AFİŞA: “Neftçi” qisas, “Qarabağ”la “Qəbələ” qələbə həvəsində
Bizi izləyin

İdman

AFİŞA: “Neftçi” qisas, “Qarabağ”la “Qəbələ” qələbə həvəsində

Sabah Azərbaycan Premyer Liqasında 20-ci tura start veriləcək. Oyunlar 3 gün ərzində baş tutacaq.

Publika.az xəbər verir ki, ilk oyun günündə cəmi 1 qarşılaşma baş tutacaq. 2016-cı ilə qələbəylə başlayan “Neftçi” bu seriyanı davam etdirə bilər. Çünki “Ağ-qaralar”ın rəqibi heç də yaxşı günlərini yaşamayan “Rəvan”dır. Düzdür, maliyyə probleminə baxmayaraq, ötən tur “Sarı-qırmızılılar” Lənkərandan 1 xalla qayıda bilmişdi. Amma bu dəfə “Rəvan” üçün asan olmayacağı dəqiqdir. Çünki həm də “Neftçi” 2-ci dövrədəki məğlubiyyətin əvəzini çıxmağı düşünəcək.

İkini oyun günündə iki qarşılaşma baş tutacaq. Əvvəlcə “Sumqayıt” debütant “Zirə”ni qəbul edəcək. Bakılılar 2-ci pilləni tərk etməmək üçün bu matçda uduzmamalıdır. 3 turdu qələbəyə həsrət qalan Samir Abasovun yetirmələri isə Premyer Liqanın debütantını məğlub edib, xal hesabını artırmağa çalışacaqlar.

Daha sonra “Qarabağ” “Xəzər Lənkəran”ı sınağa çəkəcək. Son 4 matçda qalib gələ bilməyən çempion uğursuz seriyanı qırmaq əzmindədir. 8 matçdır rəqib qapılarına yol tapa bilməyən cənubluları məğlub etmək Qurban Qurbanovun yetirmələri üçün çətin tapşırıq olmamalıdır.

Son oyun gününə də iki qarşılaşma planlaşdırılıb. Tura mərkəzi oyunla yekun vurulacaq. Mövsümün ikinci yarısına qələbə ilə start verən komandaların Gəncədəki dueli də turun son gününə təsadüf edəcək. 6 turdu qol buraxmayan AZAL “Kəpəz”in qonağı olacaq. Paytaxt təmsilçisi 4 turluq qələbə seriyasını davam etdirməklə mövqeyini daha da yaxşılaşdırmaq iddiasındadır. Gəncəlilər isə 6 matçdır meydanı xalsız tərk etmirlər.

Turun mərkəzi oyununda “İnter” “Qəbələ”ni qəbul edəcək. İlə uğursuz başlayan komandalar ötən turda aldıqları məğlubiyyəti unutdurmaq üçün 3 xal qazanmalıdılar. Rəqiblər liderlər qrupundakı mövqeyini yaxşılaşdırmaq üçün turu itkisiz keçməyə çalışacaq. Son 4 görüşdə qələbə qazana bilməyən əyalət təmsilçisi qələbə qazansa, rəqibini arxada qoya bilər.

Azərbaycan Premyer Liqası. 20-ci tur

5 fevral

16:30 Neftçi - Rəvan

Statistika: 10 oyun, 8 qələbə, 2 məğlubiyyət, top fərqi - 16:8

Paytaxt klubları indiyədək heç-heçə etməyib. Son iki oyunda qonaq komanda 3 qol vuraraq, qalib gəlir. “Neftçi” 7 matçdır meydanı qolsuz tərk etmir.

6 fevral

15:00 Sumqayıt – Zirə

Statistika: 2 oyun, 1 heç-heçə, 1 məğlubiyyət, top fərqi - 2:3

Cari mövsümədək qarşılaşmayan komandaların ilk iki oyununda “Zirə” məğlub olmayıb. Sumqayıtlıların yeganə ev oyununda qol qeydə aınmayıb.

17:30 Qarabağ – Xəzər Lənkəran

Statistika: 34 oyun, 17 qələbə, 5 heç-heçə, 12 məğlubiyyət, top fərqi - 38:37

“Qarabağ” son 7 oyunda meydanı qolsuz tərk etməyib. 4 matçdır rəqiblərdən heç biri 2 və ya daha çox qol vura bilmir. “Xəzər Lənkəran” 6 görüşdür qalib gəlmir.

7 fevral

13:30 Kəpəz – AZAL

Statistika: 14 oyun, 2 qələbə, 3 heç-heçə, 9 məğlubiyyət, top fərqi - 7:23

AZAL son 10 oyundan yalnız birində qol vurmayıb. Gəncədəki son 5 oyunda heç-heçə qeydə alınmayıb. Son 3 qarşılaşmada qonaq komanda qalib gəlməyib.

17:30 İnter – Qəbələ

Statistika: 30 oyun, 14 qələbə, 10 heç-heçə, 6 məğlubiyyət, top fərqi - 44:25

Son 5 oyunda hər iki komanda qol vurub. Qəbələdə keçirilən son 3 qarşılaşmada eyni hesab (1:1) qeydə alınıb.

Bombardirlər: Ruslan Qurbanov (Neftçi), Riçard Almeyda (Qarabağ) – 7, Amil Yunanov (Sumqayıt), Aleksey Antonov (Qəbələ) – 6.

Qeyd: FIFA İntizam Komitəsinin müraciəti əsasında 01.26.2016 tarixdə "Rəvan" klubunun aktivindən 6 xal silinib.

Pərviz Hikmət

Oxumağa davam et
Reklam
Reklam

Gündəm