Ukraynanı by-pass etmək planı işə düşdü, dollarla bağlı qərarın vaxtı bəlli oldu… - HESABAT
Bizi izləyin

Hesabat

Ukraynanı by-pass etmək planı işə düşdü, dollarla bağlı qərarın vaxtı bəlli oldu… - HESABAT

Yola saldığımız həftə Rusiya və Türkiyə arasında diplomatik münasibətlərinin bərpası “Türk Axını” layihəsinin yenidən gündəmə gəlməsi ilə nəticələndi. Putinlə Ərdoğanın çərşənbə axşamı görüşündən sonra Rusiyanın enerji naziri Aleksandr Novak “Türk Axını” layihəsi üzrə ilk xəttinin 2019-cu ilin ikinci yarısında inşa ediləcəyini bəyan etdi. Xarici işlər naziri Mövlud Çavuşoğlu isə görüşlərin davam edəcəyini və qısa müddətdə “Türk Axını” üzrə işlərə başlanılacağını dedi. Məlum oldu ki, hər iki tərəf kəmərin tikintisi üzrə işləri 2019-cü ildə tamamlamağı hədəfləyir. Rusiya bununla Ukraynanı by-pass etmək, Türkiyə isə təhlükəsiz təhcizata nail olmaq istəyir.

FED-in faziləri nə zaman artırıb-artırmayacağı da müzakirə predmeti olaraq qaldı. Əksər analitiklər dekabr ayına qədər faizlərin artırılacağı fikrini dəstəklədilər. Məsələn, “Wall Street Journal”nın 62 iqtisadçının iştirakı ilə keçirdiyi sorğuda iştirakçıların 71%-i FED-in faizi 13-14 dekabrda keçiriləcək toplantısında artıracağını ehtimal etdilər. Xatırladaq ki, iyun ayında keçirilmiş sorğuda dekabr ayında faiz artımı gözləyənlərin nisbəti 7,8 faiz səviyyəsində idi.

Avro Bölgəsində ümumi daxili məhsul ilin ikinci rübündə 0.3 faiz artıb.

Ekspertlərin də gözləntisi 0.3 faiz idi. İqtisadiyyat illik əsasda 1.6 faiz böyüyüb.

Açıqlanan digər bir məlumata görə, bölgədə sənaye istehsalı aylıq 0.6 faiz artıb. Gözləntilər 0.5 faiz ətrafında idi.

Çindən də xəbər var. Ölkənin idxal və ixracı 2016-cı ilin iyul ayında gözləniləndən artıq geriləmə göstərib. Çinin Baş Gömrük İdarəsinin hesabatına əsasən, idxalın azalmasına səbəb Britaniyanın Avropa İttifaqını (Aİ) tərk etməsidir. Belə ki, iyul ayında Çinin idxalı keçən ilin analoji dövrü ilə müqayisədə 12,5% azalıb və bu da fevral ayından etibarən ən kəskin azalma olub.

HSBC bankın Pekində yerləşən filialının iqtisadçısı Ma Syaopinin fikrincə, Çin hökumətinin iqtisadiyyatı stimullaşdırıcı qərarlarına baxmayaraq, idxaldakı azalma ölkə daxili tələbdə yavaşlama ilə izah olunur. Ma Syaopin həmçinin bildirib ki, hökumətin izafi istehsal gücünü daraltmaq istiqamətində qərarları növbəti rüblərdə tələbin azalmasının davam etməsinə səbəb ola bilər.

Çində iyul ayında ixracın həcmi illik müqayisədə 4,4% azalma göstərib. Ölkənin xarici ticarət profisiti isə iyul ayında proqnozlaşdırılan 47,6 mlrd. ABŞ dolları əvəzinə 52,31 mlrd. dollar olub. Xatırladaq ki, Çinin idxalı 21 ardıcıl aydır ki, azalma göstərir. İxrac göstəricisi isə son 13 aydan 12-də azalma ilə nəticələnib. Analitiklər iyul ayında ixracın 3, idxalın isə 7% azalacağını proqnozlaşdırmışdılar. Çinin əsas ticarət partnyoru sayılan ABŞ-da iyul ayında ixracı 2%, ikinci önəmli bazar olan Aİ-ə satışı isə 3,2% azalma göstərib.

Yola saldığımız həftə OPEC də yeni hesabatını dərc etdi. Məlum oldu ki, Səudiyyə Ərəbistanı iyul ayında orta gündəlik neft hasilatını rekord səviyyəyə qədər artırıb. Hesabatda bildirilir ki, Səudiyyə Ərəbistanının neft hasilatı iyulda 10,67 mln. barel/günə çatıb.

Hazırda OPEC üzvü olan ölkələr Səudiyyə Ərəbistanının yay mövsümü bitdikdən sonra, yəni sentyabr-may ayları ərzində hasilatı azaldıb-azaltmayacağını diqqətlə izləyirlər. Belə ki, Səudiyyə Ərəbistanı rəsmiləri OPEC-dəki həmkarlarına hasilatı artırmayacağına dair söz verib. Üzv ölkələr sentyabrdan etibarən bu ölkədə gündəlik hasilatın 10,2 mln. barelə kimi geriləyəcəyini gözləyir.

Bu arada OPEC 2017-ci ildə dünyada neftə gündəlik tələbatın 0,09 mln. barel artaraq rekord həddə - 95,41 mln. barel/gün olacağını proqnozlaşdırır.

OPEC həmçinin, 2016-cı il üzrə dünyada neftə gündəlik tələbatın 0,09 mln. barel artaraq 94,26 mln. barel olacağını hesab edir. Dünya bazarına maye karbohidrogenlərin çatdırılmasına gəlincə, ilin II rübündə 1,06 mln. barel/gün, illik isə 0,3 mln. barel/gün azalaraq orta göstərici 94,6 mln. barel/gün olub.

OPEC üzvü olmayan ölkələrdən neft tədarükü isə 2016-cı il üzrə gözlənildiyi kimi 0,79 mln. barel/gün azalaraq 56,13 mln. barel/günə qədər olacaq.

İş dünyası

Əsas payı Azərbaycan Dövlət Neft Şirkətinə (SOCAR) məxsus olan "Petkim Petrokimya Holding A.Ş." bu ilin birinci yarısında illik müqayisədə 62,5% çox - 377 mln. Türkiyə lirəsi (TRY) həcmində mənfəət əldə edib. Bu göstərici ötən ilin müvafiq dövründə 232 mln. TRY olub. Holdinqin bu ilin II rübündə mənfəəti 228 mln. TRY olub ki, bu da ötən ilin analoji dövrü (187 mln. TRY) ilə müqayisədə 21,9% çoxdur.

İlin, günün bu vaxtında dünya milyarderlərinin ümumi var-dövlətləri təqribən 7,7 trilyon dollara qədər artıb. Hesablamalara əsasən, ən çox milyarder Avropada yaşayır, Asiyada isə milyarderlərin sayı sürətlə artır. Dünyada var-dövləti 1 milyard dollar və ya daha çox olan insanların sayı 2015-ci ildə 6,4% artıb: indi 2473 nəfər belə var-dövlətlə öyünə bilər.

"Wealth-X" analitiklərinin fikrincə, milyarderlərin ümumi var-dövləti 2015-ci ilin yekunları üzrə 7,683 trilyon dollar təşkil edib. Bu isə hesabatların hazırlanması dövründə mütləq rekorddur.

Ötən illə müqayisədə milyarderlərin məcmu kapitalı 5,4% artaraq, ABŞ və Çin istisna olmaqla, dünyanın bütün ölkələrinin ÜDM göstəricisini üstələyib. Hesabatda 2015-ci il Asiya (Yaxın Şərq istisna olmaqla) üçün daha "məhsuldar" alınıb: bu regionda milyarderlərin sayı 15,2% artıb. Bu isə Şimali Amerikada müşahidə edilən artımdan demək olar 5 dəfə çoxdur. Nəticədə, Asiya var-dövləti azı 1 milyard ABŞ dolları olan sakinlərin sayına görə (645 nəfər) dünyada ikinci sıraya yüksəlib. Şimali Amerikada isə milyarderlərin sayı 628 nəfərdir.

Milyarderlərin sayına görə lider yenə də Avropa (806) olaraq qalır. Amma 2015-ci ildə yerli varlıların var-dövləti 1,9% azalıb. Bu azalma digər regionlarda da müşahidə edilib, özü də daha iri həcmdə. Məsələn, Şimali Amerikada yaşayan milyarderlərin var-dövləti 8%, Asiyadakı "üst təbəqə"ninki 19,6%, Yaxın Şərqin varlılarınkı isə 9% azalıb

Azərbaycan

Gəldik çıxdıq öz ölkəmizə… Azərbaycanda fəaliyyət göstərən kommersiya banklarının xarici borcları azalıb. Kaş o gün gələrdi əhalinin də onlara borcu azalardı.

Mərkəzi Bankın məlumatına görə, bankların xarici öhdəliklərinin ümumi həcmi iyulun 1-nə 6 625,8 mln. manat təşkil edib. Bu rəqəm iyunun 1-nə olan analoji göstərici ilə müqayisədə 67,9 mln. manat və ya 1,02% azdır. İlin əvvəlinə olan göstərici ilə müqayisədə kommersiya banklarının xarici öhdəlikləri 1 578,7 mln. manat və ya 19,24% azalıb. Keçən ilin analoji dövrü ilə müqayisədə isə azalma 3,3 mln. manat və ya 0,04% təşkil edib.

Dövlət büdcəmizdə isə 1 mlrd. 186 milyon manatlıq kəsir yaranıb. Belə ki, 2016-cı ilin yanvar-iyul aylarında dövlət büdcəsinə 7007,5 milyon manat vəsait daxil olub. Hesabat dövründə büdcədən 8 mlrd. 193,5 mln. manat vəsait xərclənib. Büdcənin icrasında yaranmış 1 mlrd. 186 milyon manatlıq kəsir yaranıb. Bu da ümumi daxili məhsulun 3,7%-i səviyyəsində olub.

Ölkənin digər iqtisadi-sosial göstəricilərinə gəlincə, 2016-cı ilin yanvar-iyul aylarında ölkədə fəaliyyət göstərən müəssisə, təşkilat və fərdi sahibkarlar tərəfindən 32122,6 milyon manatlıq və ya əvvəlki ilin müvafiq dövrünə nisbətən 3,0 faiz az ümumi daxili məhsul istehsal edilib. Azalmanın əsas səbəbi tikinti sektorunda istehsalın keçən ilin eyni dövrü ilə müqayisədə 30,7 faiz azalması olub.

Bundan əlavə, yanvar-iyul aylarında 2015-ci ilin müvafiq dövrünə nisbətən istehlak məhsullarının və xidmətlərin qiymətləri 10,6 faiz, o cümlədən ərzaq məhsullarının qiymətləri 12,0 faiz, qeyri-ərzaq məhsullarının qiymətləri 15,5 faiz, əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri isə 4,7 faiz artıb. 2016-cı ilin yanvar-iyun aylarında muzdla işləyənlərin orta aylıq nominal əmək haqqı 2015-ci ilin müvafiq dövrü ilə müqayisədə 6,8 faiz artaraq 488,1 manat təşkil edib.

Məndən bu qədər…

Leyla Əliyeva

Oxumağa davam et
Reklam
Reklam

Gündəm