Pəhləvanlarımız jurnalistlər üçün “şou” göstərdi - VİDEO+FOTO
Bizi izləyin

İdman

Pəhləvanlarımız jurnalistlər üçün “şou” göstərdi - VİDEO+FOTO

I Avropa Oyunlarına az vaxt qalıb. Yeni ilin ilk günlərindən hər 3 növdə güləş üzrə yığma komandalarımız təlim-məşq toplanışlarına start verib. Məşqlərdən biri də bu gün baş tutub. Olimpiya Güləş Mərkəzində güləş üzrə ölkə yığma komandalarının mətbuat üçün açıq məşqi keçirilib.

Açıq məşqin proqramı əsasında ilk öncə yunan-Roma güləşi üzrə yığma komanda döşək üzərinə çıxdı. Yunan-Roma millisinin baş məşqçisi Cəmşid Xeyrabadi, böyük məşqçi Nurəddin Rəcəbov və digər məşqçilər də tələbələri ilə döşək üzərinə çıxmışdılar. İdmançıların nöqsanlarını göstərir, fənd atarkən hansı səhvləri etməmələrini başa salırdılar.

Məşqdə olimpiya mükafatçılarımız Rövşən Bayramov, Emin Əhmədov, dünya və Avropa çempionu Həsən Əliyevin də olması diqqətlərdən yayınmadı.

Saat 11:00-da qadın güləşi üzrə yığma komandanın üzvləri məşqçi heyəti ilə (baş məşqçi Semyon Çeterov, böyük məşqçi Konstantin Konorev və məşqçi Arif Fərmanov) birlikdə digər döşək üzərinə çıxdılar, hünərlərini sərgilədilər.

Qadın güləşçilər arasında Avropa və dünya çempionu Yulya Ratkeviç, dünya çempionu Səbirə Əliyeva və Gözəl Zutova da var idi. Ancaq olimpiya mükafatçımız Mariya Stadnik həmin məşqdə iştirak etmirdi. Ratkeviç isə keçən ildən aldığı zədənin problemini az da olsa çəkir. Onun həkim müayinəsindən keçməsi gözümüzdən yayınmadı. Qızlardan ibarət güləşçilərin həkimindən problemlə bağlı soruşduğumuz zaman belə cavab verdi:

“Yulya Ratkeviçin çiynində vətər dartılması yaranıb. Ona çiynindən iynə vururam. Amma artıq demək olar ki, sağalır”.

Yarım saat sonra isə sərbəstçilərimiz döşək üzərində güclərini nümayiş etdirdilər. Baş məşqçi Saypulla Absaidov, böyük məşqçi Firdovsi Umudov və digər məşqçi David Kurtsiya güləşçilərə göstərişlərini verdi, nöqsanlarını başa saldı.

Sərbəst güləşçilərimiz arasında dünya - Avropa çempionu Hacı Əliyev, Oyan Nəzəriani, olimpiya çempionları Toğrul Əsgərov və Şərif Şərifov də mətbuata açıq məşqdə iştirak edirdi.

Məşq zamanı ən maraqlı cəhət isə hər 3 döşəkdə idmançılar üçün həkimlərin olmasıydı. Ani bir zədə olduğu təqdirdə tibb işçiləri dərhal müdaxilə edirdi.

Öyrəndik ki, həmin həkimlər tək bu gün üçün orada oturmayıblar, mətbuatdan kənar məşqlər zamanı da orada olurlar.

Bundan əlavə, hər dəfə olduğu kimi federasiyanın I vitse-prezidenti Namiq Əliyev məşqlərin keçdiyi mərkəzə gələrək həm sərbəst, həm yunan-Roma, həm də qadınlardan ibarət yığmaların məşqlərini izlədi, məşqçilər korpusu ilə söhbət etdi.

Gələn həftədən millilərin müxtəlif beynəlxalq turnirlərə yollanacaqlarını bildirən N.Əliyev bunun Avropa Oyunlarına hazırlıq mərhələsi kimi nəzərdə tutulduğunu bildirib:

“I Avropa Oyunlarının ilk günlərindən güləş yarışlarının keçirilməsi Azərbaycan pəhləvanları üçün hansısa psixoloji problem yarada bilər. Lakin bu turnirin Bakıda təşkili həm də əlavə üstünlükdür. I Avropa Oyunlarından öncə Azərbaycanın hər 3 növ üzrə yığmaları Dünya Kubokunda mübarizə aparacaq. Yunan-Roma güləşi üzrə Dünya Kuboku fevralın 19-20-də İranın paytaxtı Tehranda, qadın güləşi üzrə Dünya Kuboku 7-8 martda Rusiyanın Sankt-Peterburq şəhərində, sərbəst güləş üzrə Dünya Kuboku aprelin 11-12-də ABŞ-ın Los Anceles şəhərində baş tutacaq. Həm sərbəst, həm də yunan-Roma güləşi üzrə Dünya Kubokunda Azərbaycan millisinin qrupdakı rəqibləri arasında İran da yer alıb.

Çempionatın İranda keçirilməsi böyük ajiotaj yaradır. Komandamız İrana birinci heyətlə yollanacaq və düşünürəm ki, yaxşı da nəticə qazanacağıq. Komandalarımızın heyəti bütün növlərdə sabitdir. Ümid edirik ki, maraqlı görüşlər olacaq”.

AGF rəsmisinin fikrincə, qüvvələri elə tənzimləmək lazımdır ki, həm Avropa Oyunlarında, həm də dünya çempionatında nəticə qazanılsın. O bildirib ki, olimpiadaya nə qədər çox lisenziya qazanılsa, hazırlaşmaq da bir o qədər rahat olar:

"Hədəflərimiz həmişə olduğu kimidir. Hesab edirik ki, hər üç komandamız kifayət qədər hazırdır və təcrübələri var. Avropa Oyunlarında da güləşçilərimiz Azərbaycan xalqını sevindirəcək".

I vitse-prezident toplantıda güləş döşəklərinin rənginin və hakimlərin geyiminin dəyişdirilməsi barədə çıxarılan qərara da münasibət bildirib: "Fikrimcə, bu düzgün addımdır. Çünki idarəçilik vaxtı indiki geyim haradasa hakimin hərəkətini məhdudlaşdırır. Döşəyin rənginin dəyişdirilməsinə gəlincə, ola bilsin burada da hansısa məntiq var. Hesab edirəm ki, normal haldır. Bu müasir işlər həyata keçirildikdən sonra, mənə elə gəlir ki, daha çox gənci güləşə idmançı yox, tamaşaçı kimi də cəlb etmək mümkün olacaq”.

Aygün İlqarqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm