Sədaqətli dahilər - 24 il “şeytan”a xidmət edən kimdir?
Bizi izləyin

İdman

Sədaqətli dahilər - 24 il “şeytan”a xidmət edən kimdir?

Müasir futbol artıq çox dəyişib. İndi futbolçular klubları əlcək kimi dəyişirlər. İndi hər şeyi pul həll edir. Nə şərəf, nə sədaqət, nə də vətənpərvərlik qalmayıb. Amma hələ də bəzi istisnalar var. Bəlkə də bir çoxları məhz bu istisnalara görə hələ də futbolu sevir. Sözsüz, onlar əfsanədirlər. Təkcə öz klublarında yox, həm də bütün dünyada.

Publika.az futbol tarixində öz klubuna sadiq qalan əfsanəvi futbolçular haqqında məlumat verəcək.

24 il “şeytan” kimi

O, “Mançester Yunayted”in canlı əfsanəsidir. Karyerasını 2014-cü ildə bitirən Rayan Giqqzi deyirik. Rayan “Mançester Yunayted”in ulduzu olarkən, onun ötənilki komanda yoldaşlarından bir qismi futbolda ilk addımlarını atırdı. O, “qırmızı şeytanlar”ın heyətində bütün rekordları alt-üst edib. Titullarının sayı-hesabı yoxdur. Klubda ən çox oyun, Premyer Liqada ən çox mövsüm keçirən futbolçudur. 14 yaşında “Old Trafford” gəlib, 40 yaşında butslarını mıxdan asıb. Gənclər komandasını da nəzərə alsaq, Giqqzin bütün həyatını “Mançester Yunayted”də keçirdiyini deyə bilərik. O, hələ də doğma klubunu tərk etmək istəmir. Hazırda komandanın baş məşqçisi Lui Van Qalın qərargahında çalışır. Sözsüz, “Yunayted” azarkeşləri gələcəkdə onu klubun yeni baş məşqçisi və yeni Ferqyusonu kimi görmək arzusundadırlar.

Ata 2 dəfə xəyanət edib, oğul isə...

Maldini sülaləsi İtaliya futbolunda ən məşhurlardandır. Ata Çezare, oğul Paolo düz 40 il sərasər “Milan”a böyük uğurlar qazandırıblar. Ata Maldini karyerasını bitirəndən sonra məşqçi olub. İtaliya yığmasında və “Milan”da oğlunu çalışdırıb. Ancaq ata Maldini 2 dəfə başqa kluba getsə də, oğul Maldini karyerası boyunca “Milan”a sadiq qalıb. O, “Milan”ın heyətində 1985-ci ildə debüt edib, 2009-cu ildə isə karyerasını bitirib. İndi Paolonun 2 oğlu - Kristian və Daniel böyüyür. Onların hər ikisi “Milan”ın futbol akademiyasında sülalənin ənənəsini davam etdirir.

22 il “polislər”in qoruyucusu kimi

Dünya futbol tarixinin ən yaxşı qapıçısı “Dinamo”ya sədaqətini bütün karyerası boyu qorudu. Lev Yaşin düz 22 il “polislər”in qoruyucusu oldu. O, doğma klubunu dünyada ən yaxşı hesab edirdi. Hətta o dərəcədə yaxşı ki, onu dəyişmək barədə heç vaxt düşünməmişdi. “Dinamo” ilə Yaşin keçmiş SSRİ-də bütün titulları qazandı. Karyerasını bitirdikdən sonra da komandada fəaliyyətini davam etdirdi. Bundan sonra “Dinamo”nun adından Lev Yaşin adını ayırmaq mümkün deyil. Bu ad “Dinamo”nun tarixinə elə həkk edilib ki...

Romanın imperatoru

Françesko “Roma”nın heyətində ilk qolunu düz 20 il əvvəl vurub. Roma üçün Totti hətta əfsanədən də böyük anlam kəsb edir. O, imperatordu. 10 yaşından “Roma”dadı. 38 yaşı var, hələ də karyerasını bitirməyi düşünmür. Ötən il Françesko klubla 2 illik müqavilə imzalayıb. Aydındır ki, Tottinin karyerası məhz “Roma”da başa çatacaq. Bu, onun üçün hər şeydi. Əslində, bu yazını hazırlayarkən biz Tottini “sədaqətlilər klubu”na namizəd kimi göstərməliydik. Çünki o, hələ karyerasını başa vurmayıb. Deməli, klubunu dəyişmək ehtimalı var. Amma bu ehtimal çox azdır. Hətta bunu təsəvvür etmək də mümkün deyil.

“Şeytanlar”ın akademiyasında eyni vaxtda peyda olan cütlük

“Mançester Yunayted”in daha iki əfsanəsi. Aleks Ferqyusonun “qızıl nəsil” komandasının üzvləri. Pol Skoulzla Qari Nevillin bir yaş fərqi var. Onlar “şeytanlar”ın akademiyasında demək olar ki, eyni vaxtda peyda olublar. Elə bundan sonra da əl-ələ verərək, karyeraları boyunca kluba böyük şöhrət qazandırdılar. Qari yaşca kiçik olsa da, karyerasını Skoulzdan tez bitirdi. Pol bir qədər ləngidi, karyerasını bitirsə də, ser Aleksin xahişi ilə qayıtdı. Skoulzla Nevillin birlikdə o qədər titul və nailiyyətləri var ki... Digər klubların hamısına bəs edəcək qədər.

“Arsenal”ın qalası olan sabiq “Qəbələ”li

İçki düşkünü və davakar. Nə olsun ki... Əvəzində futbolçu kimi belə xatırlanır: “Arsenal”ın müdafiəsinin qalası, kapitan və qaya. O, ilk dəfə kapitan sarğısını 1988-ci ildə taxıb. “Topçular”ın tarixində ən gənc kapitan olub. Düz 14 il bu sarğını şərəf və qürur hissi ilə daşıyıb. Adams hələ Venger erasından əvvəl “Arsenal”da “əvəzolunmaz” statusuna sahib olmuşdu. Onlar xaraktercə tam başqa adamlar idi. Fransız intellektual, ziyalı xarakterli, Adams isə çılğın, dəlisov idi. Ancaq Arsen Toninin oyun keyfiyyətini, iradəsini və sədaqətini qiymətləndirdi. O, “Arsenal”a 14 yaşında gəlmişdi. Elə karyerasını da burda bitirdi. 19 ilə bu komandaya peşəkar səviyyədə xidmət etdi. “Topçular”ın əfsanəsinin Azərbaycana da bağlılığı var. Adams bir müddət “Qəbələ”nin baş məşqçisi kimi fəaliyyət göstərib.

“Real”ı küldən oda çevirən dahi

Hər kəs XIV Lüdovikin bu deyimini bilir: “Dövlət - bu, mənəm”. Bax, bu deyimi mübaliğəsiz don Santyaqo Bernabeu - “Real” münasibətlərinə aid etmək olar. O, bu klubun əsasını qoymayıb. Amma bütün həyatını bu kluba həsr edərək, indi tanıdığımız “Real”ın inkişafına nail olub. O, 16 il “Kral klubu”nun hücumçusu olub. Sonra ikinci məşqçisi. Daha sonra baş məşqçisi və prezidenti. 1943-cü ildən 1978-ci ilədək “Real”ın prezidenti olmaq! Sadəcə, fantastikadır. İkinci dünya müharibəsindən sonra məhz Santyaqo Bernabeunun sayəsində “Real” küldən oda - dünyanın ən güclü klublarından birinə çevrilə bildi.

Natiq

Oxumağa davam et
Reklam
Reklam

Gündəm