Dollar, yoxsa qızıl: hansı daha etibarlı yığımdır?
Bizi izləyin

Ekopublika.az

Dollar, yoxsa qızıl: hansı daha etibarlı yığımdır?

Neftin qiymətinin 3 dəfə ucuzlaşması, eləcə də dolların digər aparıcı valyutalara nisbətdə dalğalanması yığım vasitəsi kimi qızılı investorlar üçün etibarlı limana çevirməkdədir.

Publika.az xəbər verir ki, dünya birjasında qiymətli metalın ucuzlaşmasına (4,7 dollar ucuzlaşaraq unsiyası 1,348 dollar olub) baxmayaraq, qızıla yatırımlar artıb. Mərkəzi Bankların çoxunun yürütdüyü siyasətdə də qızıla investisiyalar üstünlük təşkil edir. Ekspertlər hesab edir ki, Mərkəzi Bankların inflyasiyanı yüksəltmək istiqamətində səyləri davam etikcə, qızılın qiyməti bahalaşmaq məcburiyyətindədir. Onlar düşünürlər ki, qiymətlər yüksəlişə keçdikdən sonra qızıl satın almaq çox çətin olacaq. Bu səbəbdən də qızıl almağın tam zamanıdır.

Hazırda investorlara portfellərinin 10 faizini qızılda saxlamaq məsləhət görülür. Nəzərə alsaq ki, son zamanlar maliyyə sehirbazı Corc Soros, eləcə də məşhur sərmayəçi Bill Qross qızıla yatırımları artırıblar, bu gün qızıl alanlar sabah yanılmayacaqlar.

Deflyasiyaya icazə verilməyəcək

Mütəxəssislər bildirir ki, dünyadakı bütün Mərkəzi Banklar inflyasiyanı dəstəkləyirlər. Lakin hədəfə çata bilmirlər: “Mərkəzi Banklar borclarını artırdıqlarından deflyasiyaya icazə verməyəcəklər. İnflyasiyanı yüksəltmək istiqamətində səyləri davam edəcək”.

Məlum olur ki, ABŞ (FES), İngiltərə (BoE), Avropa (ECB), eləcə də Yaponya Mərkəzi Bankı (BoJ) iqtisadi artımı canlandırmaq üçün bazarlara milyardlarla dollar likvidlik veriblər. Bununla da faizləri aşağı səviyyədə saxlayıblar. Amma yenə də inflyasiya rəqəmləri pul siyasətini həyata keçirənlərin hədəfindən çox-çox uzaqdır. Ekspertlərin fikrincə, bu vəziyyət qızılın işinə yarayır. Beynəlxalq birjalarda qızılın qiyməti yüksəlməkdə davam edəcək.

Qızılın da gözü FES-də

Xatırlayırsınızsa, bir necə gün əvvəl ABŞ-da pərakəndə satışın zəifləməsi, dolların ucuzlaşması beynəlxalq bazarlarda qızılın qiymətinə artırıcı təsir etdi. Spot qızılın unsiyası 0.3 faiz yüksələrək 1,340.32 dollar səviyyəsində qərarlaşdı. Düzdür, bu günə olan bazar məlumatlarında qiymətli metal 4 dollar dəyər itirib. Bununla belə qızıl 1,348 dollar səviyyəsini qoruyub saxlayıb.

Gözləniləndir ki, FES-in sentyabr toplantısı ərəfəsi və sonrası qızıl yenə də bahalaşsın. Çünki “Brexit” qərəarından sonra investorlar etibarlı liman kimi qızıla yönəlmişdilər. Nəticədə, qızılın unsiyası 1,374.91 dollar təşkil edirdi. Qızılın qiyməti üçün ABŞ Mərkəzi Bankının da qərarı eyni dərəcədə əhəmiyyətlidir. .

Mənfi gəlirli istiqrazlar 13 trilyona çatıb

Nəzərə çatdıraq ki, hazırda istiqraz bazarı əvvəlki qədər rentabelli deyil. Son rəqəmlərə inansaq birjalarda mənfi gəlirli istiqrazların həcmi 13,4 trilyon dollata çatıb. “Bank of America”nın apardığı son araşdırmaya görə, isə qlobal birjalardakı oyunçuların əllərindəki nağd vəsaitlər portfellərinin 5.8 faizini təşkil edir. Bu da 2001-ci ildən ən yüksək səviyyədir.

İqtisadiyyat şöbəsi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm