki ekipaj üzvü artıq Bakıdadır - VİDEO
-
Sosial00:30
Məhəmmədəlinin anasından VİDA VİDEOSU
-
Qoroskop00:15
Günün ULDUZ FALI - Elə hadisələr baş verəcək ki...
-
MDB26 Dekabr 21:48
Qazaxıstanda Xəzərə çələnglər buraxıldı - FOTO
-
Hadisə26 Dekabr 21:24
Həlak olanların nəşi Aktaudan Vətənə gətirildi
-
MDB26 Dekabr 20:36
Aİİ sammitində Lukaşenko və Paşinyan arasında CİDDİ MÜBAHİSƏ - VİDEO