Ağasəlim Mircavadov: “Qarabağ”ın “zəif nöqtə”si...”
Bizi izləyin

İdman

Ağasəlim Mircavadov: “Qarabağ”ın “zəif nöqtə”si...”

Avropa Liqasının qrup mərhələsinin 2-ci turunda “Qarabağ” – “Anderlext”, “Krasnodar” - “Qəbələ” görüşləri olacaq. Maraqlıdır mütəxəssislərimiz hər iki təmsilçimizin oyunu barədə nə düşünür? Görəsən komandalarımız hara qədər irəliləyəcək?

Publika.az Azərbaycan futbolunda tanınan mütəxəssislərin fikirlərini öyrənib.

Ağasəlim Mircavadov (mütəxəssis)

“Qarabağ”ın öz oyun dəsti-xətti var və buna da sadiq qalmalıdır. Rəqibdən çəkinmək lazım deyil. Belə fikir formalaşıb ki, bu qrup güclüdür, digəri zəifdir. Amma mən düşünürəm ki, bu cür yanaşmaq düzgün deyil. Avropada zəif rəqib ola bilməz. Bütün komandalara eyni gözlə baxmaq lazımdır, hər oyuna eyni istəklə, tam güclə çıxmaq vacibdir. Unutmayaq ki, “Qarabağ”ın Avropada oyun təcrübəsi var, bu təcrübə heç də az deyil. Psixoloji olaraq da elə bir çətinlik yaşamayacağını düşünürəm. Rəqibin pressinqlərində diqqətli olmaq lazımdır, çünki Ağdam təmsilçisinin çatışmazlığıdır bu... Öz oyununu göstərməli, rəqibə öz oyununu diqtə eləməyə çalışmalıdılar. “Qəbələ”də çempionat üçün bir heyət, Avropa üçün sanki başqa bir heyət oynayır. Düşünürəm ki, buna diqqət etmək lazımdır. Çünki Avropa oyunlarına gedən yol çempionatdan başlamalıdır. Yaxşı heyət qurublar. İmkanlarından yararlana bilsələr, nəticə uğurlu olar. Komanda düz yoldadır, əsas odur ki, rəqibi diqqətlə təhlil edəsən. Həmçinin Kuban klubu hazırda heç də ideal formada deyil. “Qəbələ”nin də uğura nail olacağına ümid eləmək olar.

Konkret proqnoz verməyi xoşlamıram, ancaq deyərdim ki, hər iki klubun qrupda yaxşı nəticələr qazanması üçün imkanları öz əlindədir. Öz güclərinə inanıb, hər oyuna fərdi yanaşsalar, ciddi hazırlaşsalar, qrup mərhələsini keçmək heç də mümkünsüz olmayacaq. Hər iki kluba - həm “Qarabağ”a, həm də “Qəbələ”yə uğurlar arzulayıram”.

Vladislav Qədirov (veteran futbolçu)

"Düşünürəm ki, hər iki təmsilçimiz üçün çətin oyunlar olacaq. “Qarabağ”a bəlkə dogma divarlar amili yardım edə, “Anderlext"lə heç-heçə edə... Belçikalılar keyfiyyətli futbol sərgiləyir və güclü oyunçuları var. Ona görə də "Qarabağ"a çətin olacaq. Ancaq ağdamlılar ikinci yer uğrunda mübarizə apara bilərlər. “Qəbələ”nin rəqibi "Krasnodar" isə son dövrlər Rusiya çempionatında qələbə qazana bilmir. İdeal formada deyillər. “Qəbələ”lilər rəqib meydançasında özlərini göstərməyə çalışacaqlar. Yenə deyirəm, hər iki komandaya çətin olacaq. Amma hər iki təmsilçimizə uğurlar arzu edirəm”.

Vaqif Sadıqov (AFFA Məşqçilər Komitəsinin sədri)

“Qarabağ” güclü komandalardan biri ilə qarşılaşacaq. Amma bilirik ki, bizim komandamız da güclüdür. Rəqibin kimliyindən asılı olmayaraq, təmsilçimiz Azərbaycan futbolunun nüfuzunu qoruyub saxlamağa çalışacaq, layiqli oyun göstərəcək. Əsas odur ki, hər kəsin “Qarabağ”a inamı var. Komandanın oturuşmuş oyun üslubu, dəsti-xətti mövcuddur. Vacib məqam odur ki, bizim güclü “Qarabağ”ımız var. “Qəbələ” bu günə qədər rəqiblərinə əsl gücünü göstərməyi bacarıb. Roman Qriqorçuk “Qəbələ”yə qələbə ruhu, qələbə qazanmağa inam verən xüsusiyyətlər gətirə bilib. Bu, çox önəmlidir. “Qəbələ” buraya qədər gəlməklə tarix yazıb deyə bilərik. “Qəbələ”də lazımı potensial var. Bu hiss olunur, görünür”.

Aygün İlqarqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm