Bakıda Xruşşov həpəndliyinə sədaqət
Bizi izləyin

Köşə

Bakıda Xruşşov həpəndliyinə sədaqət

Şeirimizin (yazılarımın) baş qəhrəmanı nə zamandır ya İrandan gəlir, ya da Turandan. Bunu, Hacıbala müəllim demişkən, Bakımıza qarşı haqsızlıq olduğunu düşündüyümdən, balans naminə paytaxtın kiçik bir probleminə diqqət yönəltmək istəyirəm.

Təsəvvür edin ki, Binə qəsəbəsində iki qonşu yaşayır. Biri Abşeron rayonunda qeydiyyatdadır, digəri Xəzər rayonunda. Çünki birincinin mülkiyyətində olan həyətyanı sahə sovet dövrü sovxoz ərazisi sayılıb. Sovxoz ərazisi isə Xruşşov eksperimentləri ilə coğrafi bölgüyə əhəmiyyət vermədən Abşeron rayonuna tabe edilirdi.
Kremldaxili çevrilişlə taxtdan salınandan sonra Xruşşova qarşı irəli sürülən əsas ittihamlardan biri də tətbiq etdiyi bu anormal inzibati bölgü ilə bağlı olmuşdu. Doğrudan da, Nikita Sergeyeviçin volyuntarizmi burda ifrata varmışdı; rayon və vilayətlər ərazi prinsipi ilə deyil, təsərrüfat fəaliyyətinə görə formalaşdırılmışdı. Analoqu olmayan bu həpənd eksperiment Sovet İttifaqının hər yerində dərhal ləğv edildi. Kiçik bir istisna ilə...
Abşeron yarımadasının inzibati bölgüsündə də tətbiq edilmiş o anormallığı, həpəndliyi ləğv etmək kimsənin ağlına gəlməyib. Üstündən 60 il keçib, Xruşşov eksperimentlərini Kosıgin islahatları, sonra “zastoy”, sonra “perestroyka”, sonra müstəqillik əvəz edib. Xruşov dövrünün meri - Əliş Ləmbəranski gedib, yerinə fərqli- fərqli adamlar - Ramazan Abdullayev, Vaqif Hüseynov, Fuad Musayev, Müslim Məmmədov, Rüfət Ağayev, Rauf Gülməmmədov, Rəfael Allahverdiyev gəlib. Rəfaeli fizika professoru Hacıbala Abutalıbov, fizik Hacıbalamızı tarixçi Eldar Əzizov yola salıb... Amma o merlərin, onlardan artıq qalanda həm də bizim olan Bakı Xruşşov həpəndliyinə sədaqətən idarə olunmaqdadır.
Hərçənd bu əcaib idarəçilikdən çoxdan xilas olmaq, bu anormallığa son qoymaq olardı. Xruşşovdan sonra davam edilibsə, heç olmasa müstəqillik dövründə ləğv edilə bilərdi. Bunun üçün paytaxt icra hakimiyyətinin iradə ortaya qoyması da yetərlidir, əslində. Amma iradə yoxdur, həpəndlik ləğv edilmir. Niyə? Çünki Xəzər rayonunun coğrafi hüdudları daxilində yaşayıb, bütün kommunal xidmətləri Xəzər rayonundan alan vətəndaşın mülkiyyət hüququ Abşerona tabe olanda əlavə süründürməçiliyə, get-gəllərə və daha nələrəsə fürsət yaranır.
Paytaxtın idarəçiliyində Yura dövründən qalma daha bir atavizm. Hətta yaşı 70-i ötənlər belə “Musabəyov qəsəbəsi”nin nə zaman qəsəbə kimi mövcud olduğunu xatırlamır, amma indiyədək sənədləşmədə qalır. Və ya jurnalist binaları sakinlərinin sənədlərində “Bibi-heybət qəsəbəsi” qeyd olunur (məhz burda yazdığım orfoqrafiya ilə). Bəs o sakinlərdən kimsə Bibiheybət qəsəbəsi nümayəndəliyinin, bələdiyyəsinin yerini bilirmi? Axı qəsəbə müəyyən inzibati funksiyası olan ərazi vahididir. Bu funksiya yoxdursa, demək, qəsəbə də yoxdur. Bibiheybət qəsəbəsi yox, Bibiheybət yaşayış massivi var, Musabəyov qəsəbəsi yox, Yasamal yaşayış massivi var. Bəs anormallıq niyə aradan qaldırılmır? Axı heç burada rüşvət fürsəti də yoxdur. Cavab tapmaqda çətinlik çəkirəm.

Bəs hər gün üzləşdiyimiz, dəyişilməsi elə də çətin olmayan xırda anormallıqları aradan qaldırmaq istəmiriksə, ölkə boyu necə inzibati islahatlar aparacağıq? Ümid edək ki, o islahatlar aparılanda Yura dövrünə aid belə inzibati rudimentlər saxlanmayacaq...

Cəmaləddin Quliyev

Oxumağa davam et
Reklam
Reklam

Gündəm