Ekopublika.az
Prezident İlham Əliyev: “2015-ci il dünya iqtisadiyyatı üçün çox ağır il olacaq”
“2015-ci ildə ölkə qarşısında duran vəzifələr bəllidir. Biz çalışmalıyıq ki, iqtisadi inkişafımızı təmin edək. Əminəm ki, belə olacaq. Ancaq heç kəsə sirr deyil ki, 2015-ci il dünya iqtisadiyyatı üçün çox ağır il olacaqdır".
Publika.az xəbər verir ki, bu barədə Azərbaycan bunu yanvarın 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Nazirlər Kabinetinin 2014-cü ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında yekun nitqi zamanı deyib.
İlham Əliyev deyib ki, 2014-cü ilin sonlarında müşahidə olunan proseslər 2015-ci ildə də davam edəcək: "Dünyada mövcud olan qeyri-sabit iqtisadi vəziyyət hələ bir müddət davam edəcəkdir. Neftin qiymətinin kəskin şəkildə aşağı düşməsi əlbəttə ki, təbii resurslarla zəngin ölkələr üçün bir sınaq olacaqdır. Ancaq əvvəlki illərdə apardığımız siyasət, şaxələndirmə, düşünülmüş iqtisadi islahatlar, ictimai-siyasi sabitlik, xalqla iqtidar arasındakı birlik və eyni zamanda, böhranlı vəziyyətlərə hazır olmağımız əminəm ki, 2015-ci ili də uğurla başa vurmaq üçün bizə imkan yaradacaqdır: “Azərbaycanda makroiqtisadi vəziyyət sabitdir. Son illər ərzində əsas prioritetlər arasında biz həmişə makroiqtisadi sabitliyi qeyd edirdik. Bu, ölkə iqtisadiyyatı üçün önəmlidir, xarici investisiyaların cəlb edilməsi üçün çox önəmli amildir. Eyni zamanda və ilk növbədə, insanların rifah halının yaxşılaşması üçün makroiqtisadi sabitlik ən önəmli məsələdir və biz bu sabitliyi uzun illərdir ki, təmin edirik. Böhranlı illərdə - 2008-2009-cu illərdə də təmin etmişik. Keçən il də təmin etmişik və bu il də təmin edəcəyik.
Manatın məzənnəsi, - artıq burada deyildi, - bir çox məsələlərin həlli üçün bizə imkanlar yaradır, ilk növbədə, ölkəmizin dinamik və uğurlu inkişafına xarici investorlarda inamı artırır, Azərbaycan əhalisinin rahat yaşamasını təmin edir. Manatın sabit qalması insanların birbaşa yaşayış səviyyəsinin yaxşılaşmasına xidmət edir və əlbəttə ki, bu amillər hər bir ölkə üçün önəmlidir. Hər bir ölkə üçün onun milli valyutası müstəqilliyin atributlarından biridir. Bu gün manat dünya miqyasında ən sabit valyutalardan biridir. Hesab edirəm ki, xarici vətəndaşlar və xarici şirkətlər öz vəsaitini manat hesablarında saxlasalar uduzmazlar. Həm pullar yerində qalacaq, eyni zamanda, o pullar onlara əlavə gəlirlər gətirəcəkdir. Çünki indi dünyada bir çox maliyyə institutlarında depozitlərə artıq faiz vermirlər. Sadəcə olaraq depozitləri bir əmanət kimi saxlayırlar”.
Dövlət başçısının sözlərinə görə, Azərbaycan özünü dünyanın bir parçası kimi çoxdan təsdiq edib və indi biz dünyaya açığıq, açıq iqtisadiyyat, açıq siyasət, açıq qapılar siyasəti aparırıq: “Birbaşa qoyulan xarici sərmayələrin həcminə görə Azərbaycan bu bölgədə uzun illərdir ki, liderlik mövqelərini saxlayır. Yəni, biz dünya iqtisadiyyatının bir parçasıyıq. Buna baxmayaraq, düşünülmüş siyasət nəticəsində və iqtisadiyyatımızı qorumaq əzmində olmağımız əlbəttə ki, bu nadir vəziyyətin yaranmasına gətirib çıxarmışdır. Biz bunu qorumalıyıq. 2015-ci il də bu istiqamətdə önəmli il olacaqdır.
İkinci önəmli vəzifə, - bu da artıq bir neçə ildir ki, daim vurğulanır, - qeyri-neft sektorumuzun inkişafıdır. Əgər biz vaxtilə bu istiqamətdə önəmli addımlar atmasaydıq, neftin qiymətinin bugünkü konyunkturası bizə çox mənfi təsir göstərə bilərdi. Ancaq bu gün qeyri-neft sektorumuz iqtisadiyyatda hərəkətverici amildir və 7 faiz səviyyəsində artan qeyri-neft sektorumuz görülən işlərin nəticəsidir. Bu, eyni zamanda, həm investorlara, həm yerli şirkətlərə əlavə nikbinlik verir.
Əhali də bunu görür və yüksək qiymətləndirir. Nəyin hesabına buna nail ola bilmişik? İlk növbədə, regional inkişaf proqramının icrası, sahibkarlığın inkişafı, sahibkarlığa dövlət tərəfindən güzəştli şərtlərlə kreditlərin verilməsi, düşünülmüş siyasət, sənayeləşmə siyasəti, xarici investisiyaların cəlb edilməsi, neftdən əldə olunan gəlirlərin düzgün istiqamətə yönəldilməsi sayəsində. Bütün bu amillər qeyri-neft sektorumuzun inkişafını təmin edir.
Biz qeyri-neft sektorunun inkişafı üçün infrastruktur layihələrini icra edirik. Əgər bu layihələr icra edilməsəydi, regionlarda biznes imkanlarından söhbət gedə bilməzdi. Eyni zamanda, düşünülmüş iqtisadi siyasətlə düzgün prioritetlər seçmişik və ildən-ilə bu prioritetlərin növbəliliyi dəyişir. Bu da təbiidir, çünki biz doqmatik yanaşmadan çox uzağıq, çevik iqtisadi siyasət aparırıq. Daxili bazarı təmin etmək üçün yerli istehsalın artırılması da qeyri-neft sektorunun inkişafına birbaşa təsir edən amildir və bütün bu görülən işlər və digər tədbirlər nəticəsində dayanıqlı inkişaf artıq təmin edilib. Ümumi daxili məhsulumuzda qeyri-neft sektoru üstünlük təşkil edir. Gələcəkdə neft amilinin ümumi daxili məhsulumuzda aşağı düşməsi nəticəsində ölkə iqtisadiyyatının neft amilindən asılılığı daha da azalacaqdır. Bu, bizim vəzifəmizdir. Mən həmişə demişəm, bu gün də demək istəyirəm ki, neft-qaz amili bizim üçün bir vasitədir. Bu, inkişaf etmək, dayanıqlı və çoxşaxəli iqtisadiyyat qurmaq üçün bir vasitədir. Biz bu vasitədən səmərəli şəkildə istifadə edirik”.
İlham Əliyev bildirib ki, bu il də sahibkarlara güzəştli şərtlərlə kreditlərin verilməsi təmin ediləcəkdir: “Bu təşəbbüsün çox gözəl nəticələri vardır. Biz bunu əyani şəkildə görürük. Bölgələrdə açılan yeni müəssisələr və iş yerləri bunu göstərir. Eyni zamanda, dövlət tərəfindən sahibkarlara böyük mənəvi dəstək göstərilir. Yerlərdə də bu işlər düzgün təşkil edilməlidir və sahibkarlara bu il o cümlədən öz vəsaitlərindən istifadə etməklə ölkəmizin real sektoruna vəsaiti qoymağı tövsiyə edirəm. Çünki dövlət sahibkarlara uzun illərdir ki, böyük dəstək verir. Güzəştli şərtlərlə verilən bu kreditlərin həcmi yüz milyonlarla ölçülür, bəlkə də milyardı ötüb. Sahibkarlar da həm o imkanlardan istifadə etməlidirlər, eyni zamanda, - artıq uzun illərdir ki, onlar da öz kapitallarını əldə ediblər, - ölkənin inkişafına, real sektorun inkişafına daha da çox sərmayə qoymalıdırlar. Eyni zamanda, biz xarici investorları da qeyri-neft sektoruna cəlb etməliyik. Əlbəttə ki, xarici investorlar daha çox neft-qaz sektoruna investisiya qoymağa maraqlıdırlar. Ancaq biz onları indi digər sektorlara da cəlb edirik və edəcəyik. Yaradılan xüsusi proqramlar çərçivəsində texnoparklar, aqroparklar salınacaq və bütün bunlar xarici investorları da cəlb edəcək.
Çünki dünyada indi bir tərəfdən iqtisadi böhran davam edir, vəsait qıtlığı müşahidə olunur, eyni zamanda, investisiya qoymaq üçün o qədər böyük seçim də yoxdur. Çünki böhran içində çabalayan ölkələrə kim investisiya qoyacaq? Ona görə sabit ölkələrə, ictimai-siyasi sabitliyi, iqtisadi inkişafı olan ölkələrə xarici investisiyalar cəlb etmək daha asandır. Burada əlbəttə ki, informasiya qıtlığı öz rolunu oynayır. Amma son illər ərzində keçirilən təqdimatlar, biznes forumlar, Azərbaycan ilə bağlı dünya ictimaiyyətinə, o cümlədən biznes strukturlarına dolğun informasiyaların ötürülməsi artıq xarici investorlar üçün Azərbaycanı çox cəlbedici ölkəyə çeviribdir”.
İlham Əliyev deyib ki, bu il qeyri-neft sektorunun inkişafı ilə bağlı bank sektorunun rolu xüsusi əhəmiyyətə malikdir: “Son vaxtlar bizim banklarımız real iqtisadiyyata daha da böyük həcmdə kreditlər ayırır. Mən bunu dəstəkləyirəm və keçən müşavirələrin birində qeyd etmişdim ki, daha çox bu sahəyə kreditlər verilməlidir. Biz artıq bunu görürük. Bu, çox müsbət yanaşmadır, bank sektorunun məsuliyyətini göstərir.
Xüsusilə bir daha demək istəyirəm ki, 2015-ci il dünya üçün asan il olmayacaq. 2015-ci ildə bank resurslarının iqtisadiyyatın real sektoruna yönəldilməsi, əlbəttə ki, bizim üçün prioritet olacaq. Əminəm ki, banklar da bu istiqamətdə öz sözünü bundan sonra da deyəcək.
Əlbəttə, indi müxtəlif istehlak kreditlərinə də, digər layihələrə də vəsait ayrılmalıdır. İndi Azərbaycanda ticarət mərkəzləri, ofis və yaşayış binaları tikilir. Bu da təbiidir, çünki ölkə, iqtisadiyyat inkişaf edir, insanların bu layihələrə ehtiyacı var. Bu da lazımdır. Ancaq ölkə iqtisadiyyatı üçün hazırda real sektora qoyulan vəsait prioritet təşkil edir.
Bununla bərabər, təbii ki, bu il bizim gəlirlərimiz azalacaq. Ona görə dövlət strukturları da özlərini məsuliyyətli aparmalıdırlar. İsrafçılığa yol verilməməlidir. Əlbəttə ki, biz prioritet olmayan layihələrə razılığımızı verməyəcəyik. Eyni zamanda, hər bir dövlət strukturunda, qurumlarda, dövlət şirkətlərində idarəetmə prinsipləri təkmilləşdirilməlidir. İsrafçılığa yol verilməməlidir. Bizim dövlət nümayəndələrimiz vəsaitin qədrini bilməlidirlər. Əminəm ki, onlar da bu vəziyyəti düzgün dərk edirlər və nəticə çıxaracaqlar.
Son illərdə biz ölkəmizin sürətli inkişafını təmin etmək üçün iqtisadiyyata böyük vəsait yönəltmişik. Hesab edirəm ki, bu, düzgün siyasət idi. Bu siyasət bugünkü reallıqları təmin edir. İnfrastruktur layihələrinə, real sektora qoyulan vəsait bu gün işləyir və biz bu vəsait hesabına ümumi iqtisadi inkişafımızı təmin edirik. 2015-ci ildə ölkə iqtisadiyyatı, sosial sahə üçün lazım olan bütün digər layihələr, təbii ki, tam şəkildə icra ediləcək. Demək istəyirəm ki, bütün sosial proqramlar 2015-ci ildə də tam həcmdə təmin ediləcəkdir.
Ünvanlı sosial yardım, əhalinin pul gəlirlərinin artırılması, məcburi köçkünlər üçün yeni qəsəbələrin salınması, evlərin tikilməsi - bütün bu proqramlar təmin ediləcək. Məktəb, xəstəxana tikintisi davam etdiriləcək. Eyni zamanda, infrastruktur layihələri, ilk növbədə, içməli su ilə bağlı olan layihələr icra ediləcək. Bu ilin əvvəlində və keçən ilin sonunda bu istiqamətə Prezidentin ehtiyat fondundan böyük vəsait ayrılmışdır. Bu il ən azı 300 artezian quyusu qazılacaq və ən azı 50 kənddə modul tipli təmizləyici qurğular quraşdırılacaq. Yəni, bu məqsədlərə həm dövlət büdcəsindən, eyni zamanda, Prezidentin ehtiyat fondundan vəsait ayrılacaq. İçməli su layihələri bizim üçün hazırda infrastruktur layihələri arasında prioritetdir, kənd yolları da həmçinin. Keçən il kənd yollarının tikintisinə böyük vəsait ayrılmışdır. Bu gün bu rəqəmlər səsləndi və bu il də bu proses davam etdiriləcək. Bu yaxınlarda imzaladığım sərəncamlar əsasında artıq hər kəs görür ki, biz burada da öz siyasətimizi davam etdirəcəyik.
Qazlaşdırma, elektrik xətlərinin təmiri, çəkilişi prosesi gedir. Bu infrastruktur layihələri və meliorasiya ilə bağlı olan tədbirlər ölkəmiz üçün çox önəmlidir. Çünki biz keçən il və 2013-cü ildə iki nəhəng layihəni istismara vermişik – Şəmkirçay və Taxtakörpü su anbarlarının tikintisi başa çatıbdır. Azərbaycan tarixində bu layihələrin çox böyük yeri var. Biz bu layihələri ancaq müstəqillik dövründə icra edə bilmişik və bu layihələr Azərbaycanın nə qədər güclü ölkə olduğunu bir daha göstərir.
Bu layihələrin davamı olaraq kanallar çəkilməli, yeni əkin sahələri dövriyyəyə buraxılmalıdır. Ona görə meliorativ tədbirlər də prioritet olaraq qalacaqdır. Bunlar bilavasitə ərzaq təhlükəsizliyi ilə bağlı olan layihələrdir. Biz keçən il də görmüşük ki, ərzaq təhlükəsizliyi ilə bağlı olan planlarımız vaxtında müəyyən olunmuşdur və icra edilməyə başlamışdır. Çünki ərzaq təhlükəsizliyi hər bir ölkə üçün enerji təhlükəsizliyi qədər önəmlidir. Əlbəttə, Azərbaycanın bəzi ərzaq məhsullarını xarici bazarlardan idxal etməsinə baxmayaraq biz çalışmalıyıq ki, öz daxili istehsalımızı maksimum artıraq, fövqəladə hallardan özümüzü qoruyaq. Çünki keçən il də biz görmüşük ki, bir sıra ərzaq məhsullarının ixracı ilə bağlı bəzi ölkələrdə qadağalar qoyulmuşdur. Yəni, özümüzü təmin etmək üçün daxili bazarların daxili resurslar hesabına təmin edilməsi prosesi davam etdiriləcəkdir.
Dövlət burada da fermerlərə öz dəstəyini göstərir. Bildiyiniz kimi, burada uzun illərdir ki, vergi güzəştləri həyata keçirilir. Dövlət tərəfindən texnika, cins mal-qara alınır. Ərzaq təhlükəsizliyi ilə bağlı institusional islahatlar aparılır, aqroparklar salınır, subsidiyaların verilməsi prosesi təkmilləşdirilir. Məhsuldarlığın artırılması prosesi də çox önəmlidir. Bizim ixrac potensialımızın artırılması da gündəlikdə duran məsələlərdən biridir. Çünki əminəm ki, biz yaxın gələcəkdə özümüzü bütün əsas ərzaq məhsullarımızla təmin edəcəyik. Beləliklə, ixrac üçün bizim yeni məhsullarımız olacaqdır. Nəzərə alsaq ki, artıq iyirmiyə yaxın iri fermer təsərrüfatının yaradılması prosesi gedir, əminəm, biz özümüzü yaxın gələcəkdə buğda ilə tam şəkildə təmin edə biləcəyik. Yeni iri fermer təsərrüfatlarında məhsuldarlıq orta məhsuldarlıqdan iki dəfə çoxdur, bir hektardan 55 sentner. Halbuki, ölkə üzrə bu göstərici 23 sentnerdir. Yəni, bu yeni, müasir yanaşma, əlbəttə ki, dövlət vəsaiti hesabına yaradılan yeni imkanlar gələcəkdə bizim ixrac imkanlarımızı da artıracaq. Çünki burada yenə də dövlət əsas funksiyanı öz üzərinə götürübdür. Yerlər müəyyənləşdirilibdir. Fermerlərə güzəştli şərtlərlə kreditlər verilibdir. Eyni zamanda, texnika, suvarma, bütün infrastruktur layihələri dövlət tərəfindən icra olunubdur ki, məhsuldarlıq artsın və biz özümüzü ərzaq məhsulları ilə maksimum dərəcədə təmin edək.
Əlbəttə ki, bizim Şəmkirçay və Taxtakörpü su anbarlarının fəaliyyəti nəticəsində on minlərlə hektar torpaqda yeni məhsulların yetişdirilməsi gözlənilir. İndi artıq bu yerlər müəyyən edilibdir və bu yeni sahələrdə məhsulların yetişdirilməsi prosesi başlayır. Keçən il “Sənaye ili” elan edilmişdir. Sənayenin inkişafı ilə bağlı bir çox tədbirlər görülmüşdür. Mən keçən müşavirələrdə də demişəm ki, hər bir rayonda sənaye zonası yaradılmalıdır. Artıq pilot layihəsi icra edilir. Yəqin ki, bu il biz bu il layihənin başlanmasını görəcəyik. Eyni zamanda, bizim ənənəvi sənaye mərkəzlərimiz də öz imkanlarını genişləndirir. Sumqayıt, Gəncə, Mingəçevir, əlbəttə ki, Bakı şəhəri, xüsusilə Qaradağ rayonu bizim əsas sənaye mərkəzlərimizdir.
Biz bu il böyük metallurgiya kompleksinin tikintisini gözləyirik. Artıq bir müddətdir ki, bu kompleksin yaradılması ilə bağlı işlər aparılır. Xarici məsləhətçilər cəlb edilmişdir. Demək olar ki, texniki-iqtisadi əsaslandırma artıq hazırdır. Bizim təbii resurslarımız, filiz yataqlarımız var. Əlbəttə, biz çalışmalıyıq ki, öz təbii imkanlarımızdan, resurslarımızdan maksimum dərəcədə istifadə edək və özümüz hazır məhsul istehsal edək. Yəni, budur bizim əsas məqsədimiz. Biz hər bir sahədə hazır məhsul istehsal etməliyik. Bu, böyük dövlət vəsaiti tələb edən layihədir. Baxmayaraq ki, indi bizim gəlirlərimiz azalacaq, hesab edirəm, bu layihə sənayemizin inkişafı üçün prioritetdir, minlərlə yeni iş yerinin yaradılmasına gətirib çıxaracaq. Beləliklə, Azərbaycanda yeni ixrac məhsulu yaranacaq və bu, ölkə iqtisadiyyatının şaxələndirilməsinə, qeyri-neft sektorunun inkişafına əlavə təkan verəcəkdir. Ona görə bu layihənin icrası ilə bağlı heç bir yubanma ola bilməz. Bu məsələ Dövlət İnvestisiya Proqramında öz əksini tapıbdır.
Builki Dövlət İnvestisiya Proqramı təbii ki, əvvəlki illərdən fərqlənir. Çünki dövlət tərəfindən qoyulacaq vəsait daha da azalacaq. Bu da təbiidir. Ancaq prioritetlər düzgün seçilibdir və əvvəlki illərdə bir çox işlərin görülməsi imkan verir ki, biz artıq bu investisiya proqramımızı ixtisar edək. Çünki Taxtakörpü, Şəmkirçay böyük dövlət vəsaiti tələb edən nəhəng layihələrdir. Kənd yollarının, içməli su layihələrinin bir çoxu artıq icra edilib. Ancaq prioritetlər var və biz dövlət investisiyalarını dayanıqlı inkişafa yönəltməliyik. Çünki əgər biz bunu etməsək, bir neçə ildən sonra artıq boşluq yaranacaq. Biz isə buna imkan verə bilmərik. Çünki ilk növbədə, ölkənin dayanıqlı inkişafı təmin edilməlidir və eyni zamanda, iş yerlərinin yaradılması daimi prosesdir.
Mən giriş sözümdə bunu demişəm və bir daha demək istəyirəm. Bəzi ölkələr demoqrafik böhrandan əziyyət çəkir. Əlbəttə ki, ən ağır böhran demoqrafik böhrandır. Çünki bəzi ölkələrdə əhali həm təbii səbəblər üzündən kəskin şəkildə azalır, eyni zamanda, o ölkələrdə miqrasiya çox sürətlə gedir. Azərbaycan əhalisi artır. Bu, böyük üstünlüyümüzdür. Azərbaycan əhalisi nə qədər artsa, biz o qədər də güclənəcəyik. Ancaq demoqrafik artım özü ilə bəzi problemlər də gətirir, o cümlədən işsizlik. Ona görə biz nə qədər yeni iş yerləri yaratsaq da, yenə də iş yerlərinin yaradılmasına ehtiyac var.
Dövlət Proqramının əvvəlindən - 2004-cü ildən bu günə qədər bir milyon 300 min iş yeri yaradılıbdır. İşsizliyin azaldılması bunun hesabına mümkün olub. Ancaq bu, daimi proses olmalıdır. Bu prosesi təmin etmək üçün biz yeni sənaye istehsalları yaratmalıyıq. Nəzərə alsaq ki, indi elmi-texniki tərəqqi sürətlə gedir, texnoloji proseslər daha da təkmilləşir, avtomatlaşma prosesi gedir, yəni, işçi qüvvəsinə gələcəkdə o qədər də böyük ehtiyac olmayacaq. Ona görə innovasiyalara üstünlük verilməlidir. Texnoparkların yaradılması xarici texnologiyaların, eyni zamanda, xarici investisiyaların gətirilməsini də təmin etməlidir. Biz onsuz da dövlət tərəfindən investisiyaları qoyuruq. Ancaq real sektora dövlət o qədər də böyük investisiya qoya bilməz. Bu, düzgün deyil, biz ancaq strateji istehsal sahələrinin yaradılmasına dövlət tərəfindən investisiya qoya bilərik. Ona görə bu istiqamətdə, sənayeləşmə prosesinin düzgün şəkildə təmin edilməsində biz bundan sonra da çox ciddi siyasət aparacağıq.
Ekologiya ilə bağlı məsələlər prioritet olaraq qalır. Keçən il Azərbaycanda 4 milyona yaxın ağac əkilibdir. Bu, çox müsbət haldır. Bu proses həm Abşeron yarımadasında, həm bütün bölgələrdə gedir. Neftlə çirklənmiş ərazilər təmizlənir. Eyni zamanda, içməli su layihələri və digər layihələr ekoloji vəziyyətin yaxşılaşmasına xidmət göstərir. Böyükşor gölündə işlər sürətlə gedir. Bir neçə aydan sonra Böyükşor gölünün təmizlənməsinin birinci mərhələsi başa çatacaq. Hesab edirəm ki, bu, buna oxşar bütün başqa layihələr üçün bir nümunə olacaqdır. Çünki biz bu istiqamətdə çox fəal iş aparırıq, neftlə çirklənmiş bütün yerləri, gölməçələri təmizləyirik. Bibiheybət, “Ağ şəhər”, Böyükşor. Bu il Zığ gölünün təmizlənməsi nəzərdə tutulubdur. Bu da çox önəmli layihədir. Biz Bakının ətrafında yerləşən, neftlə və lay suları ilə çirklənmiş bütün gölləri tədricən təmizləyəcəyik. Orada istirahət və əyləncə zonaları, ictimai yerlər yaradılacaq. Ümumiyyətlə, Bakıda son illərdə çoxsaylı ictimai yerlər, parklar, bağçalar yaradılır. Bu ictimai yerlərin sayına görə Bakı bəlkə də dünya miqyasında ön sıralardadır. Çünki Bakı bu gün parklar, bağçalar şəhəridir və Bakı təmiz göllər şəhəri olacaqdır. Mən buna əminəm. Böyükşor gölünün təmizlənməsinin birinci mərhələsinin bu ilin yayına qədər başa çatması, hesab edirəm, hər kəsə göstərəcək ki, biz bunu da edə bilmişik və güclü iradə olan yerdə, istənilən layihə icra edilə bilər.
Keçən il nəqliyyatla bağlı işlər uğurla icra edilmişdir. Mən bunu artıq qeyd etdim, Ələtdə yeni dəniz ticarət limanının tikintisi bu il də davam etdiriləcəkdir”. Dövlət başçısı vurğulayıb ki, Bakı-Tbilisi-Qars dəmir yolunun tikintisi artıq başa çatır: “İndi artıq sınaqlar keçirilir. Azərbaycan tərəfindən bütün işlər demək olar ki, görülübdür. Ümid edirəm ki, bütün başqa sahələrdə tikinti-quraşdırma işləri bu il başa çatacaq və biz bu layihənin açılışını qeyd edəcəyik.
Bu da tarixi layihədir. Uzun illər bu layihə ətrafında danışıqlar, müzakirələr gedirdi. Ancaq Azərbaycan həm öz vəsaitini, həm də iradəsini ortaya qoyduqdan sonra bu layihə artıq reallaşmağa başlamışdır.
Nəqliyyatla bağlı digər layihələr də icra edilir. Ölkəmizə yeni təyyarələr gətirilir. MDB məkanında Azərbaycan birinci ölkədir ki, ən müasir “Boeing-787” Dreamliner təyyarəsi, iki sərnişin təyyarəsi gətirilmişdir. Bundan əvvəlki dövrdə müasir təyyarələr alınmışdır. Yeni marşrutlar müəyyən edilir. Hava nəqliyyatı hər bir ölkə üçün önəmlidir. Azərbaycan bu sahədə həm yük, həm sərnişin daşımaları ilə artıq bir regional mərkəzə çevrilibdir. Biz bu rolumuzu daha da gücləndirməliyik. Bizim coğrafi vəziyyətimiz güclü nəqliyyat infrastrukturu ilə də təmin edilməlidir. Dəniz ticarət limanının tikintisi, Bakı-Tbilisi-Qars dəmir yolunun inşası bir-biri ilə sıx bağlı olan məsələlərdir. Biz bu dəhlizləri gücləndiririk. Şimal-Cənub, Şərq-Qərb dəhlizləri - onlar Azərbaycan üzərindən keçir. Azərbaycanda yaradılan və yaradılacaq nəqliyyat infrastrukturu həm ölkəmizə, həm də qonşulara xidmət göstərəcəkdir.
Xəzər Gəmiçiliyi ilə bağlı işlər görülür, islahatlar aparılır, yeni gəmilər alınır və ən önəmli hal ondan ibarətdir ki, Azərbaycanda gəmiqayırma zavodunda artıq gəmilər istehsal olunur. Həm neft-qaz əməliyyatları üçün sifarişlər verilibdir, həm də hərbi məqsədlər üçün gəmilər tikiləcəkdir. Eyni zamanda, bizim bütün digər gəmilər - tankerlər, yük gəmiləri Bakıda istehsal olunacaq. Bu da sənayeləşmə siyasətimizin bir nəticəsidir. Vaxtilə gəmiqayırma zavodunun tikintisi barədə qəbul olunmuş qərar artıq özünü doğrultdu. Çünki biz görürdük ki, gəmilərin - tankerlərin, yük, servis gəmilərinin hamısı xaricdən alınır. Ancaq bizdə daxildə tələbat var. Biz gərək öz donanmamızı yeniləşdirək. Eyni zamanda, böyük neft-qaz əməliyyatları aparılır və aparılacaq. “Şahdəniz”lə bağlı yeni gəmilərə ehtiyac var. Ona görə, qısa müddət ərzində gəmiqayırma zavodunun tikintisi çox önəmli addım idi və bu zavod bütün Xəzəryanı ölkələrə xidmət göstərə bilər. Mən Xəzər Sammitində öz həmkarlarımla söhbət əsnasında söyləmişdim ki, artıq belə zavod var və siz də bundan faydalana bilərsiniz, sifarişləri verə bilərsiniz. Ümumiyyətlə, biz Xəzər hövzəsində bu istiqamətdə daha da sıx əməkdaşlıq edə bilərik. Əgər, misal üçün, Bakıda belə müasir zavod varsa, inanmıram ki, başqa yerdə belə zavodun tikintisinə ehtiyac olsun. Yəni, burada da kooperasiya işləri düzgün aparılmalıdır. Azərbaycan da öz sözünü deyir.
Keçən il “Cənub” qaz dəhlizinin təməli qoyulmuşdur. Bu, tarixi hadisədir. Bu layihə bizim uzunmüddətli inkişafımızı daha da sürətləndirəcək. Bu layihə “Əsrin müqaviləsi”nə bərabər olan bir layihədir. Artıq bu layihəni XXI əsrin layihəsi adlandırırlar. Çox simvolik hal ondan ibarətdir ki, məhz 2014-cü il sentyabrın 20-də - “Əsrin müqaviləsi”nin imzalanmasından düz 20 il sonra “Cənub” qaz dəhlizinin təməli qoyulmuşdur. Ulu öndər Heydər Əliyevin neft strategiyasının uğurlu icrası bu gün də təmin edilir. Görün “Əsrin müqaviləsi”ndən sonrakı dövrdə nə qədər işlər görülmüşdür! Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, indi “Cənub” qaz dəhlizi, “Şahdəniz” yatağının işlənməsi. Azərbaycan burada öz liderlik rolunu bir daha təsdiqlədi. “Cənub” qaz dəhlizinin müəllifi Azərbaycandır. Bu layihənin aparıcı qüvvəsi də Azərbaycandır. Bunu hamı bilməlidir. Azərbaycanın güclü iradəsi olmasaydı, bu layihə heç vaxt reallaşmayacaqdı. Biz bu layihənin reallaşması ilə bağlı çox gərgin iş aparmışıq. Çox gərgin və fəal iş aparmışıq ki, artıq bu layihəni icra etməyə başlamışıq. Biz buna Azərbaycan üçün ən məqbul şərtlərlə və beynəlxalq əməkdaşlıq çərçivəsində nail ola bilmişik. Çünki bizim tərəfdaşlarımız olmadan bu layihə icra edilə bilməz. Ona görə bu layihə daha da böyük koordinasiya tələb edir. Çünki burada iştirak edən ölkələrin, şirkətlərin sayı çoxdur. Bakı-Tbilisi-Ceyhan layihəsinin icrasında üç ölkə - Azərbaycan, Gürcüstan, Türkiyə iştirak edirdi. Ancaq “Cənub” qaz dəhlizinin icrasında 10-a yaxın ölkə iştirak edəcək. Çünki biz bu layihəni çox böyük və geniş layihə kimi görürük, bunu əlbəttə ki, mərhələlərə bölürük. İlk növbədə, Bakı-Tbilisi-Ərzurum qaz kəmərinin genişləndirilməsi, TANAP, TAP layihələri, ondan sonrakı dövrdə digər layihələr. Ona görə bu, tarixi hadisədir. Azərbaycan bu sahədə də liderlik keyfiyyətlərini göstərmişdir.
Ölkəmizin siyasi, iqtisadi maraqları təmin ediləcəkdir. Azərbaycan Avropa istehlakçıları üçün əvəzedilməz ölkəyə çevrilir. Bu nə deməkdir? Bunu çox izah etməyə də ehtiyac yoxdur. Biz Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində öz rolumuzu oynayırıq və getdikcə bu rol artacaq. Çünki Avropa üçün yeganə yeni qaz mənbəyi Azərbaycandır. Bütün başqa mənbələr - onlar artıq var. O mənbələrin ehtiyatlarını müxtəlif yollarla, yəni, yeni yollarla Avropaya nəql etmək mümkündür. Belə layihələr var, lakin yeni mənbə ancaq Xəzər hövzəsidir və Azərbaycandır. Biz bu məsuliyyəti öz üzərimizə götürmüşük. Əminəm ki, bu layihəni də uğurla icra edəcəyik. Çünki bu günə qədər bir dənə də layihə olmamışdır ki, biz onu başlayaq və icra etməyək. Həm Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, həm də Bakı-Tbilisi-Qars, yəni, beynəlxalq layihələrdən söhbət gedir. Əminəm ki, “Cənub” qaz dəhlizi də tam şəkildə icra ediləcəkdir.
Bakıda birinci Avropa Oyunları keçiriləcəkdir. Oyunların keçirilməsinə beş ay qalıbdır. Təşkilat Komitəsi çox fəal işləyir, bütün vəzifələri icra edir. Bütün dövlət qurumları bu işdə fəal iştirak edirlər. İndi hazırlıq son mərhələdədir. Biz Avropa Oyunlarını Yay Olimpiya Oyunlarının səviyyəsində keçirmək əzmindəyik. Bu Oyunlar bir Avropa bayramına çevrilməlidir. Azərbaycan burada yenə də liderlik keyfiyyətlərini göstərir. Çünki Avropa Oyunlarının standartları əslində Bakıda qoyulacaq. Çünki heç vaxt bu günə qədər belə oyunlar keçirilməmişdir. Bu oyunlar müxtəlif səviyyədə keçirilə bilərdi. Ancaq biz istəyirik ki, bu möhtəşəm idman bayramı möhtəşəm dostluq bayramına çevrilsin. Buna böyük ehtiyac var.
Azərbaycanın rolu getdikcə artır. Ölkəmizdə mövcud olan ictimai-siyasi vəziyyət, multikulturalizm, dini-milli dözümlülük, dünyaya açıq olmağımız – bütün bu amillər bu gün Avropa, dünya üçün lazımdır. Çünki əfsuslar olsun ki, real həyatda biz bir çox hallarda tam başqa mənzərəni görürük – qanlı toqquşmalar, terrorizm, ədavət, ikili standartlar və s.
Azərbaycan isə öz inkişaf modelini ortaya qoyur. Bu, hər kəs üçün açıq olan modeldir. İqtisadi model - bu gün biz bu barədə danışmışıq. Yəni, bu, nadir bir iqtisadi inkişaf modelidir. Siyasi islahatlar modeli - məncə, Azərbaycan nümunə ola bilər. Çünki iqtisadi islahatları aparmaqla, eyni zamanda, siyasi islahatlara da böyük önəm veririk. Bütün demokratik təsisatlar yaradılıb. Bütün azadlıqlar - söz azadlığı, sərbəst toplaşmaq azadlığı, vicdan azadlığı, mətbuat azadlığı, internet azadlığı, din azadlığı təmin edilib. Bu azadlıqlar nəinki təmin edilib, eyni zamanda, bu, bizim həyat tərzimizdir, bu, dövlət siyasətidir. Ona görə, Avropa Oyunlarının keçirilməsi sadəcə olaraq bir idman tədbiri deyil. Hesab edirəm ki, bu tədbirdə iştirak edəcək idmançılar, qonaqlar Azərbaycanla əlbəttə ki, tanış olacaqlar və Azərbaycanın uğurlu inkişaf modelini görəcəklər.
Əgər bütün ölkələr öz daxili işləri ilə məşğul olsaydılar, başqa ölkələrin daxili işlərinə qarışmasaydılar və əsassız tələblər irəli sürməsəydilər, dünya daha da sabit olardı, təhlükəsizlik daha da çox təmin edilərdi.
Hər halda biz Azərbaycanda öz işimizi görürük, görəcəyik və əminəm ki, 2015-ci ili də uğurla başa vuracağıq”.
-
Dünya04:44
Rusiya HƏYƏCAN TƏBİLİ ÇALDI: Yerə 8 metrlik asteroid gəlir
-
Sosial03:13
17 yaşlı qız şəxsiyyət vəsiqəsində "oğlan" kimi qeyd olunub? - TƏFƏRRÜAT
-
Sosial02:12
Qəzaya uğramış təyyarənin iki ekipaj üzvü artıq Bakıdadır - VİDEO
-
Sosial00:30
Məhəmmədəlinin anasından VİDA VİDEOSU
-
Qoroskop00:15
Günün ULDUZ FALI - Elə hadisələr baş verəcək ki...
-
MDB26 Dekabr 21:48
Qazaxıstanda Xəzərə çələnglər buraxıldı - FOTO
-
Hadisə26 Dekabr 21:24
Həlak olanların nəşi Aktaudan Vətənə gətirildi
-
MDB26 Dekabr 20:36
Aİİ sammitində Lukaşenko və Paşinyan arasında CİDDİ MÜBAHİSƏ - VİDEO