İdman
Prezident İlham Əliyev: Azərbaycan güclü dəstəyə və gələcək üçün aydın planlara malikdir (FOTO)
Noyabrın 21-də Bakıda Avropa Olimpiya Komitəsinin 43-cü
Baş Assambleyası işə başlayıb.Tədbirin rəsmi açılışında Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva
iştirak ediblər.
Publika.az xəbər verir ki, Prezident İlham Əliyevi və xanımı
Mehriban Əliyevanı Beynəlxalq Olimpiya Komitəsinin prezidenti Tomas
Bax və Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hikki
qarşılayıblar.
Dövlətimizin başçısı və xanımı Avropa Olimpiya Komitəsinin rəhbər
heyəti ilə görüşdülər.
Azərbaycan Prezidenti İlham Əliyev Avropa Olimpiya Komitəsinin
43-cü Baş Assambleyasında çıxış edib:
Prezident deyib ki, Azərbaycan qədim tarixi, adət-ənənələri və
mədəniyyəti ilə seçilən ölkədir: “Əminəm ki, qonaqlarımız, –
bilirəm, onların əksəriyyəti ölkəmizə ilk dəfədir səfər edir, -
həmçinin Azərbaycanı daha yaxşı tanımaq, tarixi yerlərimizi ziyarət
etmək imkanını əldə edəcəklər. Yeri gəlmişkən, onlardan bəziləri
UNESCO tərəfindən qorunur və dünya mədəni irsinin bir
hissəsidir.
Bununla belə, Azərbaycan müstəqil ölkə kimi gəncdir.
Müstəqilliyimizin cəmi 23 yaşı var. Əlbəttə ki, müstəqilliyimizin
ilk illərində əsas prioritet müstəqil ölkəni qurmaq,
dövlətçiliyimizi və müstəqilliyimizi möhkəmləndirmək və siyasi
təsisatları yaratmaq idi”.
Dövlət başçısının sözlərinə görə, Avropa Olimpiya Komitəsinə üzv
olmaq qərarı bu Komitə tərəfindən çox müsbət qarşılandı və
prioritetlərimizi nümayiş etdirdi: “Avropa Olimpiya ailəsinə üzv
olduqdan sonra Azərbaycan Avropa təsisatlarına daha sürətlə
inteqrasiya etməyə başladı. Siyasi sistemimiz Avropanın siyasi
sisteminin modelidir. Çünki bildiyiniz kimi, müstəqilliyimizi bərpa
etdiyimiz vaxt siyasi sistem, ümumiyyətlə mövcud deyildi. Biz
uğurları qazanmaq, müstəqillik fürsətini qaçırmamaq üçün müstəqil
dövlət qurmalı, siyasi təsisatları yaratmalı, o cümlədən güclü
iqtisadiyyatı formalaşdırmalı idik”.
İlham Əliyev bildirib ki, bu baxımdan Avropa Olimpiya ailəsinin
hissəsi olmaq, həmçinin bizə Avropa təsisatlarına fəal şəkildə
inteqrasiya imkanını yaratdı: “Yeri gəlmişkən, Azərbaycanın Avropa
Şurasının Nazirlər Komitəsindəki sədrliyi bir həftə öncə başa
çatıb. Sədrliyimiz çox uğurla keçdi. Əlbəttə ki, 2001-ci ildə
reallaşmış Avropa Şurasına üzvlük bizə islahatları davam etdirmək
və Avropa dəyərlərini ölkəmizdə təşviq etmək imkanını yaratdı.
Siyasi islahatlar Azərbaycan üçün əsas prioritetlərdən biridir.
Güclü demokratik təsisatların qurulması bizim üçün uğur şərtidir,
çünki bizim bu gün güclü iqtisadiyyatımız var. Lakin möhkəm siyasi
sistem olmadan inkişafımız görmək istədiyimiz qədər sürətli ola
bilməzdi.
Bir sözlə, demokratiyanın və əsas azadlıqların təşviqi bizim üçün
prioritetdir. Azərbaycanda bütün əsas azadlıqlar təmin edilib.
Mətbuat azadlığı, azad internet var. Vətəndaşlarımızın 70 faizdən
çoxu fəal internet istifadəçisidir. Toplaşmaq, təşkilatlanmaq
azadlığı tam təmin edilib. Azərbaycanda 500-dən çox mətbu orqan
fəaliyyət göstərir. Dini azadlıq tam təmin edilib. Ölkəmiz hazırda
dünyada multikulturalizmin əsas mərkəzlərindən biri hesab olunur.
Bir çox beynəlxalq tədbirlərin keçirilməsi və həmin mühüm məsələnin
müzakirəsi ümumi əməkdaşlıq amalına və dinlərarası dialoqa verilən
töhfədir.
Eyni zamanda, biz müasir, özünü təmin edən iqtisadiyyatın qurulması
üçün ürəkdən çalışırıq. Bu səbəbdən, iqtisadi islahatlar
gündəliyimizdə olan məsələdir. Son on il ərzində Azərbaycan
iqtisadiyyatı dünyada ən sürətlə artan iqtisadiyyat olub. Ümumi
daxili məhsulumuz üç dəfədən çox artıb. Büdcə xərclərimiz iyirmi
dəfədən çox artıb. Biz yoxsulluğun səviyyəsini 49 faizdən 5 faizə
qədər azalda bildik. İşsizlik isə 5 faizdən aşağıdır. Maliyyə
vəziyyətimiz çox sabitdir. Xarici borc ümumi daxili məhsulun yalnız
8 faizini təşkil edir. İqtisadi islahatlarımız, həmçinin beynəlxalq
maliyyə təsisatları tərəfindən xüsusi olaraq qeyd edilir. Yeri
gəlmişkən, Davos Dünya İqtisadi Forumu qlobal rəqabətə davamlılıq
baxımından ölkəmizi 38-ci yerdə qərarlaşdırıb. Bu səbəbdən,
iqtisadi inkişafımızın aparıcı qüvvəsi, əlbəttə ki, islahatlar
oldu”.
İlham Əliyev qeyd edib ki, eyni zamanda, Azərbaycan zəngin təbii
ehtiyatlara malik olan ölkədir: “Təbii ehtiyatlardan səmərəli
istifadə, milli ehtiyatların insan kapitalına çevrilməsi, həmçinin
bizim üçün prioritet oldu. Gələcəyə sərmayə, təhsil, sosial
problemlərin həlli və infrastrukturun yaradılması bizə
iqtisadiyyatımızı şaxələndirməyə imkan verdi.
Beləliklə, enerji təhlükəsizliyi məsələlərinə gəldikdə, Azərbaycan
bu gün Avropanın çox mühüm tərəfdaşıdır. Avropa İttifaqı ilə
imzaladığımız sənədlər aydın göstərir ki, Azərbaycan “Cənub” qaz
dəhlizini təşviq və təchiz edən, eləcə də inşasını başlatdıran
tərəfdir. Əslində, biz “Cənub” qaz dəhlizinin çəkilməsini
başlatdıran ölkə olduq. Təməlqoyma mərasimi avropalı həmkarlarımın
geniş iştirakı ilə Bakıda iki ay öncə, sentyabrın 20-də təşkil
edilmişdir.
Bir sözlə, enerji təhlükəsizliyi və şaxələndirilməsi, əlbəttə ki,
Avropa təsisatları ilə gələcək münasibətlərimizdə əsas rol
oynayacaq. Avropa İttifaqı ilə əlaqələrimizi ortaq dəyərlərə,
qarşılıqlı hörmətə və marağa əsaslanan, proqnozlaşdırılan, çox
güclü əlaqələr hesab edirik. Buna görə, fikrimizcə, bu münasibətlər
sivilizasiyaların dialoqunda mühüm rol oynaya bilər. Çünki bu,
coğrafi mövqeyimiz, tariximiz və irsimizdən gəlir. Azərbaycan
coğrafi baxımdan Avropa ilə Asiya arasında yerləşir. Mədəniyyət,
çoxmədəniyyətli və çoxkonfessiyalı cəmiyyət baxımından Azərbaycan
sivilizasiyalar dialoqunda mühüm rol oynayır.
Biz Avropa təsisatlarının üzvüyük. Eyni zamanda, İslam Əməkdaşlıq
Təşkilatının da üzvüyük. Əslində, dünyada nadir ölkələrdən biriyik
ki, iki yüzdən artıq ölkəni əhatə edən hər iki təşkilatın üzvüyük.
Avropa ilə münasibətlərimiz sırf enerji təhlükəsizliyi ilə bağlı
deyil. Əməkdaşlığımızın daha geniş əhatə dairəsi var. Hesab edirəm
ki, bu əlaqələr, artıq qeyd etdiyim kimi, regionumuzda, Avropa və
Asiyada sabitliyin, proqnozlaşdırmanın və əməkdaşlığın
gücləndirilməsində çox mühüm rol oynaya bilər. Bizim buna
ehtiyacımız var. Bizə potensial riskləri azaltmaq üçün əməkdaşlıq
lazımdır. Əfsuslar olsun, risklər hələ ki, burada mövcuddur,
qapının kandarındadır”.
Prezident xatırladıb ki, Azərbaycan, həmçinin beynəlxalq
ictimaiyyətin fəal üzvüdür: “Cəmi 23 ildir ki, müstəqil ölkə və
BMT-nin üzvü olmağımıza baxmayaraq, ölkəmiz açıq, mehriban,
etibarlı tərəfdaş olduğunu nümayiş etdirə bildi. Bu səbəbdən
Azərbaycan 155 ölkənin dəstəyi və səsi ilə BMT-nin Təhlükəsizlik
Şurasının 2012-2013-cü illər üçün qeyri-daimi üzvü seçildi. İki il
ərzində biz dünyanın bir nömrəli beynəlxalq qurumunun üzvü olduq.
Təhlükəsizlik Şurasına iki dəfə sədrlik etmişik. Bu, beynəlxalq
ictimaiyyətin əksər hissəsinin bizə, siyasətimizə verdiyi
hərtərəfli dəstəyin göstəricisidir. Siyasətimiz beynəlxalq hüquqa
və ədalətə əsaslanır, əməkdaşlığın genişləndirilməsini və potensial
risklərin azaldılmasını nəzərdə tutur. BMT-nin Təhlükəsizlik
Şurasının üzvü olmaq Azərbaycanın beynəlxalq səhnədə ən böyük
diplomatik və siyasi qələbəsi idi. Əslində, bu, göstərir ki, ölkə
daxilində atdığımız addımlar, qonşularımıza və tərəfdaşlarımıza aid
siyasətimiz dünyada yüksək qiymətləndirilir. Bu gün dünya daha çox
əməkdaşlıq və anlaşmaya, eləcə də mövcud və potensial təhlükələrin
azaldılmasına ehtiyac duyur.
Əlbəttə, Azərbaycan haqqında çox söz söyləyə bilərəm. Lakin bilirəm
ki, vaxt məhduddur və daha çox idman və Olimpiya hərəkatının
inkişafı sahəsindəki siyasətimiz haqqında danışmaq istərdim. Bu,
Azərbaycan üçün prioritetlərdən biridir. Biz Olimpiya dəyərlərinin
təşviqi üçün çox işlər görürük. Bunlar dostluq, sülh və əməkdaşlıq
dəyərləridir. Eyni zamanda, biz praktiki olaraq, müasir idman
infrastrukturunun yaradılmasına böyük sərmayələr qoyuruq. Son 10-15
il ərzində Azərbaycanda 50-dən artıq müasir Olimpiya Mərkəzi
tikilib. Yeri gəlmişkən, ilk Olimpiya-İdman Mərkəzi Azərbaycanda
2000-ci ildə tikilmişdir və Beynəlxalq Olimpiya Komitəsinin fəxri
prezidenti, o vaxt Avropa Olimpiya Komitəsinin prezidenti cənab Jak
Roqq həmin ilk idman mərkəzinin açılış mərasimində iştirak
etmişdir.
Həmin vaxtdan etibarən bu ənənə davam edir. Avropa Olimpiya
Komitəsinin indiki prezidenti, əziz dostumuz cənab Patrik Hikki isə
2006-cı ildə ölkəmizin cənub bölgəsində yerləşən şəhərlərimizdən
birində Olimpiya İdman Mərkəzinin açılışında iştirak etmişdir.
İdman infrastrukturuna qoyulan sərmayələr atletlərimizin
nəticələrində əks olunub. Fərəhlənirik ki, Azərbaycan idmançıları
ölkəmizi beynəlxalq səhnədə layiqincə təmsil edirlər. Londonda
keçirilmiş son Olimpiya Oyunlarında idmançılarımız 10 medal
qazanıb. Onlardan ikisi qızıldır. Ölkəmiz bütün iştirakçılar
sırasında 30-cu, Avropa ölkələri arasında isə 15-ci oldu.
Bu il Nankində Yeniyetmələrin Olimpiya Oyunlarında gənc
idmançılarımız təxminən 200 ölkə sırasında 10-cu yeri tutmuşlar.
Bu, müstəqilliyini yalnız 23 il öncə qazanan, əhalisi o qədər də
çox olmayan ölkə üçün tarixi nailiyyətdir. Onuncu yer o deməkdir
ki, biz dünyanın aparıcı idman ölkələri sırasındayıq. Bu,
Azərbaycanda idmanın təşviqi, lazımi infrastrukturun qurulmasının
bariz nümunəsidir. London və Nankində medal qazanmış bütün atletlər
müstəqillik illərində formalaşmış idmançılardır. Müstəqillik bizim
üçün ən böyük dəyərdir. Bu gün Azərbaycan xalqı nəinki müstəqil
olmaqdan, BMT-də bayrağını qaldırmaqdan fərəhlənir. O, həmçinin
fərəhlənir ki, bu müstəqillik ölkəyə uğurlar, sosial rifah və
xalqımıza çiçəklənmə gətirdi”.
Dövlət başçısı deyib ki, Azxərbaycanın Avropa və dünya
çempionatlarının keçirilməsində təcrübəsi var: “Bu tədbirlər
Azərbaycanda dəfələrlə keçirilib. Lakin əlbəttə ki, gələn il
keçiriləcək Avropa Oyunları bizim üçün ən yüksək səviyyəli idman
hadisəsinə çevriləcək. Fərəhlənirik ki, ilk Avropa Oyunları məhz
Azərbaycanda keçiriləcək. Fürsətdən istifadə edərək, Avropa
Olimpiya Komitəsinin Baş Assambleyasına qəbul etdiyi bu qərara görə
bir daha minnətdarlığımı bildirmək istəyirəm. Deyə bilərəm ki, biz
sizi sevindirəcəyik və bu Oyunların ən yüksək səviyyədə
hazırlanması və keçirilməsi üçün əlimizdən gələni edəcəyik.
Baxmayaraq ki, vaxtımız azdır. Hazırlıqlar üçün cəmi iki il yarım
vaxt ayrılmışdır. Lakin xoşbəxtlikdən əvvəlki illərdə idman
infrastrukturuna qoyulmuş sərmayələr bir neçə ay ərzində hazır
olmaq imkanı yaratdı. Əlbəttə ki, bu, Avropada və bütün dünyada
nadir hadisə olacaq.
Hesab edirəm ki, biz bu Oyunların keçirilməsində standartları
müəyyən edəcəyik. Yəqin artıq bilirsiniz ki, Oyunlarda 20 idman
növü üzrə 6 mindən çox idmançı iştirak edəcək. 2016-cı ildə biz
Dünya Şahmat Olimpiadasını, 2017-ci ildə isə İslam Həmrəyliyi
Oyunlarını keçirəcəyik. Bu da çox rəmzidir. Eyni ölkədə, eyni
şəhərdə iki ildə siz Avropa Oyunlarını, sonra isə İslam Həmrəyliyi
Oyunlarını seyr edəcəksiniz. Bu, Azərbaycanın bugünkü reallığını
əks etdirir. Ölkəmiz müasir və dinamikdir, əməkdaşlığa açıqdır,
sivilizasiyaların və qitələrin kəsişməsində yerləşir, yaxşı
potensiala, güclü dəstəyə və gələcək üçün aydın planlara
malikdir.
Əminəm ki, qonaqlarımızın Azərbaycanı daha yaxşı tanımaq imkanı
olacaq. Mən Sizə uğurlar arzulayıram və bu gün bizimlə olduğunuza
görə minnətdaram”.
-
Sosial16:35
Nazir rəisi işdən azad etdi
-
Sosial16:15
Bu o demək deyil ki, yaxşı işləri dəyərləndirməməliyik - İsa Qəmbər
-
Maraq dünyası15:10
"Ferrari" ən güclü avtomobilini təqdim etdi - ŞOK QİYMƏT
-
Rəsmi xronika14:14
İlham Əliyev qanun imzaladı
-
ABŞ13:55
Seçkiqabağı sorğu: İkisindən biri 10 faiz öndədir
-
Dünya13:20
Peter Siyarto Makrona qarşı çıxdı
-
Sosial12:35
Əmlak bazarında “tilov effekti” - Yanvardan tətbiq olunan bu qərar insanları qorxuya salıb
-
Art12:06
Azərbaycan teatrının “sarı simi” – Onun gözlərinə baxa bilmirdim