Bankların 500 avro rəzaləti...
Bizi izləyin

Ekopublika.az

Bankların 500 avro rəzaləti...

Müştəri və bank münasibətləri son iki ildə ölkənin maliyyə sektorunun həlli tapılmayan problemidir. Bunun nəticəsidir ki, vaxtı keçmiş kreditlər kredit portfelinin 8,3 faizinə qədər yüksəlib. Nəzərə alsaq ki, dünya praktikasında qırmızı xətt 5 faiz təşkil edir, deməli, banklarımızın vəziyyəti heç də ürəkaçan deyil. Ekspert araşdırmalarına görə, problemli kreditlər ölkədə fəaliyyət göstərən 33 bankın 22-də mövcuddur. Vəziyyətin bu həddə çatmasında müştərilərin ödəmə qabiliyyətlərinin azalması, bəzən məsuliyyətsizlikləri rol oynadığı kimi bankların yüksək faizlə kredit vermələrinin, hər fürsətdə müştərini aldatmalarının da payı az deyil. Hətta çoxdur, desək, yanılmarıq.

Banklar 500 avroluq əskinasları “dövriyyədən çıxarıb”

Adının açıqlanmasını istəməyən bank müştərisinin Publika.az-a ünvanladığı şikayətə görə, “AG Bank”dan avro ilə kredit götürüb. Hər ay müntəzəm olaraq annuitet ödəniş aparıb: “AGBank”da avronun məzənnəsi yüksək hesablandığından mübadiləni “Bank of Baku”da apardım. Bundan sonra “AG Bank”a avro ilə kredit ödənişi etdim. Bankdan mənə mesajla 500 avroluqların dövriyyədən çıxarılmasına, eləcə də 100 avro cərimələndiyimə dair xəbərdarlıq daxil oldu. Məsələ ilə bağlı ”AG Bank”la əlaqə saxladıqda, beynəlxalq standartları əsas gətirərək 500 avro ilə edilən ödənişlərin məhdudlaşdırıldığını bildirdilər”.

Palata: “500 avroluq əsginaslar öz dəyərini tam şəkildə saxlayır”

Xatırladaq ki, cari ilin may ayında Avropa Mərkəzi Bankı “terroru maliyyələşdirmənin” qarşısını almaq məqsədilə hazırda etibarlı olan 500 avro əskinası gələcəkdə buraxmayacağını bəyan etmişdi. 2018-ci ilin sonuna yaxın isə bu əskinasların tamamilə dövriyyədən çıxarılacağını bildirmişdi.

Onu da qeyd edək ki, Avropa Mərkəzi Bankının bu açıqlamasından sonra Azərbaycanın bank sektorunda 500 avroluq əskinasların dövriyyədən çıxarılması ilə bağlı anlaşılmazlıq yarandı. Belə ki, banklara müraciət edən vətəndaşlar 500 avroluq əskinasların qəbul edilməməsi, dəyişdirilməməsi və s. problemlərlə üzləşdilər. Çoxsaylı müraciətləri nəzərə alaraq Maliyyə Bazarlarına Nəzarət Palatası banklara məktub ünvanladı.

Məktubda aşağıdaklar göstərilirdi: “Avropa Mərkəzi Bankı 4 may 2016-cı il tarixində rəsmi internet səhifəsində yerləşdirdiyi məlumatda 500 avroluq əskinasın qeyri-qanuni fəaliyyəti asanlaşdırmaq ehtimalını nəzərə alaraq, 2018-ci ilin sonuna yaxın sözügedən əskinasın çapını dayandıracağı bildirilir. Bununla belə, hazırda mövcud olan və 2018-ci ilin sonunadək çap olunacaq bütün 500 avroluqlar digər əsginaslar kimi öz dəyərlərini tam şəkildə saxlayır və onlardan ödəniş vasitəsi kimi istifadə olunması davam etdirilir”.

Bununla da, Maliyyə Bazarlarına Nəzarət Palatası banklara əskinasla edilən ödənişlərin məhdudlaşdırılmaması tapşırığını vermişdi. Göründüyü kimi, “AG Bank”ın belə bir addım atması təkcə müştərisinin hüquqlarını tapdalamaq deyil, həm də Palatanın tapşırığından kənara çıxmasıdır.

“Müştəri bankı məhkəməyə verib hüququnu tələb edə bilər”

Publika.az-a vəziyyəti şərh edən iqtisadçı-ekspert Samir Əliyev bildirdi ki, 500 avroluq əskinaslar dövriyyədən çıxarılmayıb: “İkinci bir tərəfdən, pul vahidi əgər qanunsuzdursa, onda Azərbaycanda nə gəzir və “Bank of Baku” niyə onu satır? Deməli, “Bank of Baku” da qanunsuz iş görüb. Bundan əlavə, problem var idisə, əvvəlcədən “AG Bank” ödənişi qəbul etməzdi. Ödənişi qəbul edib, sonradan cərimə tətbiq etməklə bank müştərisinə qarşı qanunsuzluğa yol verib”.

Bankın cərimə etmək hüququ olmadığını vurğulayan ekspert bildirir ki, müştəri o zaman cərimə edilə bilər ki, ödənişlərini gecikdirsin: “Bankın başqa fəaliyyətə görə, müştərini cərimələmək hüququ yoxdur. O dövlət qurumu deyil ki, valyutanın dövriyyədən çıxmasına və ya saxta olmasına görə cərimə tətbiq etsin. Bu, sadəcə sui-istifadədir. Müştəri bankı məhkəməyə verib, hüququnu tələb edə bilər”.

Hüquqşünas Əkrəm Həsənov isə bildirdi ki, əgər bank hansı valyutada kredit veribsə, həmin valyutada da ödəniş həyata keçirməlidir: “Yalnız valyutanın məxsus olduğu ölkənin həmin pulun dövriyyədən çıxarılmasını elan etdiyi halda bunu qəbul etməyə bilər. Avropa Mərkəzi Bankı 500 avroların dövriyyədən 2018-ci ildə çıxarılacağını açıqlayıb. Buna görə bank pulu dövriyyəyə buraxan ölkənin tələblərinə uyğun addım atmalıdır. Bankın müştərini cərimələməsi özbaşınalıqdır”.

Mövzu ilə bağlı valyutanın satışını aparan “Bank of Baku”nun mövqeyini də öyrəndik. Bankdan bildirildi ki, “Bank of Baku” tərəfindən satılan 500 avrolar hazırda dövriyyədə olan əsginaslardır.

“AG Bank” isə müştərini cərimələməsinin səbəbini belə izah etdi: “Bank qəbul etdiyi hər 500 avroya görə 0,5 faiz komissiya tutur. Bu da bankın daxili qaydalarına uyğun tətbiq edilir”.

“AG Bank”ın açıqlamasını şərh edən Əkrəm Həsənov deyir ki, bank özü üçün daxili qaydalar müəyyən edə bilər: “Amma bunun müştəri üçün yalnız o zaman qüvvəsi var ki, bu, müqavilədə əksini tapsın. Kredit müqaviləsində müştəri razılıq veribsə, bank razılaşdırılmış komissiya haqqını tuta bilər. Əks halda bu, özbaşınalıqdır”.

İqtisadiyyat şöbəsi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm