• USD 1,7000 0,00% EUR 2,0014 0,00%
    • GBP 2,3463 0,00% RUB 0,0234 0,00%

Baş tutmayan randevu və ya on dəqiqəlik söhbət...

  • Köşə
  • 23 İyul 2021 19:10
  • 5 809 Baxış
Baş tutmayan randevu və ya on dəqiqəlik söhbət...

Mintac Elsevər

Əynimizdəki paltar vücudumuzu gizlədər. Üzümüzdəki təbəssüm qəlbimizdəki kədəri, boğazımızda düyünlənən qəhərsə göz yaşlarını…

Aşkar olsaq ruhumuz sarsılar, yenilərik həyat qarşısında. Bəs görəsən bu dözüm qarşılığında mükafatımız nə olur?..

Həyatı da özü də möhtəşəm bir xanımla bu barədə danışmaq yəqin ki, fərqli olacaq…

Flora Kərimovayla “Randevu” layihəsində baş tutmayan çəkilişimizin girişi üçün yazmışdım bu təqdimatı…

Pərdəarxası onca dəqiqəlik söhbətimizsə birnəfəsə oldu. Çox kədərliydi. Daha dəqiqi, ona yazılan taleyin ənənəvi libasındaydı deyim…

Qərib səslənməsin, adamlar var ki, tale onlarla faciəli oyun oynamaqdan həzz alır sanki. Tanrının fitrətindən yaranan belə kəslər zamanla özləri də alışır bu oyuna. Bəlkə bir gün taleyə qalib gəldim deyə ifallıca çəkir dərdlərini. Flora xanım kimi… Bu gün onun doğulduğu gündü. Əminəm ki, buna çox da sevinmir. Bəlkə də heç sevinmir. Əslində hələ anasının bətnindəykən taleyi onunla ilk acı oyuna başlamışdı. Müharibə, aclıq və çarəsizlikdən anası onu dünyaya gətirmək istəməmişdi. Amma Tanrının əmri və lütfüydü. O doğulmalıydı. Belə istəksizlikdən doğulmuşdu Flora…

Bətnindəykən anasının sığalını duymamışdı amma inadla doğulmuşdu. Bəlkə də buna görə taleyi acıqlıydı ona. Onun gözəlliyi, istedadı artıqca taleyi daha qəzəbli, acımasız olurdu. Arxasınca sürünən həsrətli kişi baxışları həmcinslərinin də düşmən ordusunu böyüdürdü. Axı çoxlarından fərqli olaraq boyasız-filansız, qızıl-zinyətsiz belə əcaib bir gözəl idi Flora!..

Səsinin rəngi, ahəngi, təkrarsız ifaları isə ən zəif şərqini də gözəl bir əsərə çevirirdi. Özünün belə xəbəri olmadan xoşbəxtlik izləyirdi onu. Sadəcə izləyirdi, gerçəyəsə çevrilə bilmirdi. Qovuş mənə, sənin xoşbəxtliyinəm demək istədiyi anda hər şey məhv olurdu…

Ona görə də deyir ki, mən heç nəyə inanmıram! Səhvmi edir deyəcəksiz? Bu sizin haqqınız. O isə hiss etdiyini, daha çox da yaşadığını deyir. Ən xırda komplimenti, xoş xitabı belə süni qəbul edir. Çünki Tanrının onu mükafatlandırmadığını düşünür. Mükafat bir təmənna deyil ki. Sadəcə bir az da olsa əzabsız, üzüntüsüz, hüzurlu yaşamaq istəyidi, vəssalam! Yoxsa nə çox idi ayaqları altına var-dövlət sərənlər…

Tez-tez əllərinə geyindiyi qara əlcəklərlə qucaqlayası deyildi ki, o cah-cəlalı. Hardan baxsa taleyinin sümsük itlər kimi onu izlədiyini görürdü. İndi elə bir yaşdadı ki, hər şey həzin külək kimi əsir yan-yörəsində. Özü də yaxşı bilir və görür əsillə asılı olanı. Görə-görə gəlib çatdı bu yaşa. Mənsə həmişə həqiqət bildiyim hissi görürdüm onun gözlərində: insanın taleyi onun gözlərində yazılıdı. Fəqət hər kəs də bunu görə bilməz. Heç vacib də deyil görmələri. Onsuz da heç nə dəyişməyəcək. Çünki insanın taleyi dəyişmir. Yazıldığı kimi yaşanır. Və məntiqlə Flora xanım özünün gözlədiyi mükafatı almayanlardan oldu. Axı bu mükafat təmənna deyildi, əsil olan, ovuc boyda səadət olmalıydı. Olmadı…

Yeganə gerçək budu: bizim təkrarsız Flora Kərimovamız var və ondan bir də olmayacaq!..

Sizin inanmadığınız bəzi nəsnələrə inanmayanlardan biri də mənəm əziz, şahanə Flora xanım! Təzim edirəm…

Halal Nemət

Xəbər lenti

DAHA ÇOX XƏBƏR