14-cü dünya çempionu karyerasını bitirdi - FOTO
Bizi izləyin

İdman

14-cü dünya çempionu karyerasını bitirdi - FOTO

Şahmat üzrə on dördüncü dünya çempionu Vladimir Kramnik karyerasını bitirib.

Publika.az TASS-a istinadla xəbər verir ki, 43 yaşlı şahmatçı bu barədə bazar günü başa çatan “Veyk-an-Zee” turnirinin rəsmi saytına bildirib. Yanvarın 12-dən 27-dək davam edən turnirdə Vladimir Kramnik hollandiyalı Yorden Van Forestlə son pillələri, 13-14-cü yerləri bölüşüb.

“Mən bir neçə ay əvvəl peşəkar şahmat karyeramı bitirmək qərarına gəldim və indi son turnirimi oynayarkən ictimaiyyətə bu barədə məlumat vermək istəyirəm”, - deyə V.Kramnik bildirib. Tanınmış qrossmeyster peşəkar şahmatçı həyatını möhtəşəm səyahətə bənzədib və bütün bunlar üçün şahmata minnətdar olduğunu deyib.

“Amma bununla belə sürətli şahmat və ya blits turnirlərində, eləcə də, şahmatla bağlı müxtəlif tədbirlərdə iştirak etmək və onların təbliğatına qatılmaq istəyirəm", - deyə Vladimir Kramnik əlavə edib.

Qeyd edək ki, Vladimir Kramnik Peşəkar Şahmat Assosiasiyasına (Beynəlxalq Şahmat Federasiyasının münaqişəsi nəticəsində 1993-cü ildə yaradılan təşkilat) görə 2000-2006-cı illər dünya çempionu olub. 2006-cı ildə Peşəkar Şahmat Assosiasiyası və FIDE-nin birgə təşkil etdiyi dünya çempionatında bolqar Veselin Topalovu məğlub edərək on dördüncü dünya çempionu adını qazanıb. Rusiyalı zəka sahibi 2007-ci ildə şahmat tacı uğrunda görüşdə hindistanlı Vişvanatan Ananda məğlub olub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm