İdman
Sərbəst güləşçilər Rioda da iddialıdır
Güləş xalqımızın qanına hopmuş, ölkəmizdə ənənələri ən zəngin olan idman növüdür. Bu, nəticələrdə də özünü əks etdirir. Sözsüz ki, yarışların zirvəsi Olimpiya Oyunları hesab olunur. Olimpiadada qazanılan nəticəni nə dünya çempionatı, nə də Avropa çempionatındakı uğurlarla müqayisə etmək olar.
Bu səbəbdən olimpiya növləri hər zaman qeyri-olimpiya növləriylə müqayisədə çox böyük prestijə sahibdir. Güləş də onlardan biridir. Olimpiadanın ən qədim idman növlərindən biri olan güləşdə qazandığımız olimpiya medalları başqalarını xeyli üstələyir. Müstəqillik qazandıqdan sonra qatıldığımız 5 Olimpiadanın hamısında güləşçilərdən ən azı biri fərqlənib. Başqa heç bir idman növündə bu uğuru əldə etməmişik. İndiyədək 14 medal məhz bu növdən əldə olunub ki, bu baxımdan da güləş Azərbaycanda liderlik edir.
Maraqlıdır ki, qalan növlərdə cəmi 12 medal qazanılıb. Təkcə bu fakt ölkəmizdə güləşin hansı gücə sahib olduğunu aşkar göstərir. Heç bir idman növü güləşlə rəqabət apara bilmir. Böyük ehtimalla, bu Olimpiadada da ən çox medal güləşdən gələcək.
Bildiyiniz kimi, Rio-2016-da 14 pəhləvanla təmsil olunacağıq. Güləşin 3 növü üzrə ayrıca proqnoz tipli yazı qələmə almaq qərarına gəldik. Bu yazını sərbəst güləşçilərə həsr edirik. Saypulla Absaidovun komandası maksimum heyətlə Olimpiadaya qatılır. Bütün kateqoriyalarda – 6 çəkinin hamısında lisenziya əldə edilib. Heyətdə yer alanların hamısı titullu idmançılardır və deməli, Braziliyada hər biri fəxri kürsüyə qalxa bilər.
Bu növdə çıxış edəcək güləşçilərimiz haqqında proqnoza keçməzdən öncə bildirək ki, 1996-dan bu yana sərbəst güləşdə 6 medal əldə edilib. Atlanta-1996-da Namiq Abdullayev gümüş medal qazandı. O, 4 il sonra Sidneydə olimpiya çempionu oldu. Afina-2004-də güləşin bu növündə medal əldə etmədik. Pekin-2008-də Xetaq Qazyumovun “bürünc”üylə təsəlli tapdıq. London-2012-də Qazyumov eyni uğuru təkrarladı. Ancaq ən çox Toğrul Əsgərov və Şərif Şərifovun olimpiya çempionu olması yaddaşlara həkk olundu...
Hacı Əliyev
1991-ci ildə Naxçıvanda doğulan pəhləvanın əsas uğurları 2014-cü ildən başlayıb. Həmin il dünya və Avropa çempionu olan Əliyev ötən il Avropa Oyunlarında bürünc medal qazansa da, növbəti dəfə dünyanın ən güclüsü ünvanına sahib çıxdı. Hacı bu il Avropa çempionatında 3-cü yeri tutdu. Əliyev daha öncə Universiadada (2013) da bürünc medal qazanıb. O bu uğurlara qeyri-olimpiya kateqoriyası olan 61 kq-da imza atdığından Olimpiadaya ən yüngül çəkidə qatıldı. Əslində Hacı 65 kq-da güləşmək istəyirdi. Ancaq bu çəkidə olimpiya çempionu Toğrul Əsgərov yer aldığından Əliyev qardaşı Yaşar Əliyevin çıxış etdiyi 57 kq-a keçmək məcburiyyətində qaldı. Bu çəkidə lisenziyanı Mircəlal Həsənzadə qazansa da, məşqçilər korpusu daha təcrübəli və titullu Hacının Olimpiadaya yollanmasını məqsədəuyğun saydı. Əliyevin texnikasına söz ola bilməz. Çevikliyi ilə seçilən Hacı həm də yaxşı müdafiə olunur. Ən yüngül çəkidə güləşçimiz üçün 2 çətin rəqib var. Bunlardan biri Həsən Rahimidi. İranlı pəhləvan 2013-cü ildə dünya çempionu olub. Ötən il isə mundialda 2-ci yeri tutub. 57 kq-da əsas favorit isə Vladimir Xinçeqaşvili hesab olunur. Gürcü Əliyev üçün arzuolunmaz rəqib sayılır. Hacı bu güləşçiylə 2 dəfə Avropa çempionatında üz-üzə gəlib. 2013-cü ildə Tiflisdə 1:2, bu il isə Riqada 2:4 hesabıyla Xinçeqaşviliyə uduzub. Vladimir son dünya çempionu olmaqla yanaşı, 2 dəfə Avropa çempionatında qızıl medal qazanıb. O, London-2012-də “gümüş”ü boynundan asıb. İstənilən halda, Əliyevin fəxri kürsüyə qalxacağına inam böyükdür. 57 kq-da 19 güləşçi çıxış edəcək. Bu çəkidə mübarizə avqustun 19-da baş tutacaq.
Cəbrayıl Həsənov
66 kq-da iki dəfə dünya üçüncüsü və bir o qədər Avropa çempionu olan astaralı pəhləvan 74 kq-da qitənin 2 “gümüş”ünü və Bakı-2015-in “bürünc”ünü əldə edib. Londonda olimpiya medalını son anda əldən verən Həsənov bu dəfə daha təcrübəli və daha iddialıdır. Cəbrayılı Olimpiadada 19 potensial rəqib gözləyir. Yordan Burrous (ABŞ), Ənvər Qeduyev (Rusiya), Livan Lopes (Kuba), Sosuke Takatani (Yaponiya), Soner Demirtaş (Türkiyə), Narsinq Pançam Yadav (Hindistan), Pürevjavin Önörbat (Monqolustan) və Bekzod Abdurrəhmanov (Özbəkistan) yetərincə güclü güləşçilərdəndir. Bu çəkidə medalçılar avqustun 19-da müəyyənləşəcək.
Xetaq Qazyumov
Bu güləşçini əminliklə sabitlik rəmzi saya bilərik. Demək olar ki, qatıldığı bütün yarışlardan medalla dönüb. İndiyədək dünya çempionatlarında 1 “qızıl”, 3 “gümüş”, 1 “bürünc”, Avropa çempionatlarında isə 3 “qızıl” və 1 “gümüş” əldə edən osetiyalı güləşçi Pekin-2008-də və London-2012-də üçüncü yeri tutub. Böyük ehtimalla, Rio-2016 onun üçün son yarış olacaq. Qazyumov karyerasını major-notda bitirmək üçün olimpiya çempionluğunu hədəfləyib. 33 yaşlı pəhləvanı 97 kq-ın ən təcrübəli siması saya bilərik. Qazyumovu hədəfindən yalnız amerikalı Kayl Snayderlə rusiyalı Abdusalam Qadisov uzaq sala bilər. Ukraynalı Pavlo Oleyniki də sıradan rəqib saymaq olmaz. Maraqlıdır ki, bu çəkidə Rusiya güləş məktəbinin daha 2 yetirməsi qüvvəsini sınayacaq. Georgi Kotoyev Ermənistanı, Albert Saritov isə Rumıniyanı təmsil edəcək. Bu çəkidə də 19 güləşçi mübarizə aparacaq. Onlar ayın 21-də qalibi müəyyənləşdirəcək. (Newsport/az)
-
Sosial00:30
Məhəmmədəlinin anasından VİDA VİDEOSU
-
Qoroskop00:15
Günün ULDUZ FALI - Elə hadisələr baş verəcək ki...
-
MDB26 Dekabr 21:48
Qazaxıstanda Xəzərə çələnglər buraxıldı - FOTO
-
Hadisə26 Dekabr 21:24
Həlak olanların nəşi Aktaudan Vətənə gətirildi
-
MDB26 Dekabr 20:36
Aİİ sammitində Lukaşenko və Paşinyan arasında CİDDİ MÜBAHİSƏ - VİDEO
-
İdman26 Dekabr 20:24
Bir döyüşə görə 100 milyon qazanıb: 100 dollarlıq saxta saat taxır - VİDEO
-
Sosial26 Dekabr 19:20
Ramiz Tatarov azadlığa çıxdı
-
İdman26 Dekabr 18:12
Təyyarə qəzasında vəfat edən 13 yaşlı Məhəmmədəli futbolçu imiş