Ekopublika.az
Azərbaycan öz qazını kimə satsın?
Bu gün Azərbaycan qazı uğrunda əsl müharibə gedir. Avropa onu əldə etməyə daha çox cəhd göstərir və buna nisbətən yaxındır. Öz növbəsində Rusiya bunun əleyhinədir və istənilən layihənin qarşısını almaq olmaq üçün o da dəridən qabıqdan çıxır.
Bundan əlavə, Avropanın özündə də bir neçə layihə Azərbaycan qazı uğrunda çarpışmaqdadır. Onların içərisində həyata keçməsi daha real görünəni və ən çox müzakirə olunanı Nabucco-dur.
Bəs Nabucco ilə bağlı vəziyyət nə yerdədir, Azərbaycan qazını kimə satmalıdır?
Nabucco -“yaralı döyüşçü”
Nabucco-ya dəfələrlə maneçilik törədilsə də, bu layihə, necə deyərlər, həyata olan sevgisini nümayiş etdirməkdə davam edir. Bir müddət bundan əvvəl Macarıstanın “Mol” şirkətinin Nabucco-dan imtina etməsi və öz payını satması ilə bağlı xəbər vermişdik. Bunu Macarıstanın baş naziri Viktor Orban özü şəxsən açıqlamışdı.
Macarıstan tərəfi, layihənin getdikcə bahalaşdığını və Rusiyanın təklif etdiyi “Cənub axını” qaz boru kəmərinin daha sərfəli və real olduğunu bildirmişdi.
Lakin az sonra məlum oldu kı, “Mol” şırkəti layihədən hələ imtina etməyib. Belə ki, bu şirkət tərəfindən konsorsiumu tərk etmək barəsində yazılı bildiriş verilməyib və onlar düşünmək üçün vaxt tələb ediblər.
Konsorsiumun daha bir üzvü olan Avstriyanın energetika şirkəti “OMV”- nin icraçı direktoru Gerxard Rois deyib: ““Mol” hələ də konsorsiumun vacib tərəfdaşı və əsas pay sahiblərindən biridir. Nabucco-da iştirak edən ölkələr tərəfindən dövlətlərarası müqaviləyə qol çəkilib. Bu müqaviləyə qol çəkməklə tərəflər qaz kəmərinin tikintisi ilə bağlı öhdəlik götürüblər, mən düşünürəm ki, Avropada belə sənədlərə hörmətlə yanaşırlar”.
Bu arada Bolqarıstan gözlənilmədən layihədən imtina etmək istəyində olması ilə bağlı açıqlama verib. Daha dəqiq desək, cəmisi bir ay öncə Nabucco-nun onların ölkələri üçün ən əhəmiyyətli starteji layihə olduğunu bildirən bolqarlar indi fikirlərini dəyişiblər. Bolqarıstanın baş naziri Boris Boyko Nabucco-da iştirak etmək üçün imkanlarının olmadığını bildirib. “Biz Nabucco-da iştirak etməyə hazırıq, lakin bir şərtlə ki, bu layihəni bizim əvəzimizə Avropa İnvestisiya Bankı maliyyələşdirsin. Bu baş versə, biz gələcəkdə bu krediti onlara tədricən ödəyərik”- o deyib.
Almaniyanın “Bayerngas” şirkəti də öz növbəsində layihəyə qoşulmaq üçün Nabucco konsorsiumu ilə danışıqlar aparır. Bu barədə “Trend”ə onların rəsmi nümayəndəsi Dik Barts danışıb.
O deyib ki, Xəzər regionundan Avropaya qaz nəql etmək yolunda Nabucco ən sərfəli layihədir.
Bu arada tərəflərin ortaq məxrəcə gələcəyi tədqirdə qaz kəmərinin tikintisinə artıq 2015-ci ildə başlanacağına dair xəbərlər yayılıb. Bunu “OMV” şirkətinin qaz departamentinin rəhbəri Hans-Peter Floren deyib. O, Nabucco-nun nə zaman reallaşacağının Azərbaycandan asılı olduğunu bildirib: “ Əgər “Şah Dəniz” konsorsiumu gələn il qaz boru kəmərinin marşrutu ilə bağlı qərar qəbul etsə, tikinti işlərinə 2015-ci ildə başalayıb, 2018-ci ildə bitirmək olar”.
Bu ilin iyun ayında Azərbaycan “Şah Dəniz” yatağından hasil olunacaq qazın hansı boru kəməri ilə nəql olunacağı barədə qərar qəbul etməlidir . Seçimin Nabucco və SEEP arasında aparılacağı artıq məlumdur.
Hələlik Nabucco-nun irəlidə olduğu görsənir. Onun SEEP qarşısında əsas üstünlüyü dövlətlərarası sazişə və tikinti işlərini aparmaq üçün lizenziyaya sahib olmasıdır.
Bəs Azərbaycan qazını kimə satmalı?
Azərbaycan tərəfi isə hələ qərar qəbul etməyə tələsmir. Azərbaycan Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev son açıqlamalarında SOCAR şirkətinin hələ ki, potensial alıcılarla danışıqlar apardığını bildirib. O deyib ki, “Şah Dəniz” yatağında görüləcək işlərə təxminən 25-26 milyard dollar xərc çəkiləcək və Azərbaycan elə bir seçim etməlidir ki, qazın nəqlindən əldə olunacaq gəlir bu xərcləri üstələsin.
Bütün bu layihələrin bir məqsədi var - Azərbaycan qazını müxtəlif regionlarına olsa da, Avropaya çatdırmaq. Azərbaycan onlardan hansını seçməsindən asılı olmayaraq, qazımız mütləq Avropaya nəql olunacaq və bu, Azərbaycanın dünya enerji bazarında mövqelərini möhkəmlədəcək.
Azərbaycanın əsas üstünlüyü ondadır kı, qazımızın taleyi heç bir qaz kəmərindən asılı deyil, əksinə “Cənub qaz dəhlizi”nə daxil olan bütün layihələrin taleyi Azərbaycan qazından asılıdır. Bu fakt isə ölkənin mövqeyini kifayət qədər gücləndirir və Azərbaycana ona sərf edən və bütün tələblərinə cavab verən təklifi seçmək imkanı verir.
Bu tələblərə söykənərək “Şah Dəniz” konsorsiumu, artıq İTGİ layihəsini iddiaçı namizədlər sırasından çıxararaq İtaliyaya qaz nəqlində TAP layihəsinin daha sərfəli olduğunu bildirib.
İndi Cənub-Şərqi və Mərkəzi Avropaya qaz nəql etmək üçün Nabucco və SEEP arasında seçim etmək lazımdır. Bu barədə ilkin qərarın bu ilin iyununda, son qərarın isə 2013-cü ildə veriləcəyi gözlənilir.
Bundan əlavə, Rusiya variantı da var. Nədənsə hamı qazın yalnız Avropaya necə nəql olunacağından danışır və Rusiyanı unudur. Halbuki Azərbaycan qazını Rusiya da istəyir.
Əgər Aİ Azərbaycan qazını Rusiyadan enerji asılılığından canını qurtarmaq üçün istəyirsə, Rusiya əksinə, bizim qazın hesabına Avropanı özündən daha da asılı vəziyyətə salmaq istəyir ki, bunun hesabına Avropaya öz istədiyini diktə edə bilsin. Bunu nəzərə alsaq görərik ki, qazımız Rusiyaya heç də Avropadan az lazım deyil.
Bəs Azərbaycan qazını Rusiyaya satsa nə əldə edə bilər?
İlk növbədə ölkəmizlə qonşu olan güclü Rusiyanın hesabına Azərbaycan Qərbin təzyiqindən qurtula bilər və yeri gəlsə, öz sözünü beynəlxalq aləmdə daha aydın deyə bilər.
Və ən əsası, əgər biz qazımızı Rusiyaya satsaq, bunun əvəzində onlardan Qarabağ məsələsində birmənalı şəkildə bizim mövqeyimizdən çıxış etməsini və bu münaqişənin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində, mümkün qədər tez həll edilməsini tələb edə bilərik. Nəzərə alsaq kı, Qarabağın taleyi bir çox hallarda Rusiyadan asılıdır, onda bizim istəyimiz çox tez bir zamanda həyata keçə bilər. Yəni ola bilsin, bu ən yaxşı çıxış yoludur. Və onu da nəzərə alsaq ki, bu gün bizim üçün Qarabağdan vacib məsələ yoxdur, deməli, onu qaytarmaq yolunda, milyardlarla qazancdan belə imtina etmək olar.
İlkin Abbasov
Publika.Az
-
Rəsmi xronika10:24
Prezident və birinci xanım Heydər Əliyevin məzarını ziyarət etdi
-
Dünya09:26
Orbanın Putinə zənginin sirri açıldı: Qərb Moskva ilə...
-
Nəqliyyat08:34
Bakıda səhər tıxacı
-
Hadisə07:55
Şirvan suvarma kanalı yarıldı: su kənd ərazisinə axır
-
MDB04:28
Ukrayna TƏHLÜKƏDƏ: Rusiya bu raketlə vuracaq
-
Magazin203:19
Məşhur aktyor vəfat etdi
-
Dünya01:40
SEPAH generalı ABŞ səfirliyinə sığındı
-
İdman01:20
Şok iddia: Sadıqov ev dustaqlığındadır