İdman
“Qızıl top” Keynə milyonlar qazandırdı - “Bavariya” bonus ödəyəcək
“Bavariya”nın hücumçusu Harri Keyn “Qızıl top” mükafatını qazandığı üçün klubdan bir milyon avrodan artıq bonus alacaq.
Publika.az xəbər verir ki, Almaniyanın “Sport Bild” nəşrinin məlumatına görə, ingiltərəli futbolçu 2023-cü ilin yayında Münhen təmsilçisi ilə müqavilə imzalayarkən razılaşmaya xüsusi bənd daxil etdirib. Həmin şərtə əsasən, Keyn futbolun ən nüfuzlu fərdi mükafatına sahib olacağı təqdirdə klub ona bir milyon avrodan çox ödəniş etməlidir.
Məlumata görə, Keyn oktyabrın sonunda keçirilən mükafatlandırma mərasimində “Real Madrid”in hücumçusu Kilian Mbappeni cüzi fərqlə qabaqlayıb. Üçüncü yeri isə “Barselona”nın gənc ulduzu Lamin Yamal tutub. Futbolçunun sabiq klubu “Tottenhem” isə bu uğura görə əlavə ödəniş almayacaq.
Keynin müqaviləsində digər fərdi nailiyyətlərə görə də bonusların nəzərdə tutulduğu bildirilir. O, Bundesliqada bombardir olduğu, Çempionlar Liqasında ən çox qol vurduğu və Avropanın ən məhsuldar futbolçusuna təqdim edilən “Qızıl buts” mükafatını qazandığı halda əlavə ödəniş əldə edir. Bu bonusların konkret məbləği açıqlanmayıb.
Qeyd edək ki, Keyn ötən mövsüm bütün turnirlərdə 61 qol vuraraq “Qızıl buts” mükafatına sahib çıxıb. O, bu mükafatı iki dəfə qazanan futbolçulardandır. “Bavariya”da isə bundan əvvəl yalnız Gerd Müller və Robert Levandovski bu uğura birdən çox nail olmuşdu.
İngiltərəli hücumçu “Qızıl top” mükafatını klubun muzeyinə təqdim etmək ehtimalını da istisna etməyib. O, kubokun azarkeşlər tərəfindən də görülməsi üçün “Bavariya” ilə bu məsələni müzakirə edəcəyini bildirib.
Bununla yanaşı, Keyn Münhen klubu ilə müqaviləsini uzatmağa yaxındır. Futbolçunun hazırkı sözləşməsi gələn yay başa çatır. Yeni müqavilənin 2029-cu ilə qədər qüvvədə olacağı gözlənilir.
-
Hadisə21:39Azərbaycanda ov zamanı itkin düşən iş adamının meyiti aşkarlandı
-
Avropa20:12Bu dəfə qan ehtiyatlarını hədəf aldılar - Bir neçə obyektə kiberhücum
-
Ekopublika.az19:00Mərkəzi Bankdan “Portmanat”a irad - Telefonunuzdakı pullar risk altında
-
Rəsmi xronika15:55Prezidentdən Kamran İmanovla bağlı sərəncam
-
Qoroskop14:10Bu ilin son iki ayında hansı bürclər evlənəcək? - Sevgi və nikah sürprizləri
-
Avropa13:22“Ayaz bəy” batdı – 4 dənizçi gəmini tərk etməkdən imtina etdi
-
Sosial12:16Yeni doğulan uşağa görə ailələrə 1500 manat veriləcək
-
Ekologiya10:4280 alimin hesabatı yayıldı: Yeri fəlakət gözləyir, qarşısını almaq mümkün olmayacaq


















.jpg)

















