Heydər Əliyevi görməyin 12 yaşlı uşaqda yaratdığı bəxtiyarlıq
Bizi izləyin

Köşə

Heydər Əliyevi görməyin 12 yaşlı uşaqda yaratdığı bəxtiyarlıq

Heydər Əliyevi görməyin 12 yaşlı uşaqda yaratdığı bəxtiyarlıq

İnsanın həyatda unuda bilmədiyi sevincli və kədərli anlar olur. Bu iki əks duyğunu 35 illik ömrümdə mən də bir neçə dəfə yaşamışam. Elə indi – fikirlərimi bölüşərkən də iyirmi il öncə məni göz yaşlarına boğan bir Tanrı yazısını xatırlayır və eyni həssaslıqla, dəyişilməz səmimiyyətlə təsirlənirəm. Söhbət Ulu Öndərimizin vəfatı xəbərindən gedir.

Xəbər barəsində televiziya vasitəsilə məlumatlandıqda möhkəm sarsılmışdım. Çünki o dahi şəxsiyyətin Azərbaycan üçün səmərəli fəaliyyəti haqqında evdə ailəmdən və təhsil aldığım orta məktəbdə müəllimlərimdən çox eşitmişdim. Yəni 15 yaşlı bir yeniyetmə olaraq, Heydər Əliyevin xalqının ağır durumdan xilası yolunda apardığı mübarizədən xəbərdar idim. Elə odur ki, böyük xilaskarımıza olan qəlbimdəki yüksək rəğbət məktəbli çağlarımda yaranıb. Böyüdükcə isə içimdəki sevginin mahiyyətini daha dərindən dərk etməyə başladım.

Hələ 21 yaşından etibarən ölkənin ictimai-siyasi həyatında aktiv iştirak edən bir gənc olaraq, mən bu yazıda məhz Ümummilli Liderimizin təməlçisi olduğu gənclər siyasətinə toxunmağa gərək duydum.

Danılmazdır ki, "Biz dövlətin və cəmiyyətin idarə edilməsində gənc nəslin qüvvəsinə arxalanacaq, onların imkanlarından maksimum istifadə edəcəyik” dərin məzmunlu tezisinin müəllifi olan Ulu Öndərimiz daim sağlam əqidəli, vətənpərvər, bilikli və istedadlı gənclərin irəliyə doğru müsbət addımlar atması üçün geniş imkanlar yaradıb. Bu isə Azərbaycan gəncliyinin ümumən inkişafına yol açıb. Gənclər Ümummilli Lider Heydər Əliyevin onlara olan böyük inamından stimul alaraq, öz xalqına töhfələr bəxş etmək üçün ölkənin ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında daha aktiv iştirak etməyə başlayıb. Gənclər, İdman və Turizm Nazirliyinin yaradılması, ilk Gənclər Forumunun keçirilməsi, "Gənclər günü”nün təsis edilməsi və bu kimi digər məqsədyönlü əməli işlər gəncliyin cəmiyyətin yüksək intellektli qüvvəsi kimi formalaşmasına güclü təkan verib. Müstəqilliyinin yaşı hələ heç 32-ni adlamayan Azərbaycan Respublikasının təhsil, idman, incəsənət və digər vacib sahələr üzrə uğurlar qazanmasında gənclərin böyük əməyi keçmişdir ki, bunun da arxasında birbaşa Ulu Öndərimizin bugünümüz naminə misilsiz xidmətləri dayanır. Odur ki, bu gün Azərbaycan gəncinin öz ürəyində tükənməz Heydər Əliyev sevgisini yaşatdığını əminliklə söyləmək olar.

Yazının əvvəlində insanların həyatda həm sevincdən, həm də kədərdən doğan unudulmaz anlar yaşadığını qeyd etmişəm. Əlbəttə, ən böyük istəyimiz bizi sevindirəcək məqamların daha çox olmasıdır. Lakin bəzən neçə illik ömrün boyu cəmi bir sevincli an yaşayırsan ki, o, digər bütün xoşbəxtliklərini üstələyir. Mən də o bəxtiyar günü yaşamışam – 12 yaşımda indiki Respublika Sarayında uşaqlar üçün təşkil edilmiş konsertlərdən birində Ulu Öndəri yaxından görmək nəsibim olub. Di gəl, təəssüflənirəm ki, Ümummilli Liderlə həmsöhbət olmaq taleyimə yazılmayıb. Bu, ömür dəftərimin çatışmayan xoşbəxtlik vərəqidir. Hətta o xoşbəxtliyi yaşayanlara sözün yaxşı mənasında paxıllıq edirəm. Eyni zamanda, Uca Allaha şükranlığımı bildirirəm ki, mənə duyğularını nəzmə çəkmək bacarığı verib və 5 il öncə - müasir Azərbaycanın qurucusu olan Heydər Əliyevin anadan olmasının 95-ci ildönümü ərəfəsində Azərbaycan Dövlət Akademik Filarmoniyasının solistlərindən birinin ifasında ərsəyə gəlmiş “Ulu Öndərim” musiqili kompozisiyasının həmmüəllifiyəm.

Elə bu gün – Ümummilli Liderimizin anadan olmasının 100-cü ildönümü günündə sözügedən şeirdən aşağıdakı misraları paylaşmaqla bir daha o dahi şəxsiyyətin əziz xatirəsinə dərin ehtiramımı ifadə edirəm:

Sənsən bu yer üzünün bir əvəzsiz dühası,

Sən tək oğul doğmamış heç bir övlad anası.

Qürur duyur isminlə, gözəl əməllərinlə

Qəhrəman türk milləti, bütün Turan dünyası.

Mehti Kamiloğlu

Oxumağa davam et
Reklam
Reklam

Gündəm