Çıx ortadan, ay Əjdər!
Bizi izləyin

Köşə

Çıx ortadan, ay Əjdər!

90-cı illər ortalarıydı. Yatıb, qalxıb bir də gördük ki, heç bir mağarın, çayxananın, kafenin, restoranın yanından “Əjdər əmi”siz ötmək olmur. Hər yerdə eyni mahnının sədalar eşidilirdi - "Tellayı çal, Əjdər əmi! Çal oynasın məclis əhli. Simavəri alışdırın, maşa verim qarışdırın"...

Belə də, ritmik musiqidir, bir bölgənin yeni folklor nümunəsi kimi də qəbul etmək, həmin bölgəyə məxsus el şənliklərində dinləmək, sümüyünə düşəndə dingildəmək də olardı. Amma səsgücləndiricilərlə verirdilər, məclis əhli olanı da, olmayanı dinləməyə məcbur edirdilər. Hamı eyni havanı dinləməli, eyni havaya qol götürüb süzməli, ya da qol silkələyib bezikdiyini söyüşlə ifadə etməli idi.

O illər hər ayın öz qara günləri var idi-Qaradağlı faciəsi günü, Malıbəyli faciəsi günü, Xocalı faciəsi günü, Ağdamın işğalı günü, Zəngilanın işğalı günü... Amma “Əjdər əmi” belə şeyləri eyninə almaz, elə hey “Tellayı” çalar, elə hey məclis əhlini də, yol əhlini də öz ritminə dingildədərdi.

Nəhayət, dilə gələnlər oldu. Mərhum şair Məmməd Aslan “Əjdər əmi”yə həcv yazdı: "Kişi bu qədər oynamaz, çıx ortadan, Əjdər əmi!" Ünvana çatdımı, çatmadımı, bilmirəm. Hər halda, bir müddət sonra “Əjdər əmi” toxtadı, “simavəri alışdırıb, maşa ilə qarışdırmağına”, məclis əhli olanı da, olmayanı da bir ritmə dingildətməsinə ara verdi.

Üstündən illər keçib, “Əjdər əmi”nin samovarı maşa ilə qarışdırması haqda o diringini də unutmuşduq. Bu günlər yenə də yada salası oldum. Dostlardan biri həftə sonu təklif etdi ki, sizin tərəflərin mətbəxi verilən yerdə görüşək. Orda yaxşı kəklikotulu samovar çayı da verilməsini yada saldı. Razılaşdıq. İş sifarişə çatanda çaypaylayan gəncin gülməyə başlaması bizə qəribə gəldi. Səbəbini soruşanda, demə son günlər əməllicə trendə çevrilmiş simavar söhbətləri haqda uzun-uzadı maarifçilik elədi.

Söhbətin subyekti olanların bir çoxunu tanımıram, tanıdıqlarım arasında sevmədiklərim daha çoxdur; çünki kəmfürsət, girəvəçi, yıxılanı baltalamağa hazır olan şəxslər kimi tnıyıram. Bir zamanlar intellektual və vətənçi sanıb kömək etmək istədiyim bir-iki nəfərə qarşı çox namərdcə mübarizə aparmalarının da, kimlərisə diqqətdən yayındırmaq üçün yan hədəflərə çamur atmalarının da şahidi olmuşam.

Fəqət anlaya bilmirəm ki, mən niyə sosial şəbəkəyə girəndə onlar barədə bu qədər bezikdirici, mənasız müzakirələri izləməyə məhkum edilirəm. Niyə həftə sonu “simavar” çayı içmək arzumuz çayxanaçı gəncdə qəribə rişxənd doğurmalı, sevmədiyim, ya tanımadığın şəxslərin mərhəm həyatının pis və ya çox pis detalları haqda o gəncin xüsusi zövqlə danışdığı leksiyanı dinləməliyəm? Onları bu qədər şişirdənlər də bəllidir, efirdən ”mən ona vəzifə verəcəkdim, qoymadılar” deyən sabiq iri məmurlar da. Əgər monstrdılarsa, monstrı yaradanlar da günahkar deyilmi?

....İndi “Əjdər əmi” yəqin, baba olar, özündən sonra nə qədər əjdərciyəzlər, ajderçiklər miras qoyub. Onların neçəsi maşa, neçəsi maşabulayan, neçəsi alışdıran, neçəsi qarışdırandır? Heç bilmirsən, kimə deyəsən ki, kişi bu qədər oynamaz, çıx ortadan, ay Əjdər ( və ya Ajderçik)!

Cəmaləddin Quliyev

Oxumağa davam et
Reklam
Reklam

Gündəm