Çempionlar Liqasının ən erkən qolunun müəllifindən şok açıqlama: “Meydança problemimiz var”
Bizi izləyin

İdman

Çempionlar Liqasının ən erkən qolunun müəllifindən şok açıqlama: “Meydança problemimiz var”

Vaxtilə "Feyenoord", "Deportivo" və "Bavariya" kimi klublarda çıxış etmiş Roy Makay hazırda birincilərin gənclərdən ibarət komandasını çalışdırır. Çempionlar Liqasının tarixində ən erkən qolun müəllifi olan Hollandiya millisinin sabiq üzvü "Əl Cəzirə"yə müsahibə verib.

Publika.az həmin müsahibəni ixtisarla təqdim edir:

- "Feyenoord"da hazırda hansı işi yerinə yetirirsiz?

- "Feyenoord"un 19 yaşadək futbolçulardan ibarət komandasında baş məşqçi kimi çalışıram. Ancaq digər aşağı yaş qruplarından ibarət komandalarla da yaxından maraqlanıram. Hər gün ən az iki məşqə çıxıram. "Feyenoord"un aşağı yaş komandalarının uğurlu nəticələr qazanması üçün əlimdən gələni edirəm.

- Bu klubun aşağı yaş qruplarından ibarət komandalarında sistem necə çalışır?

- Bizim aşağı yaş qruplarımız Hollandiyada ən yaxşılardandı. İllər keçdikcə bu işdə daha da irəli gedirik. Bu sahədə uğur qazanmağımıza səbəb illərdi eyni məşqçilərlə çalışmağımızdı. Belə ki, komandanın veteran futbolçularından təyin edilən məşqçilər bura peşəkar klublara çalışmaq üçün keçid kimi baxmırlar. Bizim bütün işimiz "Feyenoord"a səviyyəli oyunçular yetişdirməkdən ibarətdi. Ancaq meydança problemimiz var. Hazırda klubun bazasında olan meydançalar bizə kifayət etmir. Yeni meydançalar salınanda vəziyyət daha da yaxşı olacaq.

- Futbolçu olduğunuz zaman "Fənərbaxça" və "Qalatasaray"dan təklif aldığınız deyilirdi. Bunlar nə qədər həqiqətəuyğun idi?

- "Deportivo"nun şərəfini qoruyarkən "Qalatasaray"dan təklif almışdım. Ancaq o vaxt 28 yaşım var idi və mən daha səviyyəli liqalarda oynamaq istəyirdim. Əlbəttə, "Fənərbaxça", "Qalatasaray" və "Beşiktaş" böyük komandalardı. Türkiyə çempionatında da oynamaq maraqlı olardı. Ancaq mən daha səviyyəli - Almaniya çempionatında oynamağı üstün tutdum. Təklifə gəlincə, dediyim kimi, mənə yalnız "Qalatasaray"dan rəsmi təklif gəlmişdi. Ola bilsin, "Fənərbaxça" menecerimlə görüşsün. Ancaq mənim bundan xəbərim olmayıb. "Qalatasaray" rəsmiləriylə görüşdə onlara Türkiyədə oynamaq fikrində olmadığımı dedim. Bununla da bu söhbət bağlandı.

- "Bavariya"nın heyətində "Real"a 10-cu saniyədə qol vurduz. Rekordunuz hələ də qırılmayıb. Bu necə duyğudur?

- Belə rekorda sahib olmaq əlbəttə, qürurvericidir. Ancaq uşaqlarım buna məndən çox sevinir. Evdəki "qızıl buts" mükafatını da uşaqlarım çox sevir.

- Hazırda "Feyenoord"da forma geyinən Kazım Kazım haqqında nə deyə bilərsiz?

- "Feyenoord"un əsas komandasının oyunlarını daim izləyirəm. Bu mövsüm Kazım Erediviziyada çox gözəl futbol sərgiləyir. O, komandamızın cari mövsümdə qarşıya qoyduğu Çempionlar Liqasına vəsiqə qazanmaq məqsədimizdə bizə yaxından yardım edir. Məncə, onun oyunu Türkiyə millisinin çalışdırıcılarının da diqqətindən yayınmaz. Kazım "Feyenoord"a xeyir verdiyi kimi Türkiyə millisinə də böyük fayda verə bilər.

Pərviz Hikmət

Oxumağa davam et
Reklam
Reklam

Gündəm