Avtomobil nəhənglərindən Aİ-yə xəbərdarlıq: Bu siyasət bizi zəiflədəcək
Bizi izləyin

İqtisadi gündəm

Avtomobil nəhənglərindən Aİ-yə xəbərdarlıq: Bu siyasət bizi zəiflədəcək

Avtomobil nəhənglərindən Aİ-yə xəbərdarlıq: Bu siyasət bizi zəiflədəcək

Avropanın aparıcı avtomobil istehsalçıları Avropa İttifaqının texnoloji suverenlik siyasətinin xərcləri artıraraq sektorun rəqabət qabiliyyətini zəiflədə biləcəyini bildiriblər.

Publika.az xəbər verir ki, bu barədə “Financial Times” məlumat yayıb.

Bildirilir ki, “Volvo Cars” və “Stellantis” rəhbərliyi Brüsselin ABŞ texnologiyalarından asılılığı azaltmaq cəhdlərinin Avropa şirkətləri üçün mənfi nəticələr doğura biləcəyini açıqlayıb.

“Volvo Cars”ın baş direktoru Hokan Samuelsson qeyd edib ki, əgər Aİ ABŞ texnologiyalarına məhdudiyyət tətbiq etsə, bundan ən çox zərər görən tərəf Avropa olacaq.

Onun sözlərinə görə, Avropa şirkətlərinin ən yaxşı texnologiyalara çıxışı olmalıdır və alternativlərin yaradılması sərbəst bazar və rəqabət prinsipləri əsasında həyata keçirilməlidir.

Oxşar mövqe “Stellantis”in texniki direktoru Ned Kuriç tərəfindən də səsləndirilib. O bildirib ki, Amerika texnologiyalarının istifadəsinə qoyulacaq məhdudiyyətlər Avropa avtomobil sənayesinin xərclərini artıracaq. Hazırda sektor həm elektromobillərə böyük investisiyalar yatırır, həm də Çin istehsalçıları ilə ciddi rəqabət aparır.

Müzakirələrə səbəb Avropa Komissiyasının texnoloji suverenliklə bağlı yeni təşəbbüs paketi olub. Sənəd Avropanın öz texnologiyalarının inkişafını və rəqəmsal dövlət satınalmaları üçün yeni qaydaların hazırlanmasını nəzərdə tutur.

Hələlik sənəd ABŞ şirkətlərinin əksər tenderlərdə iştirakını qadağan etmir. Lakin iri şirkətlər gələcəkdə bu tələblərin genişləndirilə biləcəyindən ehtiyat edir.

Ned Kuriç xəbərdarlıq edib ki, dünyanın müxtəlif regionlarında fərqli texnoloji standartların tətbiqi şirkətlər üçün əlavə maliyyə yükü yaradacaq və nəticədə bazarların daralmasına səbəb olacaq.

Samuelsson isə Çinlə qlobal texnoloji rəqabət fonunda Avropanın ABŞ ilə daha sıx əməkdaşlıq etməsinin vacibliyini vurğulayıb. O bildirib ki, “Volvo” rəqabət qabiliyyətini qorumaq üçün amerikalı tərəfdaşlarının texnologiyalarından istifadə edir.

Bununla yanaşı, Avropa Komissiyası biznes dairələrinin narahatlığını qəbul etməyərək yeni siyasətin məqsədinin bazarı bağlamaq deyil, investisiyaları, innovasiyaları və genişlənməni təşviq etmək olduğunu açıqlayıb.

Adəm

Oxumağa davam et
Reklam
Reklam

Gündəm