Rusiyaya nə satırıq, nə alırıq? – PROBLEM
Bizi izləyin

Ekopublika.az

Rusiyaya nə satırıq, nə alırıq? – PROBLEM

Azərbaycandan Rusiyaya ixrac edilən kənd təsərrüfatı məhsullarının bir qismi qonşu ölkənin müvafiq qrumlarının yoxlamasından sonra mənşəyində şübhələr olduğu üçün geri qaytarılır. Bu məsələ də sahibkarların haqlı etirazına səbəb olub. Dövlət Gömrük Komitəsinin də yaydığı məlumata görə, sonuncu dəfə Rusiya Federasiyasına göndərilən xeyli miqdarda pomidor məhsulu geri qaytarılıb. Ölkəyə buraxılmayan məhsulun bir hissəsi isə tamamilə zay olub. Qonşu ölkənin müvafiq orqanları hərəkətlərinə haqq qazandırmaq üçün azərbaycanlı fermerlərə malların sənədlərində mənşə ölkəsinin düzgün göstərilmədiyini bildiriblər.

Qeyd edək ki, Rusiya Azərbaycanın əsas ticarət tərəfdaşlarından biridir. Yəni xarici ticarət dövriyyəsində Rusiyanın payı ikincidir. Belə ki, ixracda Rusiya 10-cu yeri, idxalda birinci yeri tutur. Başqa tərəfdən, Avropadan və Türkiyədən tərəvəz idxalı qadağan edildikdən sonra Rusiya Azərbaycan fermerləri üçün əsas bazara çevrilmişdi. Bütün bunları nəzərə alsaq yaranmış vəziyyət kifayət qədər narahat edicidir.

Rusiyaya bunları satırıq

Publika.az-ın gömrük statistikasına əsasən apardığı araşdırmaya görə, cari ilin əvvəlindən Rusiyaya həm ixrac, həm də idxal azalıb. Konkret olaraq, bu ilin 4 ayında Rusiyaya ixrac 78 538.68 min dollar (2016-ci ilin ilk 4 ayının ümumi ixracına nisbətən 3,1 faiz), idxal isə 387 333.74 min dollar (2016-ci ilin ilk 4 ayının ümumi ixracına nisbətən 14,91 faiz) təşkil edib. Hesabat dövründə qonşu ölkəyə ixrac 2015-ci ilin dörd ayı ilə müqayisədə 23,81 faiz azalıb. Yəni ötən ilin müvafiq dövründə ixrac 103 085.05 min dollar olub. İdxalda isə azalma 28,96 faiz olub.

O ki qaldı Azərbaycanın Rusiyaya hansı məhsulları ixrac etməsinə, böyük pay kənd təsərrüfatı məhsullarına düşür. Dövlət Statistika Komitəsinin rəqəmlərinə görə, yanvar-mart aylarında 486.01 ton təzə kartof (təzə və ya soyudulmuş), 10544.36 ton tomat (təzə və ya soyudulmuş), 373.4 ton xiyar və kornişonlar (təzə və ya soyudulmuş ), 26.52 ton badımcan (təzə və ya soyudulmuş), 1224.95 ton salat tərəvəzi (salat-kahıdan və kasnıdan başqa), 994.5 ton qabığı təmizlənmiş meşə fındığı, 36.65 ton üzüm, 6421.47 ton alma, 15.21 ton armud, 9.62 heyva, 8475.61 xurma, 136 sair təzə meyvələr, 12.82 ton baş salat-kahı, 58.32 ton ispanaq, Yeni Zelandiya ispanağı və nəhəng ispanaq (bağ sirkəni), 6.1 qurudulmuş noxud ixrac edilib.

Ötən il ərzində (yanvar-dekabr) isə Rusiyaya 36692.24 ton kartof, 64830.12 ton tomat, 8881.46 ton soğan, 7.77 ton sarmısaq, 19.4 ton kələm, ağbaş və qırmızıbaş kələm, 277.12 ton yerkökü, 6753.28 ton xiyar, 9.75 ton noxud, 70.32 ton lobya, 109.98 ton badimcan, 3.14 ton kərəviz, 89.58 ton ispanaq, 17.8 ton balqabaq, 1372.81 ton salat tərəvəzi, salat-kahıdan və kasnıdan başqa, 5.58 ton dondurulmuş, qabıqlı və ya təmizlənmiş lobya, 24.12 ton qurudulmuş noxud, 3383.81 ton qabığı təmizlənmiş meşə fındığı, 227.25 xurma, qurudulmuş, 2.58 portağal, 146.51 ton mandarinlər, klementin, vilkinq və analoji sitrus hibridləri, 1994.42 ton təzə üzüm, 16.29 ton qarpız, 36581.48 ton alma, 595.41 ton armud, 188.03 ton heyva, 45.22 ton ərik, 27.26 ton turş albalı, 11906.4 ton albalı və gilas, 1056.02 ton şaftalı, 3860.65 ton gavalı və göyəm, 54.85 ton çiyələk, 9.94 ton qara, ağ və ya qırmızı qarağat və motmutu, 88810.22 ton xurma təzə, 5169.1 ton sair təzə meyvələr, 34 ton moruq, böyürtkən, tut giləmeyvəsi və ya çəkil, loqanov giləmeyvəsi, qara, ağ və ya qırmızı qarağat və firəng üzümü ixrac edilib.

2014-cü ilin ixracının 2013-cü illə müqayisəsi göstərir ki, sarımsaq, badımcan, salat tərəvəzi, qarpız, alma, armud, ərik, turş albalı, gavalı və göyəm ixracı azalıb.

Ölkədə nə qədər ixracatçı var?

Kənd Təsərrüfatı Nazirliyinin İcmallaşdırma və statistik təhlil şöbəsinin müdiri Firdovsi Fikrətzadə Publika.az-a açıqlamasında deyib ki, cari ilin yanvar-aprel ayları ərzində kənd təsərrüfatı məhsullarının ixracının həcmi ötən ilin 4 ayına nəzərən 54,2 faiz artıb: “Tərəvəz ixracı 4,4 dəfə, meyvə ixracı 1 faiz artıb. Ümumilikdə meyvə tərəvəz ixracı 58,5 faiz yüksəlib”.

F.Fikrətzadənin sözlərinə görə, may ayı üzrə bunun 60-70 faiz olması gözlənilir: “Bu da təbiidir. Çünki regional ixrac bazarının şərtləri bizim üçün əlverişlidir. Rusiyanın digər ölkələrdən idxala qoyduğu məhdudiyyətlər yerli istehsalçılarımıza geniş imkan yaradıb”.

O ki qaldı kənd təsərrüfatı ilə məşğul olan fermerlərin sayına, nazirliyin rəsmisi bildirir ki, məlumat bazasında 372 000 nəfərdən yuxarı istehsalla məşğul olan fermer var: “İxrac prosesini təqribən 100 nəfərdən yuxarı ticarətçi həyata keçirir. 372 000 təsərrüfatın böyük əksəriyyəti kiçik təsərrüfatlardır. Onların məhsulları ixracatçılar tərəfindən alınaraq Rusiya bazarında satışı təşkil edilir”.

Məhsulların Rusiya bazarına çıxışı iki şəkildə aparılır: “İstehsalçıdan alıb Rusiya bazarında satışı həyata keçirənlər və vasitəçilik edənlər. İxrac potensialımızın artırılmasında ixracatçıların böyük əməyi var. Bunun hesabına minlərlə istehsalçının məhsulu qapısında qalmır”.

Fermerlərin məhsullarının keyfiyyətində problem olmadığını söyləyən F.Fikrətzadə Rusiyaya ixracla bağlı yaranan son problemə də toxundu. Bildirdi ki, Rusiya tərəfində məhsulların mənşəyi ilə bağlı əsassız şübhələr var: “Bu da dövlət səviyyəsində müzakirə edilir”.

İqtisadiyyat şöbəsi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm