Köşə
İrəli Rommel! İrəli Priqojin!
1942-ci ilin mayında Afrikadakı alman qoşunları Ervin Rommelin komandanlığı altında əl-Qəzalə və əl-Əlameyn yaxınlığında (Lviyada yaşayış məntəqələri) ingilis ordusunu sıxışdıra bilmiş, müəyyən uğurlar əldə etmişdi. O zaman Qahirənin, Beyrutun, Qüdsün, Dəməşqin, Bağdadın küçələrində on minlərlə ərəb küçələrə axışıb əllərində “İrəli Rommel!” şüarları yazılmış plakatlar yelləyirdilər.
İndi üzərindən az qala bir əsr keçəndən sonra da antiərəb kampaniyalarında o fakt dönə-dönə xatırlanır, ərəblərin nasizmi dəstəkləməsi iddia olunur. Fəqət ərəblər nasizmi deyil, onların ərazilərini işğal edib orda maronit (indiki Livan), nüseyri (indiki Suriyada), yəhudi (indiki İsrail, keçmiş Fələstin mandatı ərazisi) yaratmaqda olan ingilis və fransız müstəmləkəlçiliyinin düşmənini dəstəkləyirdilər. Əzəli və əbədi “düşmənimin düşməni mənim dostumdur” prinsipi ilə.
Hərçənd antifaşist koalisiyasının aparıcı dövlətləri belə Rommeli ləyaqətli rəqib kimi qəbul edir, onun adını ancaq hörmətlə çəkirdilər. Alternativ tarix həvəskarlarının iddiasına görə, Rommel, əvvəl savaşın taleyini dəyişə biləcək fiqur idi, amma digər generalların və fürerin özünün qısqanclığı, onun daha da parlamasına, ordu rəhbərliyini öz əlinə almasına imkan vermədi. Bəzi iddialara görə, o həm də Vermaxtın (nasist ordusunun) yuxarı zabit heyəti tərəfindən Hitlerə qarşı təşkil edilmiş “Valkiriya əməliyyatı”nda olmuş, buna görə də sui-qəsd uğursuz bitdikdən sonra intihara məcbur edilmişdi. İndi ondan əfsanəvi general kimi bəhs edir, barəsində filmlər çəkir, kitablar yazırlar.
Rusiyada mayın əvvəllərindən başlamış, dünən gecədən açıq vətəndaş savaşı almış hadisələrə, qiyamçı muzdluların komandiri Yevgeni Priqojinə rəğbət ifadə edən rəyləri görəndə ərəblərin Rommeli dəstəkləməsi yada düşür. Biz ərəb deyilik, heç Priqojin də Rommel deyil. Onda Rommelin zabit ləyaqətindən və hərbi dühasından əsər-əlamət belə yoxdur, ümumən rus ordusunun tarixində eləsi olmayıb. Amma dəstəyimiz eyni motivlidir: düşmənimizin düşməni bizim dostumuzdur. 28 aprel, 20 yanvar, Xocalı soyqırımlarını törədən, sülhməramlı adı altında ərazimizə soxulub öz qaydalarını yaratmaq istəyən orduya qarşı istənilən qiyam, istənilən üsyan, hətta kiçik hərəkətlənmə belə bizdə rəğbət oyadır və oyadacaq.
Bu üsyanın ciddi nəticələri olacağını indidən söyləmək çox tezdir. Ciddi nəticələri olmasını bizim üçün arzuedilən də saymıram. Amma belə üsyanlar, Rusiyanın daşıb ətrafı basmaması, öz təbii həcminə qayıtması üçün lazımdır. Nə ilk deyil, nə də son deyil. Rusiyanın “qanuni hakmiyyəti”, “legitimlik” haqda deyilən arqumentləri də kənara atın. Rusiyadan söhbət gedəndə bu anlayışlar keçərli deyil. Unutmayın, biz bu gün müstəqilik ona görə ki, Rusiya I dünya müharibəsindən məğlub ayrılmış, ta 1922-ci ilə kimi (rəsmi tarix belədir, qeyri-rəsmi tarix 1920-c illərin ortalarındək) vətəndaş müharibəsi girdablında çabaladı. Biz ikinci dəfə ona görə müstəqilliyi bərpa edə bildik ki, Rusiya “soyuq müharibə”də məğlub oldu, nəinki bizə, öz daxilindəki muxtariyyətlərə belə “berite suverenitet skolko vlezit” deməyə məcbur qaldı.
"Rusiya coğrafiya deyil, Rusiya taledir. Rus adamı rus torpağı qədər, rus tarlaları qədər nəhayətsizdir. Orada slavyan xaosu tüğyan edir. Rus məkanlarının genişliyi rus insanında intizamın və təşəbbüsün inkişafına kömək etmədi, ənginlikdə itirdi" (N. Berdyayev).
Hər yüz ildən bir yeni vətəndaş müharibəsi - irəli opriçniklər, irəli yalançı Dmitri, irəli dekabristlər, irəli Vrangel, irəli Denikin, irəli Kolçak, irəli Prioqjin!
Cəmaləddin Quliyev
-
Elm və təhsil21:39Azərbaycanda III ixtisas qrupu ləğv olunur?
-
Hadisə20:24Kür çayı daşdı - Samuxda əkin sahələrini su basdı
-
ABŞ19:00İranla razılaşma bu gün axşam imzalanacaq - Tramp
-
Nida Xəbər 18:50Ali təhsillilərin əsgərlik müddəti azaldıla bilər - Açıqlama
-
Rəsmi xronika17:28İlham Əliyev fərman imzaladı
-
Sosial17:00Əli Əsədov qərar imzaladı
-
Dünya15:36Türklər Rusiyanın bu şəhərinə axın edirlər: Səbəb nədir?
-
Sosial14:20AzTV-də dəyişikliklər: Bəzi şöbələr birləşdirilir, islahatlar başlayır







.jpg)























