Neftdə bahalaşma, dollarda ucuzlaşma, avroda ikinci nəfəs - HESABAT
Bizi izləyin

Hesabat

Neftdə bahalaşma, dollarda ucuzlaşma, avroda ikinci nəfəs - HESABAT

Yola saldığımız həftə dünya iqtisadiyyatında bəzi qərarlarla yadda qaldı. Avropa Mərkəzi Bankı faiz stavkasını endirdi, istiqraz alışı proqramını genişləndirdi.

Beynəlxalq Enerji Agentliyi neftin qiymətindəki stabilləşmə, hətta yenidən artma ehtimalı barədə sübutların olduğunu açıqladı.

Beynəlxalq Valyuta Fondu (BVF) qlobal iqtisadiyyatın böhranla üzləşmə ehtimalının artdığını, bunun üçün təcili şəkildə tələbin yüksəldilməsini bildirdi.

Çinin ixracı, Yaponiyanın iqtisadiyyatı azaldı.

İEA nikbin, BVF bədbindir...

Başlayaq Beynəlxalq Enerji Agentliyinin (IEA) bəyanatından. Agentlik neftin qiymətindəki stabilləşmə, hətta yenidən artma ehtimalı barədə sübutların olduğunu açıqlayıb. Bildirilib ki, artım ABŞ-da neft hasilatının azaldılması və digər ölkələrin neft tədarükünün qarşısının alınması nəticəsində baş verir. Neftin qiyməti 2014-cü ilin iyunundan bəri 70 faiz düşərək bu ilin əvvəlində 27 dollara satılıb. Sənaye ölkələrində enerji siyasətini əlaqələndirən agentlik güman edir ki, qeyri-OPEC ölkələrində də istehsalın həcmi 2016-ci ildə sutkada 750 000 min barelə düşəcək.

ABŞ-dakı istehsalınsa sutkada 530 000 min barel azalacağı proqnozlaşdırılır.

Beynəlxalq Valyuta Fondu (BVF) qlobal iqtisadiyyatın böhranla üzləşmə ehtimalının artdığını, bunun üçün təcili şəkildə tələbin yüksəldilməli olduğunu bildirib. BVF Çinin fevral ayı üzrə ixərac göstəricilərinin proqnozlardan çox aşağı olmasının və 2009-cu ildən etibarən minimal həddə enməsinin qlobal iqtisadi riskin daha da artmasına səbəb olduğunu qeyd edir. Bunun üçün də qlobal mal və xidmət tələbini artırmaq lazımdır.

BVF-nin sədr müavini Devid Lipton bəyan edib ki, qlobal iqtisadiyyat açıq şəkildə "həssas dövrə" daxil olub və xammal və maliyyə bazarlarındakı sərt dalğalanmalar nəticəsində yeni təhlükələrin yaranmasına qarşı dünya siyasətçilərinin təcili qərar verməsi zəruridir.

"İndi qətiyyətli şəkildə iqtisadi aktivliyi dəstəkləmək və qlobal iqtisadiyyatın daha güclü bünövrəsini yaratmaq zamanıdır", -D.Lipton "National Assosiation for Business Economics"dəki çıxışında bildirib.

Onun sözlərinə görə, dünya iqtisadiyyatında ən çox diskomfort yaradan amil son bir ildə qlobal kapital və ticarət axınında kəskin geriyəçəkilmə işarələrinin olmasıdır.

Çin “kiçilir”

Söz Çinin ixracından düşmüşkən, fevral ayında ölkənin ixracı 25,4% azalaraq 2009-cu ildən etibarən ən minimal həddə enib. "Reuters"in xəbərinə görə, ixracla bərabər, Çinin idxalı da 13,8% azalıb və bu azalma ardıcıl 16 aydır davam edir.

Mərkəzi ofisi Londonda yerləşən "Capital Economics" biznes-konsaltinq şirkətinin baş iqtisadçısı Culian Evans-Prikarda görə, Çin ticarət dövriyyəsinin bu qədər sərt azalmasına səbəb ölkədə Yeni İl bayramının bir qədər gec, yəni, 19 fevralda başlaması olub. Buna baxmayaraq, mövsümi amillər nəzərə alınmadan ixrac 17,8%, idxal isə 16,7% azalıb. Çinin islahatlar və inkişaf üzrə Dövlət Komitəsinin sədri Syuy Şaoşi açıqlanan göstəricilərə fikrini bildirərkən qeyd edib ki, idxal göstəricisi, sadəcə, pul ekvivalentində azalıb, bu da qlobal bazarlarda xammal qiymətlərinin ucuzlaşması səbəbindən baş verib. İdxal olunan malların həcmində isə hətta artım qeydə alınıb. Belə ki, 2015-ci ilin idxal rəqəmlərini təhlil edən sədr bildirib ki, il ərzində Çin tərəfindən neft idxalı 8,8%, dəmir 2,2%, gübrə 16,7%, qaz və kauçuk maddələr isə 15,3% artıb.

Digər tərəfdən, yanvar-fevral ayları üçün tətil günlərinin təsirindən təmizlənmiş məlumatda isə Çinin ixracatının yüzdə 17.8, idxalatının yüzdə 16.7 azaldığı görünür.

Super Mariodan Avropanı xilas cəhdi

Avropa Mərkəzi Bankı nəticələri maraqla gözlənilən Frankfurt toplantısında faiz dərəcələrini endirərək istiqraz alışı yolu ilə maliyyə bazarına stimulu artırdı. Mərkəz Bank yenidən maliyyələşdirmə əməliyyatlarında tətbiq olunan uçot stavkasını 0,5 bal endirərək sıfıra çəkdi.

Mənfi 0,3 səviyyəsindəki deposit faizini də 0,1 bal salaraq mənfi 0,4 faizə endirdi.

Avrobankın toplantıdan sonra mətbuat konfransı keçirən rəhbəri Mario Draqi faizlərin uzun müddətdir çox aşağı olduğunu və daha çox endirimə gediləcəyinin gözlənilmədiyini deyib.

Avropa Mərkəzi Bankı keçən ilin mart ayından başladığı aylıq 60 milyardlıq istiqraz alışı proqramını da genişləndirdi. Aprel ayından etibarən bu rəqəm 80 milyard avroya yüksələcək.

Mario Draqi hər biri 4 il müddətli olacaq borc proqramının iyunda başlayacağını, faiz dərəcələrinin də uçot faizi kimi aşağı olacağını bildirib.

Onu da deyək ki, Avropa Mərkəzi Bankının növbəti konfransı 21 apreldə olacaq.

İngiltərə Avropa Birliyindən ayrılarsa...

İngiltərə Avropa Birliyindən ayrılarsa, bunun həm ölkənin, həm də birliyin iqtisadi vəziyyətinə necə təsir edəcəyi hələ də müzakirə mövzusudur. “Oxford”un İqtisadiyyat hesabatında qeyd edilir ki, 23 iyunda keçiriləcək səsvermədə nəticə ayrılmaq olarsa, İngiltərədə səhmlər bazarı bu il 50 faiz gerileyecek. Ümumi Daxili Məhsul 2018-ci ilin ikinci rübünə qədər 1.3 faiz azalacaq. Buna baxmayaraq, İngiltərə Mərkəz Bankının başçısı Mark Karni İngiltərədəki tarixi referendumla bağlı təşkilat olaraq açıqlama verməyəcəklərini bilidrib.

Bu arada, onu de qeyd edək ki, “Oxford”dan əlavə, Beynəlxalq Valyuta Fondunun rəhbəri Kristin Laqard da bu qərarın Avropa Birliyi və İngiltərə iqtisadiyyatına göstərəcəyi mənfi təsirlərlə əlaqədar hesabat hazırlayıb.

Gündoğar ölkə gözləntiləri doğrultmadı...

Yaponiya iqtisadiyyatı keçən ilin son rübündə bazar gözləntilərinin altında qaldı. 2015-ci ilin oktyabr və dekabr ayları arasında Yaponiya iqtisadiyyatı proqnozlaşdırılan 1.4 faizlik nisbətdən daha aşağı -1.1 faiz nümayiş etdirib. İnvestisiya xərclərindəki artım 1.5 faizə qaldırılıb. İstehlak xərcləri bu dövrdə proqnozlaşdırılandan çox -0.9 faiz azalıb.

Bu rəqəmlərin Şinzo Abe hökumətinin gələn il üçün planlaşdırdığı istehlak vergisini artırma qərarını təxirə salacağına dair rəylər yaradıb.

İş dünyası

Dünyanın ən böyük hazır geyim satan zəncirlərindən “Inditex” yeni maliyyə ilinin ilk 5 həftəsində satışlarının 15 faiz artdığını açıqlayıb. İspan şirkətinin dəqiq qazancı 2 milyard 800 milyon avro olub.

2015-ci ildə 56 ölkədə 330 yeni mağaza açan “Inditex” onlayn satışları genişləndirib. Şirkətin direktoru bəyan edib ki, hər bir onlayn xərcləmə mağazalara gələn müştərinin xərclədiyindən daha çox olub.

2016-cı ilin yanvarında “Gazprom” şirkətinin gəlirləri keçən ilin eyni dövrü ilə müqayisədə 26% azalaraq 2,985 milyard dollar təşkil edib.

Hesabat dövründə şirkət ixracata 17.2 milyard kubmetr qaz göndərib ki, bunun da 13 milyard kubmetri uzaq xaric ölkələrinin payına düşüb.

Ötən il "Petkim PetroKimya Holding A.Ş." 639,2 mln. Türkiyə lirəsi (təqribən 220 mln. dollar) həcmində xalis mənfəət əldə edib. Məlumata görə, bu, əvvəlki ilə nisbətən 14% çoxdur. "Petkim" 2015-ci il ərzində ümumilikdə 4 532,6 mln. lirə (təqribən 1,6 mlrd. dollar) gəlir əldə edib ki, bu da onun aktivlərinin 5 460,7 mln. lirəyə (təqribən 1,9 mlrd. dollar) çatmasına şərait yaradıb.

Ötən il "Petkim"in faktiki istehsal həcmi onun istehsal potensialının 87%-nə çatıb.

“Shell” Niderland-Britaniya neft şirkəti İran Milli Neft Şirkətinə (NİOC) olan 1,94 mlrd. dollarlıq borcunu avro ilə tam ödəyib. Bu haqda "Shell"in sözçüsü açıqlama yayıb. Məlumata görə, sanksiyalar tətbiq edildiyindən, Niderland-Britaniya şirkəti İrana olan borcunun ödəyə bilmirdi.

İranla ticarətin dollarla edilməsi qadağası götürülmədiyindən ödəmə avro ilə həyata keçirilib. Borclu şirkətin sözçüsü isə faktı bu gün təsdiqləyib.

Azərbaycan

Yola saldığımız həftə dövlət başçısı İlham Əliyev “Banklar haqqında” Qanunda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2016-cı il 4 mart tarixli 140-VQD nömrəli Qanununun tətbiqi haqqında fərman imzaladı. Prezidentin daha bir sərəncamı ilə Mərkəzi Bankın hüquqi statusunu dəyişən qanun qüvvəyə mindi. Dəyişikliyə əsasən, Mərkəzi Bank artıq dövlət orqanı deyil, publik hüquqi şəxsdir.

Həftənin daha bir maraqlı hadisəsi Mrkəzi Bankn statistik göstəriciləri oldu. Hansı ki, həmin göstəricilərə əsasən, bu ilin fevral ayının 1-nə Azərbaycanda fəaliyyət göstərən kommersiya banklarının məcmu xarici öhdəlikləri 8 385,9 mln. manat təşkil edib. Yanvarın 1-i ilə müqayisədə xarici öhdəliklərin həcmi 181,4 mln. manat və ya 2,2%, keçən ilin analoji dövrü ilə müqayisədə isə 3 450,3 mln. manat və ya 70% artıb. Azərbaycan iqtisadiyyatına məcmu kredit qoyuluşlarının həcmi isə 2016-ci il fevralın 1-nə 20 590,7 mln. manat təşkil edib. Bu, yanvarın 1-nə olan analoji göstərici ilə müqayisədə 561,3 mln. manat və ya 2,65% azdır. Keçən ilin analoji dövrü ilə müqayisədə iqtisadiyyata kredit qoyuluşları 2 570,4 mln. manat və ya 14,26% artıb. Kredit qoyuluşlarında vaxtı keçmiş kreditlərin həcmi bu ilin fevralın 1-nə 1 mlrd. 314,6 mln. manat təşkil edib. Bu, illik müqayisədə 283,7 mln. manat və ya 27,52% çoxdur. Ötən ilin dekabr ayı ilə müqayisədə bu ilin yanvarında problemli kreditlərin həcmi 193,9 mln. manat və ya 12,85% azalıb.

Onu da qeyd edək ki, vaxtı keçmiş kreditlərin ümumi kredit qoyuluşlarında xüsusi çəkisi 6,2% təşkil edir.

Azərbaycanda dövriyyədə olan nağd pulun həcmi 2016-cı il fevralın 1-nə 4 954,7 mln. manat təşkil edib. Dövriyyədə olan nağd pulun həcmi yanvarın 1-nə nisbətən 462,1 mln. manat və ya 8,5% azalıb və son 7 ilin minimal səviyyəsinə geriləyib.

Keçən ilin analoji dövrü ilə müqayisədə dövriyyədə olan nağd pul 5 190,6 mln. manat və ya 51,2% azalıb. Qeyd edək ki, dövriyyədəki nağd pul kütləsi 2014-cü ilin iyul ayında maksimal həddə çatıb və 11 144,4 mln. manat təşkil edib.

Dövriyyədə olan nağd pulun həcminin azalması əhalinin xarici valyutaya tələbatının artması ilə bağlıdır. Belə ki, ABŞ dollarının dünyanın demək olar ki, bir çox valyutasına nəzərən möhkəmlənməsi prosesi Azərbaycanda da müşahidə edilib. Bundan başqa, qlobal böhran fonunda alıcılıq qabiliyyətinin aşağı düşməsi, insanların daha ehtiyatlı istehlakçıya çevrilməsi nəticəsində dövriyyədə olan nağd pulun həcmi azalıb.

Məndən bu qədər…

Leyla Əliyeva

Oxumağa davam et
Reklam
Reklam

Gündəm