Neftçi və dənizçinin abidəsi haradadır?
Bizi izləyin

Yazarlar

Neftçi və dənizçinin abidəsi haradadır?

Azərbaycan Xəzəri necə yaşayır - poetik nümunələrində, ədəbi əsərlərində, yaxud kino sənətində? Deyəcəksiz ki, o boyda Nəbi Babayev təxəllüsünü Xəzri seçərkən özünün ilham pərisini nədən aldığını göstərməyibmi, yaxud, Rəsul Rza və İslam Səfərlinin mavi suların döyüntüsündən, fırtınalarından, kükrəyən, yaxud sığal çəkən dalğalarından, qağayı və qırçınlı ləpirlərindən hər birimizə pay düşməyibmi?

Xeyr, qələm adamlarımızın ruhunu oxşayan Xəzəri millətimizə sevdirmək üçün onu yalnız istismar və sənaye şəhərinin ünvanı kimi görməyimizin müqabilində əsrlərdən gələn dəniz səsimiz çox zəifdir!

Sadəcə “Dalğalar”ı zümzümə etməklə, yaxud, “neft daşlarını” tikən insanların kiçik əmək rəşadətini bədiiləşdirməklə iş bitmir. Dağlar bizi düşməndən qoruduğuna və qalaya çevrildiyinə görə Koroğlu dastanlarına uymağımız bizi ingilislər kimi dənizsevər olmağa qoymayıb.

Baxın, tarixdə britaniyalıların əfsanələrlə dolu olan hünəri həm də dünyanın ən güclü donanmasını yaratmaları ilə ölçülüb və bütün dövrlərin savaşlarını qazanarkən dəniz orduları savaşın önündə gedib. Yaxud Troya ilə qədim romalılar arasında aparılan müharibələrin həm də dəniz üzərindən gerçəkləşməsi yalnız Homerin əsatir yaradıcılığının məhsulu deyil.

Elə isə vətənimizin ayrılmaz hissəsi olan Xəzəri dənizçi və ya neftçi sifətində niyə yalnız ayrı-ayrı qazma idarələrinin sahəvi meydanlarına vermişik və onu ümumxalq məhsuluna çevirmək ağlımızdan keçməyib? Yəqin hər yerdə olduğu kimi burada da dövləti, təşəbbüslərin gərəkliyini qabardacaqsınız.

Halbuki Şəhidlər Xiyabanının ünvanını xalq seçmişdi, sovet qəhrəmanlarını ideologiyanın yeminə çevirməkdən öncə çoxlu yazıçı və şairimiz Kamonu, Baqramyanı, yaxud hətta rus Razini əbədiləşdirmək üçün şəxsən Stalin yoldaşa saysız-hesabsız zəhmətkeş məktubları göndərirdilər.

İndi millətimizin hüznlü günlərində içərisində qəhər olan on minlərlə insanımız dənizin udduğu adamların əvəzində bir ehtiram və ziyarət ünvanı axtarır ki, onlara mənəvi borcunu qaytarsın, xatirələrini yad etsin. Varmı belə ünvan?

Azərbaycanı yüz illərdir dünyanın mərkəzinə çevirən neftin və neftçinin çarizmin vaxtından istila edilmiş Bakının bütün simasını dəyişən bir sərvətə, onu xalqınkı edən neftçi ordusuna bir abidəni belə çox görməsi heyrətamizdir. Yəqin bütün dünyanın gözünü çəkən bir sərvətin bəlalarından və xalqı tənbəlləşdirən “lənətlənmiş resurs” olması haqda uydurmalardan çıxış edib çoxları təhtəlşüurunda onu “bədbəxtlik gətirən nemət”, işçiləri isə ağaların qulları saydıqlarından “köləlik nişanəsi”ni xatırladan simvollardan qaçıblar. Halbuki, dəniz dövlətin və millətin varlığıdır - neftsiz olsa belə.

Orda çəkilən yolların Vətən torpaqları üzərindən inşa edilmiş qovuşuqlardan və ya körpülərdən heç bir fərqi yoxdur. Ona görə də dənizi “ölüm ünvanı” kimi deyil, hünəri ilə xarüqələr yaradan, tufanların içərisində əsil döyüşçüyə çevrilən və “qara qızılı” bir millətin mülkiyyətinə çevirən insanları qəhrəmanlıq yeri olaraq tanımaq, onu bir xalqın abidəsinə döndərmək lazımdır!

Hər halda qərənfilləri dənizə axıdanları görüb içərisində onsuz da o sulara qatdığımız yüz cür qatqıdan sonra bizim əməyi və rəşadəti ilə öyünmək istədiyimiz adamlara borcumuzu qaytarmalıyıq. Dəniz qurbanları ilə təkcə nisgil yerimiz deyil, “Günəşli”ni quran yaradıcı əlləri, ”Neft daşları”nı və onlarla estakadanı tikib dənizin ürəyində özünə yer edənləri qəlbimizdə yaşatmaq üçün bir simvolun kölgəsinə yığılmaya ehtiyacımız var.

Bizim başımızı uca edən neftçilərin qarşısında ildə bir dəfə başımızı endirməliyik!

Oxumağa davam et
Reklam
Reklam

Gündəm