Bir gecəlik mətləbin hələ də mabədi var
Bizi izləyin

Köşə

Bir gecəlik mətləbin hələ də mabədi var

19-cu əsrin sonları 20-ci əsrin əvvəllərində yaşayan tanınmış ruhani Hacı Məmmədtağı Ərəszadə dövrünün qəzetlərində uzun-uzadı məqalələr yazar və "mabədi var" deyə məqalənin davamını gələn nömrəyə saxlayarmış. Ruhanilərə qarşı amansız olan Mirzə Ələkbər Sabir də "Bir gecəlik mətləbin bir sənə mabədi var!" satirasını ona həsr etmişdi.

Yenə də eyni ənənədir. Amma bu dəfə bir gecəlik mətləbi min il davam etdirənlər “mabədi var” qeydini qoymurlar, hər dəfə yeni mətləb kimi baş aldadırlar. Başqa fərq də var; o zaman “Vaveyla dini-islam əldən getdi “ deyənləri indi “elm əldən getdi”, “xurafat basdı” deyənlər əvəzləyib.

Son 20 ildə özlərini mütərəqqi İslamın, ya da eləcə mütərəqqi azərbaycanlıların (hərçənd bəziləri ya dilimizdən, ya da azərbaycanlı etnonimindən də çoxdan imtina ediblər) siması sananların növbəti mətləb uzatmasına səbəb Hacı Şahinin dəfnindəki izdiham və yas mərasimlərinin qələbəlik keçməsi imiş.

Əvvələn, belə izdihamlı dəfnlər, deyildiyi kimi, fərqli siyasi etnos olaraq boy göstərdiyimiz bir əsrdən artıq dövr ərzində dəfələrlə olub- Zərdabinin, 31 mart soyqırımı qurbanlarının, Üzeyir bəyin, Səməd Vurğunun, Həzi Aslanovun, 20 Yanvar şəhidlərinin, Elçibəyin, Heydər Əliyevin, hətta Haşim Vəzirovin və Ətağanın dəfnlərində də izdiham yaşanıb. 31 mart soyqırımı qurbanlarının dəfni Məhərrəmlik günlərinə təsadüf etdiyindən dəfn mərasimi ilə məhərrəmlik ayinləri qarışmışdı. 20 Yanvar şəhidlərinə bölgələrdə verilən yas mərasimlərində mərsiyə deyilməsinin də çoxumuz şahidiyik. Yəni dəfndə mərsiyə deyilməsi də yenilik deyil, üstəlik, İslam din aliminin vaxtsız vəfatını da şəhadət saydığından, bu mərasim qeyri-adi sayıla bilməz.

Bəs kütlənin din aliminin ardınca getməsi, sadə dilə tərcümə etsək, nüfuzlu din aliminin olması təhlükəlidirmi? Cavab birmənalı deyil. O alimin mövqeyi, hansı baxışları təbliğ etməsi, ənənəvi ya bidətçi olması, öz dövlətinə, yoxsa xarici dairələrə bağlılığı mühümdür. Demək, “mətləbin mabədinin” uzanması müəyyən qədər başadüşüləndir.

Lakin nüfuzlu din adamlarının olmasının mənfi deyil, müsbət tərəfləri olub yaxın tariximizdə. 20 yanvardan sonra faktiki başsız qalmış kütləni, məsələn, Tacikistandakı, Çeçenistandakı kimi radikal istiqamətə yuvarlanmaqdan nisbətən gənc olan Allahşükür Paşazadə və Sabir Həsənli kimi ruhanilərin sağlam mövqeyi xilas etdi.

O zaman dəfn üçün ruhani idarəsinə üz tutulur, şəhid ailələrinə dünyanın dörd bir guşəsində yaşayan azərbaycanlılar tərəfindən göndərilən yardımlar ruhani idarəsinə yönəlirdi. Çünki dövlət qurumları, partiya orqanları ictimai etimad limitini tükətmiş, xalq hərəkatından çıxan təşkilatlar isə hələ tam formalaşmamışdı. Ölkədə sosial təsisat olaraq alimlərə (daha çox AMEA sistemindəki), yazıçılara və ruhanilərə hər halda etimad qalmışdı. O halda sağlam mövqeli və nüfuzlu ruhanilərin olması yenidən müstəqilliyin bərpası ərəfəsində ölkənin əleyhinə deyil, faydasına oldu.

Təəssüf ki obyektiv və ya subyektiv səbəblərdən o tandemə əvvəlki etimad yoxdur, heç elm adamlarına və qələm əhlinə də sosial etimad limiti yüksək deyil. Amma cəmiyyətin gözü kimisə gəzir və nüfuzlu, milli mövqeli, vətənçi bir ruhani yoxdursa, boşluğu idxal dini ideologiyalar, gülənlər, zəhərnalar və onların yerli imamları tutur. Zira, hamının Oksford məktəbində uşaq oxutduracaq imkanı yoxdur, heç olmalı da deyil. Sovet dövrünün “uravnilirovkası” çoxdan tarixə qovuşub.

Bəli, mərhumun nüfuzundan sui-istifadə meyilləri var. İlk iki gün Arazdan cənubdakı ərazilərə nəzarət edən münafiq rejim ölümü görməzdən gəldi, bəzi irançı səhifələrdə Hacı Şahinin Nardaran hadisələrinə, Mövsüm Səmədəovun həbsinə susması yada salınaraq tənqid olundu. Amma onun Azərbaycan İslamının siması kimi qəbul edilməsinin fərqində olunca, bütün ideoloji aparatı işə salıb sahiblənməyə başladılar. Belə halı Mübariz İbrahimovun ölümündən sonra da görmüşdük: kliplər çəkir, audiokasetlər paylayır, dəstə-dəstə ailəsini ziyarət edir, onun seyid mənşəyi xüsusi qabardılırdı. Buna bənzər təxribatı general Polad Həşimovun vəfatından sonra da müşahidə etdik. Birinci halda dövlət və M. İbrahimovun atasının, ikinci halda şəhid generalımızın anasının sağlam mövqeləri o məkrin qarşısını aldı.

Bəs nə gözləyirdik? Bu qədər rəğbət qazanmış, kütləsi olan şəxsin ölümündən sonra istifadə edilməyəcəyinimi gözləyirdik?

Təəssüf ki, yalnız İran deyil, bizdə məzhəb- təriqət-camaat söhbətlərinə aşırı həssas olan müəyyən şəxslər, siyasilər də dayanmır, kütləni aşağılaya-aşağılaya yad ağuşlara itələyir.

2000-ci illərdə “müxalifət -müxalifət” ixtilaflarının şiddət etdiyi vaxt idi, Tahir Kərimli növbəti dəfə AXCP və AMİP-in, həm də o partiyaların naxçıvanlı və qərbi azərbaycanlı funksionerlərini, dolayısı olaraq bütün qərbi azərbaycanlı və naxçıvanlıların ünvanına lazımsız ifadələr işlətmiş, həmin funksionerlərdən biri - Fazil Mustafa çox ağıllı bir cavab vermişdi. Cavabın məzmunu beləydi ki, o elektoratı YAP-ı dəstəkləməyə sövq edən YAP-ın öz gücü deyil, T. Kərimli və onun kimilərin çoxmilyonluq icmalara nifrət dolu açıqlamalarıdır. Təəssüf ki, bu gün Hacı Şahinə rəğbəti, onun adına İranda danışılanları, bəzi yeni dini cərəyan tərədarlarının antitəbliğat aparmaq üçün uydurduqlarını bəhanə edib aparıcı dini icmanı aşağılayanlar da eyni səhvi təkrarlayırlar. Əgər bilərəkdən etmirlərsə...

19-cu əsrdə “samostiynost” (müstəqillik) ideyaları ilk yayıldığı vaxtlar Rusiya imperiyası hüdudlarında yaşayan ukraynalıların əksəri ortodoks idi. Və o ortodoks ukraynalı ziyalıların müəyyən kəsimi uniat kilsəsinə meyil edir, uniat (ortodoks ayinlərini saxlamaqla katolik kilsəsinə keçən keçmiş ortodokslar) ideyasını Moskva ortodoskluğundan və bu yolla da Rusiyanın təsirindən qurtulmağın çarəsi kimi təbliğ edirdilər. Rusiya isə uniatlardan daha çox ortodoks ukraynalıların avokefal kilsə olmasına qarşı mübarizə aparırdı. Çünki uniatları, katolikləri yad, Avstriya, Almaniya, sonra isə Polşa “agenti” kimi ifşa edib, gözdən salmaq asan idi. 1918-20-ci illərdə indiki Ukrayna və Şimali Qafqaz ərazilərində ukraynalıların və kazakların yaratdığı dövlət birləşmələri Rusiya tərəfindən təkrar işğal olunanda ilk addımlardan biri avtokefallığın ləğvi olmuşdu. Hərçənd ki, bolşevik Rusiyası guya dini işlərə qarışmırdı.

Odur ki, Ukrayna müstəqilliyini bərpa edəndən sonra ilk işlərdən biri avtokefallığın bərpası oldu. Uzun illik gərgin işdən sonra Fənər Patriarxlığı tərəfindən də avtokefallığı tanındı, tomos baş tutdu. Rusiya təbliğat maşının o hadisəni necə hiddətlə qarşıladığını hər kəs izlədi. Çünki avtokefal ortodokslar artıq çoxluqdur, demək, Rusiya oralarda əsas yumşaq güc imkanlarını tamamən itirir.

Buna bənzər reaksiyanı İran təbliğat maşını da “ziddoş” ,” ingilis şiəsi”, “zedde vilayət “dediyi Hacı Şahin və onun kimi dindarlarımıza qarşı göstərir. İran gündəmini təqib edənlər, dini proseslərdən az- çox anlayışı olanlar, yəqin ki, bunun fərqindədirlər. Çalışın, onları zorla yad qapıları itələməyin. Əksinə, dəstək olun ki, buralardan İranın son təsir imkanları da rədd olub getsin. Böyük, çoxmilyonluq icmanı inkar etmək İranın maraqlarına uyğun dəhşətli bir yanlış olardı. Ukrayna təcrübəsini bir də yada salın.

P.S. Sabirin ələ saldığı Ərəszadəyə gəlincə, ciddi ruhani və din alimi idi. Oğlu akademik Həmid Araslı isə Azərbaycanın klassik ədəbi irsinin ən böyük araşdırıcısı kimi tanınır. Sabir haqsız idi, təəssüf ki, böyük şəxsiyyətlər də yanlışlıq edirlər.

Cəmaləddin Quliyev

Oxumağa davam et
Reklam
Reklam

Gündəm