“Qarabağ” uduzdu, həsrət bitdi, seriya qırıldı
Bizi izləyin

İdman

“Qarabağ” uduzdu, həsrət bitdi, seriya qırıldı

Azərbaycan Premyer Liqasının son turu bir sıra maraqlı məqamlarla yadda qaldı.

Publika.az xəbər verir ki, ardıcıl 21 çempionat oyununda meydanı qolsuz tərk etməyən “Qəbələ”nin seriyası qırıldı. Roman Qriqorçukun yetirmələri 9-cu turun “Zirə” ilə qarşılaşmasında rəqib qapısına yol tapa bilmədi – 0:0.

2015-ci il fevralın 10-da ötən mövsümün “Simurq”la səfər görüşündə 0:2 hesabı ilə uduzduqdan sonra hər matçda fərqlənən “Qırmızı-qaralar” bu müddətdə 42 qol vurmuşdu.

“Qəbələ” bu göstəricidə milli çempionatlar tarixinin 7-ci nəticəsini təkrarlayıb. Əyalət təmsilçisi “Kəpəz”in 1994-cü ildəki göstəricisinə şərik olub.

Milli çempionatların 23 illik tarixinin rekordu 1994-95-ci illərdə ardıcıl 33 oyun qol vuran “Turan”a məxsusdur. “Şəmkir” 28, “Neftçi” və “Kəpəz” 25 oyunluq qollu seriyaya məxsusdur. Bundan başqa, Gəncə təmsilçisinin 23, “Ağ-qaralar”ın 22 matçlıq seriyası da var.

İlk dövrənin son qarşılaşması da (Sumqayıt - Qarabağ 1:0) iki ilklə əlamətdar olub.

9-cu turda “Sumqayıt” mövsümdəki ilk qələbəsini qazanıbsa, “Qarabağ” 1-ci dəfə uduzub. Ötən mövsüm mayın 28-də keçirilən son turda “İnter”i 3:1 hesabı ilə məğlub edən “Sumqayıt” 8 oyunluq qələbə həsrətinə 150 gündən sonra son qoyub. 35-ci turun “İnter”lə oyununda 1:2 hesabı ilə uduzduqdan sonra cari mövsümün 8 qarşılaşmasında uduzmayan “Qarabağ” mayın 22-dəki yenilgidən 156 gün sonra məğlub olub.

Xatırladaq ki, bu matçdan sonra çempionatda uduzmayan komanda qalmayıb. Qələbəsi olmayan yeganə komanda isə “Rəvan”dır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm