Köşə
Paşinyanın azərbaycanlıların şəhərinə təcili səfəri: Bakıya qarşı gizli ittifaq qurulur?
Asif Nərimanlı
https://asifnerimanli.wordpress.com/
Yanvarın 14-də Ermənistanın baş naziri təyin edilən Nikol Paşinyan ilk səfərini Gürcüstana etdi və bu ölkənin baş naziri Mamuka Baxtadze ilə Tbilisidə deyil, azərbaycanlıların kompakt yaşadığı Bolnisi rayonunda görüşdü. Bu görüş iki qonşu ölkə rəhbərinin sərhəd bölgəsinə yaxın ərazidə ayaqüstü söhbəti kontekstində görünə bilər, səfərin qeyri-rəsmi olması da bu görüntünü gücləndirir.
Lakin burada iki məqam var:
1. Qeyri-rəsmi olsa belə Paşinyan ilk səfərini
niyə Gürcüstana etdi?
2. Səfər qeyri-rəsmi olduğu üçün görüş Tbilisidə
keçirilməyə bilərdi, lakin yer olaraq paytaxta daha yaxın olan
gürcü rayonu Tetri-Çkaro yox, niyə məhz azərbaycanlıların yaşadığı
Bolnisi seçildi?
İlk sualın cavabı regional proseslər fonunda
məlumdur: Ermənistan Rusiya ilə kəskin qarşıdurma
mərhələsinə daxil olub, xüsusilə ötən ilin son günlərində Paşinyanı
Moskvada qəbul edən Putin bu forpost ölkənin cəzalandırılmadan
çıxdığı yola qayıtmayacağını anladı, ardınca “Qazprom” Ermənistana
verdiyi hər min kubmetr qazın qiymətini 150 dollardan 165 dollara
qaldırdı. Növbəti aylarda Ermənistanın daxili istehlakçıları üçün
qazın ikiqat bahalaşacağı gözlənilir. Çünki rusların bazar
şərtlərinə görə qiyməti yenə artıracağı istisna deyil.
Paşinyan Rusiyaya alternativ tapa biləcəklərini öz dili ilə bəyan
etdi, lakin indiki şəraitdə Ermənistan üçün qapısına gedə biləcək
iki ölkə var: İran və Gürcüstan. ABŞ-İran
qarşıdurması və Tehrana qarşı sanksiyalar İrəvanın bu qapısını
bağlayır. Xüsusilə Ermənistanın hər min kubmetrinə görə 150 dollar
ödəyərək İrandan aldığı qazın da gələcəyi sual altındadır. Hərçənd,
İran Sarkisyan rejimi dövründə olduğu kimi, yenə də Ermənistana
gizli dəstək verə bilər, amma Paşinyan onu siyasi Olimpə yüksəldən
yeni ağalarını aldatmaqdan çəkinir. Yeganə yol Gürcüstan qalır və
Tbilisinin ermənilərə verməyə heç nəyi olmasa belə, Paşinyan son
ümid kimi onların qapısını döyür. Burada cari və gələcək olmaqla
iki plan haqqında təəssürat yaranır:
CARİ PLAN:
a) Paşinyan regionda daha da təklənməmək üçün
gürcülərdən dəstək istəyir. Bu dəstək siyasi və iqtisadi ola
bilər.
b) Ermənistanın Rusiyadan aldığı
qaz Gürcüstan tranziti ilə gəlir və Tbilisi tranzit haqqının
yarısını pul, yarısını qazla alır. Hərçənd, Gürcüstan təbii qazının
100 faizini Azərbaycandan aldığı üçün buna o qədər də ehtiyacı
yoxdur. Məhz buna görə ruslardan tranzit haqqının bütövlükdə pul
ilə ödənilməsini tələb etmişdilər, lakin razılaşma 50/50-yə oldu.
Mümkündür ki, Paşinyan Gürcüstandan ehtiyacı olmadığı, lakin
tranzit haqqı olaraq aldığı rus qazının da Ermənistana gələn boruya
vurulmasını xahiş edir.
GƏLƏCƏK PLAN:
Paşinyan yanvarın 14-dən etibarən Ermənistanda tam legitim
hakimiyyətini qurdu. Və ilk döydüyü qapı gürcülərinki oldu. Nikolu
hakimiyyətə gətirənlərin Qərbdə, konkret ABŞ-da məskən saldıqları
məlumdur, 8 ay öncəsinə - Sarkisyanın devrildiyi günə qədər
Vaşinqtonun Cənubi Qafqazda təsir gücünün olduğu yeganə ölkə
Gürcüstan idi. ABŞ-ın nöqteyi-nəzərində indi bölgədə bir yox, iki
qüvvəsi var: Gürcüstan və Ermənistan. Tbilisi İvanişvilinin “xaç
atalığı” altında ruslarla müəyyən təmaslar qurur, bu baxımdan,
Paşinyan amerikalıların regiondakı “əsas adamı” olaraq görünür.
Hesab etmək olar ki, Paşinyan hakimiyyətini legitimləşdirdikdən bir
gün sonra (bəlkə də saatlar sonra) amerikalıların tapşırığına
əsasın gürcülərin qapısını döydü və məqsəd Gürcüstanla birləşərək
Rusiyaya qarşı bölgədən yeni hücumlar hazırlamaqdır. Lakin bu hücum
“aktiv” yox, “passiv” formada ola bilər. Çünki Ermənistan siyasi
hakimiyyət olaraq nə qədər Qərbdə formalaşmış olsa da, iqtisadi və
hərbi sferada ruslardan asılıdır. Paşinyana isə Rusiyadan qopmaq
üçün bəhanə lazımdır, bu bəhanə elə olmalıdır ki, Moskva günahı
yalnız “özündə” görsün, yaxud ən azından Ermənistanda görməsin və
Paşinyandan oyundan mümkün qədər daha az ziyanla çıxsın. Olduqca
qarışıq situasiyadır, lakin ssenarini təsəvvür etmək olur:
- Gürcüstan Rusiyanın Ermənistana göndərdiyi qazın tranziti
olmaqdan imtina edir (hansı ki, burada gürcülər heç nə
itirməyəcək); Ermənistan Rusiyanın qaz silahından xilas olur və
Moskvanı onu “soyuqda” qoymaqda ittiham etmək haqqı qazanır; Moskva
günahkar olaraq Tbilisini görür; İrəvan müvəqqəti olaraq qaz
anbarlarındakı ehtiyatdan istifadə edir və Qərbin gözündə “çətin
vəziyyətə düşmüş və təcili köməyə ehtiyacı olan ölkə” imicini
qazanır;
Bu ssenariyə əsasən Paşinyanın Qərb fondlarından bölgədə
“demokratiya əzabkeşi” kimi daha çox maliyyə dəstəyi ala biləcəyi
realdır, lakin Ermənistanın qaz probleminin həlli üçün iki çətin
yol var:
1. ABŞ Ermənistanın İrandan 150 dollara qaz
almasına göz yumur. Burada həm İrəvan, həm Tehran iqtisadi və
siyasi maraqları baxımından xoşbəxt olacaq, hətta iranlılar
ermənilərə verdikləri qazın qiymətini daha da aşağı salacaq.
2. ABŞ Ermənistanın Rusiyadan xilası üçün Türkiyə
və Azərbaycana sərhədlərin açılması məsələsində təzyiq edir.
Mümkündür ki, Vaşinqton ikinci məsələnin həlli üçün birinciyə -
İrandan qazın alınmasına müvəqqəti göz yuma bilər, okeanın o
tayında sanksiyalara nə qədər həssas yanaşılsa da, erməni
lobbisinin təsirləri gözardı edilməməlidir. Lakin ikinci məsələnin
həlli üçün ilk növbədə Dağlıq Qarabağ münaqişəsi aradan
qalxmalıdır, bunu Vaşinqton da, İrəvan da anlayır. Məhz burada
ssenarinin davamı gəlir:
- Paşinyan missiyasına uyğun olaraq Ermənistanın Rusiyadan
asılılığını tamamilə aradan qaldırmaq, ermənilərə verdiyi iqtisadi
rifah vədlərini yerinə yetirmək, ölkəsini Qərbin qolları arasında
tam şəkildə buraxmaq üçün münaqişənin həllini istəyə bilər (hərçənd
bunu danışıqların növbəti raundları göstərəcək); bunun üçün ilk
öncə erməni ictimaiyyətini münaqişənin həllinə razılaşmaqdan başqa
çıxış yollarının olmadığına inandırmalıdır və təbii ki, bu sözlə
yox, real vəziyyətin yaşanması ilə ola bilər; Rusiya qazının
kəsilməsi erməni ictimaiyyətinin çıxış yollarının münaqişənin həll
edilməsi nəticəsində sərhədlərin açılması olduğuna inandırmaq üçün
ən yaxşı yoldur, hər halda, ermənilər ehtiyat qazla təkcə bir qışı
keçirə bilərlər, sonra soyuqlar – hər iki mənada – qapının ağzını
kəsdirəcək;
ABŞ prezidentinin məsləhətçisi Con Boltonun İrəvanda olarkən
dedikləri, eləcə də geosiyasi platformada ruslarla amerikalıların
mübarizəsi Vaşinqtonun Qarabağ münaqişəsinin həllini istədiyi,
Paşinyandan da bunu tələb etdikləri ehtimalını önə çıxarır.
Boltonun “Paşinyan və komandası seçkidə qalib gələrsə, bu
Qarabağ münaqişəsinin həllinə ümidlər yaradacaq”
açıqlaması təsadüfə bənzəmirdi. Ssenarinin bu istiqamətdə inkişafı
Azərbaycanın da xeyrinə görünür, lakin çoxqatlı olan bu proseslərdə
ABŞ-ın “məğlubiyyətə bərabər sülh” istəyib-istəməyəcəyi və
nəticənin necə olacağı hələ ki müəmmalıdır, bunu zaman
göstərəcək.
Paşinyanın təcili olaraq Gürcüstan rəhbərliyi ilə qeyri-rəsmi
görüşünün “GƏLƏCƏK PLAN” kontekstində
dəyərləndirilməsinin haqlı olub-olmadığını da proseslərin sonrakı
inkişafı ortaya çıxaracaq, lakin bu görüşün “CARİ
PLAN” çərçivəsində real olduğu ehtimalının zamana o qədər
də ehtiyacı yoxdur, çünki indiki halda ermənilərin regionda döyə
biləcəkləri yeganə qapı gürcülərinkidir.
Və bütün bu proseslərin fonunda görüş yeri olaraq “niyə
məhz azərbaycanlılara məxsus Bolnisi rayonu seçildi” sualı
ayrıca diqqət çəkir.
Tarixi adı “Çörük Qəmərli” olan bu bölgəyə çar Rusiyası dövründə
almanlar köçürülür və I Pavelin qızı, Vürttemberq kraliçası
Yekaterina Pavlovnanın şərəfinə Yekaterinenfeld (almanca
Katharinenfeld) adlandırılır. Bolşeviklər dövründə Almaniyada
doğulmuş yəhudi əsilli kommunist inqilabçı Roza Lüksemburqun
şərəfinə rayona Lüksemburq adını verirlər. Nasistlərlə II Dünya
müharibəsinin aparıldığı illərdə Stalin almanları Qazaxıstana
sürgün edir və rayonun adı Bolnisi olur. Almanların yerinə kütləvi
şəkildə gürcülər gətirilir, 1980-ci illərdə rayonda kompakt yaşayan
azərbaycanlılar ciddi təzyiqlərə məruz qalır və köçürülür,
beləliklə, azərbaycanlıların sayı ciddi şəkildə azalır. Rayonda az
sayda olsa da ermənilər də yaşayır, qəribədir ki, bütün bu
kəşməkeşdə onlara toxunan olmur.
Və illər sonra Ermənistana hakimiyyətə gələn Nikol Paşinyan siyasi
legitimliyini təmin edən kimi azərbaycanlıların rayonuna qaçaraq
gəlir, burada Gürcüstan rəhbərliyi ilə görüşür, həmçinin rayondakı
ermənilərlə təmaslar qurur. Bütün bunlar təsadüfdürmü? Bəlkə də
görüş üçün Bolnisidən unikal yer tapılmayıb, lakin tarixi və
bugünkü proseslər fonunda şübhələrin yaranması qaçılmazdır. Bu
şübhələrin arxasından boylanan
- Gürcüstan gürcüləşdirdiyi azərbaycanlıların şəhərində erməni baş
nazirlə görüş təşkil edərək Bakıya mesaj verir;
- Ermənistan və Gürcüstan regionda birlikdə poz verməklə Ankara və
Bakının hakim gücünə “kəllə atır”;
- Qərb öz orbitinə daxil etdiyi İrəvan və Tbilisini birləşdirərək,
Azərbaycanla Türkiyəyə qarşı regionun içində gizli ittifaq
yaradır;
- Və bəlkə də heç görə bilmədiyimiz daha təhlükəli oyunlar
oynanılır;
ehtimalları da gözardı edilməməlidir.
Publika.az
-
MDB21:48
Qazaxıstanda Xəzərə çələnglər buraxıldı - FOTO
-
Hadisə21:24
Həlak olanların nəşi Aktaudan Vətənə gətirildi
-
MDB20:36
Aİİ sammitində Lukaşenko və Paşinyan arasında CİDDİ MÜBAHİSƏ - VİDEO
-
İdman20:24
Bir döyüşə görə 100 milyon qazanıb: 100 dollarlıq saxta saat taxır - VİDEO
-
Sosial19:20
Ramiz Tatarov azadlığa çıxdı
-
İdman18:12
Təyyarə qəzasında vəfat edən 13 yaşlı Məhəmmədəli futbolçu imiş
-
Sosial17:40
“Qara qutu"nun incələnməsinə başlanıldı
-
Sosial17:10
Əli Əsədov daha bir qərar imzaladı