Səbinə Abdullayeva: “İnam olmasa, adi bir zərbədən də uduza bilərsən”
Bizi izləyin

İdman

Səbinə Abdullayeva: “İnam olmasa, adi bir zərbədən də uduza bilərsən”

Dünyada ilk dəfə olaraq Azərbaycanda Uşaq Paralimpiya Komitəsi yaradılıb. Səhhətində problem olan, evdə oturub bayır-bacağa çıxmayan uşaqları çempiona çevirən bu qurumun əsas məqsədi yalnız peşəkar idmançılar yetişdirməkdən ibarət deyil. Komitənin amalı həyatdan küskün olan, hər kəslə bərabər şərtlərlə oxumaq, işləmək istəyən bu azyaşlılara stimul vermək, onlarda mübarizə eşqini oyatmaqdan ibarətdir.

Uşaq Paralimpiya Komitəsi dünyada ilk belə təşkilat olduğundan, problemləri də çoxdur. Hələlik təşkilatın özünün büdcəsi olmadığından, məşqlər üçün Milli Paralimpiya Komitəsinin zallarından istifadə olunur. Yalnız Azercell Telekom-un yaxın dəstəyi sayəsində burada məşq edən uşaqların sayını artırmaq, əlavə məşq saatları təyin etmək mümkün olub.

Azercell-lə əməkdaşlıq aparan bu komitə hazırda 40-a yaxın uşağı öz ətrafında birləşdirir. Onlar beş paralimpiya idman növü üzrə hazırlaşırlar: Cüdo, pauerliftinq, boça, üzgüçülük və masaüstü tennis.

Komitədə işləyən fədakar insanların əməyi sayəsində indiyədək özünü digərlərindən fərqli sayan onlarla uşağa fiziki dəstəklə yanaşı, psixoloji yardım göstərilib. Onların özünü təsdiqləməsinə şərait yaradılıb.

Qısa bir müddət fəaliyyət göstərməsinə baxmayaraq, Uşaq Paralimpiya Komitəsinin yetirmələri arasında artıq dünya çempionları da var. Onlardan biri – 18 yaşlı Səbinə Abdullayeva hazırda Azərbaycanın ən tanınmış qadın idmançılarından biridir desək, yanılmarıq. Çünki Səbinə “Bakı 2015” 1-ci Avropa Oyunlarında paralimpiya üzrə ölkəmizi təmsil edən yeganə qadın idmançı olacaq. Səbinənin adı 2013-cü ildə keçirilən sorğunun nəticələrinə görə, Avropanın ən yaxşı idmançıları sırasına daxil edilib.

“Məndən elə də böyük gözləntilər yox idi”

Bu günlərdə S.Abdullayeva Uşaq Paralimpiya Komitəsinin rəhbərliyi ilə birlikdə “Azercell Telekom” MMC-nin qonağı olub. Söhbət zamanı Səbinə özü haqqında, gələcək planları və Avropa Oyunlarına hazırlıqları haqqında danışıb:

- Uşaqlıq illərimdən idmana, xüsusilə də cüdoya böyük həvəsim olub. Lakin əvvəllər gözümdə problem olduğundan xəbərsiz idik. İdmana getdim və məşqlərin birində ciddi zədə aldım. Bundan sonra mənə idmanla məşğul olmaq qadağan olundu. Amma sonralar paralimpiya oyunları haqqında eşitdim və məşğul olmaq qərarına gəldim. İstəyimi ailəmə bildirdim. Gərgin müzakirələrdən sonra 2013-cü ildən cüdo üzrə paralimpiya oyunları ilə məşğul olmağa başladım.

Gözlərimin görməsi zəif olduğuna görə, məndən elə də böyük gözləntilər yox idi, güvənmirdilər. Təkcə atamdan güclü dəstək aldım. Və məşqçimiz İbrahim İbrahimovla tanış olandan sonra isə özümə inamım artdı.

Məşqlərə başladıqdan cəmi bir neçə ay sonra Macarıstanın Ege şəhərində keçirilən Avropa çempionatında böyüklər arasında ikinci yeri tutdum, gümüş medal qazandım. Eyni şəhərdə keçirilən yeniyetmələr arasında dünya çempionatında qızıl medal əldə edib dünya çempionu titulunu qazandım.

Sonra da bir neçə ciddi beynəlxalq yarışlarda uğur qazanmışam. 2016-cı ildəki dünya çempionatına lisenziya verən bir yarışda – Kolorado Sprinqs şəhərində keçirilən Dünya çempionatında gümüş medal qazandım. Finalda ayağımdakı zədəyə görə uduzdum. Bu ilin fevralında yenə də Egedə dünya kubokunda yeniyetmələr arasında dünya çempionu, böyüklər arasında isə ikinci yerə çıxdım.

- Səbinə, qısa müddət ərzində iki dəfə dünya çempionu, üç dəfə gümüş medalçı – böyük nəticədir. Bu cür nəticələrə nail olmaq üçün nələrdən keçmisən?

- Ümumiyyətlə, idmana yeni gələnlərdən ciddi nəticə gözləmirlər. Mənim isə gözüm zəif olduğuna görə kimsə nəyəsə ümid bəsləmirdi. Amma özümün həvəsim çox böyük idi. Məşqçi bir deyirdisə, iki edirdim. Bu da finala çıxmağımla nəticələndi. Bundan sonra artıq müəllimlərimin də mənə inamı artdı. İndi gündə azı 3 dəfə məşq edirəm. Hər məşqin də texnikası fərqlidir, rəqiblərin müdafiəsi və s. dəyişkəndir. Həftənin altı günü hər gün bir neçə dəfə məşq edirik.

“İlk yarışımda məğlub olsaydım, psixoloji baxımdan sınardım”

- Belə ağır məşqlərdən sonra heç həvəsdən düşdüyün olubmu? Axı cüdo fiziki güc tələb edən idmandır. Xüsusilə də qızlar üçün daha çətin olmalıdır.

- Əslində, həvəsdən düşməyimə əsas yaranmayıb. Çünki çəkdiyim əziyyətin bəhrəsini görmüşəm. İndiyə kimi iştirak etdiyim yarışların hamısında medal qazanmışam. Hətta, yaşıdlarım arasında çempion olmuşam. İlk yarışdan qələbə ilə qayıdacağıma heç kim inanmırdı. Məşqçimiz qalibiyyətim haqqında ailəmə xəbər verəndə, şoka düşmüşdülər. Amma mən daxilən əmin idim ki, əgər ilk yarışda nəticə göstərə bilsəm, onda həvəsim daha da artacaq, ürəklənib daha da irəli gedəcəyəm. Hərdən mənə elə gəlir ki, əgər o ilk yarışımda məğlub olsaydım, heç bu qədər uğur əldə edə bilməzdim. Bəlkə də psixoloji baxımdan sınardım.

Evdə həmişə görürdüm ki, valideynlərim Azərbaycanı təmsil edən hansısa bir idmançının qələbəsini görəndə onunla fəxr edirlər. Bu da mənim ürəyimin dərinliklərində müəyyən istək, arzu oyadırdı. Fikirləşirdim ki, əgər valideynlərim tanımadıqları insana görə belə qürur duyurlarsa, gör, o bayrağın altında mən dayansam hansı hisslər keçirərlər.

Məncə, idmana doğrudan da tutqusu olan hər bir idmançı qarşısına qoyduğu məqsədə nail ola bilər. Amma burada məşqçinin əziyyətini də xüsusi qeyd etmək lazımdır. Çünki əgər müəllimin sənə inamı olmasa, doğru yönə istiqamətləndirməsə, dəstəkləməsə, daha çətin olardı. Bu baxımdan, mənim bəxtim yaman gətirib. Məşqçimiz İbrahim müəllimdən həmişə böyük mənəvi dəstək görmüşəm.

- Bütün bu amilləri nəzərə alaraq yarışlardan öncə sizə psixoloji yardım göstərilirmi?

- Bizimlə ayrıca psixoloq işləyir. Amma deməliyəm ki, müəllimimizin dəstəyi psixoloq dəstəyindən daha önəmlidir. Axı bəzən məndən qat-qat güclü olan rəqiblərlə üzləşirəm. Axırıncı yarışda ikiqat olimpiya çempionunu məğlub etmişdim. Nə qədər olmasa, insan arenaya çıxmazdan qabaq narahat olur.

Ona görə də fiziki baxımdan nə qədər güclü olsan da, psixoloji inam olmasa, adi bir zərbə ilə də uduza bilərsən. Məsələn, mən ilk dəfə finalda özümdən yaşca böyük olan idmançıya məğlub oldum. O, məndən yaşlı olduğuna görə texnikası fərqlidir, daha çox təcrübəyə malik idi. Lakin həmin döyüşdə məğlubiyyətim ayağımdakı zədə ilə əlaqədar oldu. İkinci yarışda yenə də elə həmin idmançı ilə finalda görüşdük. Bu dəfə artıq ona psixoloji baxımdan məğlub olduğumu sayıram.

“Avropa Oyunlarında qalib çıxmaq üçün hər şeyə hazıram”

- İndi isə bütün Azərbaycan üçün önəmli olan bir hadisədən danışaq. Avropa Oyunlarında Paralimpiya komitəsindən yalnız cüdo təmsil olunacaq. Bunu bilmək, bu yükü çiyinlərin üzərində daşımaq necə bir hissdir?

- İlk Avropa Oyunları bütün qitəmizdə tarixə düşəcək bir yarışdır və bu yarışın Azərbaycanda keçiriləcəyi çox önəmlidir. Bəlkə də, ayrı bir ölkədə keçirilsəydi, bu qədər həyəcanla hazırlaşmazdım. Amma öz ölkəmizdə bayrağımızı qaldırmaq, himnimizi səsləndirmək, öz millətimin içində bu qüruru yaşamaq istəyirəm. Hətta digər yarışlarda uduzmağa da razıyam, təki bu oyunlardan qalib çıxım. Bunun naminə hər şeyə hazıram.

Həddindən artıq sevinirəm ki, Azərbaycan adına bu yarışı mən təmsil edəcəyəm. Bilirsiz, Avropa Oyunlarında iştirak etmək özü bir fəxarətdir. Hələ nəzərə alsaq ki, paralimpiya oyunlarından yeganə idman növü kimi cüdo təmsil olunacaq – bu da bir ayrı qürurdur. Bu idman növünü təmsil edənlər arasında yeganə qız mən olacağam – bu da xüsusi bir hissdir. İndi təsəvvür edin ki, bu yarışda qalib çıxıb, bayrağımızı qaldırıb, himnimizi oxutdursam, hansı hissləri keçirdəcəyəm.

- Bəs bu önəmli yarışlara hazırlıqlar necə gedir?

- Bacardığımızdan da artığını etməyə çalışırıq. İndi komitədə yalnız mən və ikiqat olimpiya çempionu olan İlham Zəki ilə məşqlər gedir. Hər kəs bizə dəstək olmağa, yardım göstərməyə çalışır.

Onu da deyim ki, Avropanın bir sıra ölkələri qızlar arasında 48-57 kq çəki dərəcədə ən güclü idmançılarını bu yarışa gətirir. Amma, hər Avropa ölkəsinə buna icazə yoxdur. Çünki, elə ölkələr var ki, onların təmsilçiləri olimpiadaya lisenziya verən xüsusi yarışlarda yer tutmayıb, xal toplamayıb. Ümumilikdə, qızlar arasında 8 ölkə, oğlanlar arasında 10 ölkənin paralimpiyaçıları cüdo üzrə yarışacaq.

"Azercell" öz dəstəyi ilə bizə güvəndiyini göstərdi

- Yeri gəlmişkən, Azercell-in Uşaq Paralimpiya Komitəsi ilə əməkdaşlığını necə qiymətləndirirsən?

- Bizim hər cür dəstəyə ehtiyacımız var. Bayaq qeyd etdiyim kimi, bunlar arasında mənəvi dəstək, bəlkə də, hər şeydən öndədir. Odur ki, özəl qurumlar tərəfindən belə təşəbbüslər çox böyük əhəmiyyət daşıyır.

"Azercell" bu baxımdan ilk oldu. Şirkətin nümayəndələri indiyədək dəfələrlə bizim komitəyə gəliblər, idman zallarında olublar, məşqlərdə iştirak ediblər. Bu, paralimpiya ilə məşğul olan uşaqları çox sevindirir, çünki onların diqqətə böyük ehtiyacları var. Digər tərəfdən, "Azercell" həm də bununla uşaqları Azərbaycan üçün böyük önəm daşıyan Avropa Oyunlarına daha da həvəsləndirmiş oldu. Sanki, bu dəstəyi ilə bizə güvəndiyini göstərmiş oldu.

Arzu edərdim ki, bütün cəmiyyət tərəfindən idmançılarımıza belə dəstək nümayiş etdirilsin. Söhbət təkcə maddi yardımdan getmir. Axı bizim aramızda dünya çempionları, müxtəlif beynəlxalq yarışların qalibləri var. Amma onlar ictimaiyyət tərəfindən elə də yaxşı tanınmırlar. Nə qədər yüksək nəticə göstərsək də, bu haqda məlumatlar elə də çox yayılmır. Bu baxımdan, "Azercell"in dəstəyi bizim üçün əvəzsizdir demək olar.

- Sonda bir sual da verək: bir idmançı kimi karyeranda çatmaq istədiyin ən yüksək zirvə hansı olardı?

- Əldə etmək istədiyim ən yüksək nəticə ən azı iki dəfə olimpiya çempionu olmaqdır. Gələcəkdə isə özüm də məşqçi olub peşəkar idmançıları yetişdirmək istəyirəm.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm