Sözə enməyəcək düha və ya ən sadə, ən səmimi...
Bizi izləyin

Köşə

Sözə enməyəcək düha və ya ən sadə, ən səmimi...

Həyatımızda xüsusi aktuallıq, önəm kəsb edən, milli özünüdərkimizdə, özünəqayıdışımızda, beynəlxalq sferada güc, söz haqqına sahiblənməyimizdə, qlobal intellekt savaşında Azərbaycan imzasının varlığı ilə qürurlanmağımızda müstəsna əhəmiyyətə malik fenomenal şəxsiyyətlərin, hadisələrin önəmini vurğulamaq, gələcək nəsillərə bu gerçək dəyərlərin əsl mahiyyətini aşılamaq məqsədi ilə illərimizə ad qoymaq artıq uzun zamandır ki, bir ənənəyə çevrilib. Ömrümüzdən keçən qocaman bir ilin hər gününü həmin tarixi hadisəyə, fəxr, güvən yerimiz olan şəxsiyyətə həsr eləməklə, həm də müəyyən mənada onlar qarşısındakı mənəvi borcumuzu ödəmiş oluruq. İllərimizin daşıdığı adlar təbii ki, özü-özlüyündə həm də dünyaya ötürülən müəyyən siyasi mesajları ehtiva edir.

2023-cü il Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə öz xalqını zamanın mürəkkəb tarixi-siyasi sınaqlarından uğurla çıxararaq, onu müstəqilliyə qovuşdurmuş böyük öndər, ulu rəhbər Heydər Əliyevin anadan olmasının 100 ilinin tamam olması münasibəti ilə “Heydər Əliyev” ili elan olundu. Bu münasibətlə iti zəkası, siyasi uzaqgörənliyi və qeyri-adi cəsarəti ilə bəşər tarixinin iki müxtəlif ictimai-siyasi quruluşunda hakimiyyət zirvəsinə yüksəlməyi bacaran böyük rəhbərin mübarizələrlə dolu həyat yolu, çoxşaxəli fəaliyyəti, gələcək nəsillərə yadigar qoyduğu zəngin irs ən müxtəlif aspektlərdən bir də araşdırıldı, ən müxtəlif yanaşmalarla tarixin yaddaşına köçdü. Yaşasaydı bu il 100 yaşı olacaqdı...Lakin... 2003-cü il 12 dekabr. Artıq 20 ildir ki, qəlbində Vətən, el-oba sevgisi, xalq təəssübkeşliyi, millət yanğısı daşıyan hər bir Azərbaycan vətəndaşı üçün bu tarix hüzn rəmzi, kədər simvoludur. Artıq 20 ildir ki, millətın böyük oğlu – Ulu Öndərin şəxsiyyəti, keçdiyi şərəfli ömür yolu qədirbilən xalqımız tərəfindən onun cismani yoxluğu ilə onsuz anılır. Müdrik bir kəlamda deyilir: “Dahi insanların ömrü onların ideyalarının ömrü ilə ölçülür”. Elə bu sadə məntiqdən yola çıxsaq, əminliklə deyə bilərik ki, Ulu Öndərin ömrü də elə onun bitib-tükənməyən ideyaları, amalları qədər sonsuz və əbədidir. Bəli, bir ömürdə yüz ömür yaşamaq, tarix yaradaraq tarixin özü olmaq, sözün əsl mənasında, fenomenal şəxsiyyətlərin tale, alın yazısıdır. Heydər Əlirza oğlu Əliyev kimi.

Heydər Əliyevin Azərbaycanın konseptual inkişaf strategiyası ilə bağlı həyata keçirdiyi, reallaşdırdığı titanik miqyaslı işləri, saysız-hesabsız proyektləri hətta təfərrüata varmadan belə, sadəcə saymaqla kifayətlənsək, bu qalaq-qalaq kitabların ərsəyə gəlməsi ilə nəticələnər. Lakin ixtiyarınıza verdiyimiz bu kiçik yazıda yaddaşlarda əbədiləşən Heydər Əliyev şəxsiyyəti ilə bağlı çoxsaylı xatirələrimdən yalnız birini sizinlə paylaşmaq istərdim. Hər dəfə xatirələrdən söz düşəndə yadıma Azərbaycan mədəniyyətinin təəssübkeş oğlu, akademik Rafael Hüseynovun görkəmli şərqşünas alim Böyükağa Hüseynova həsr olunmuş elmi sessiyada çıxışı zamanı dediyi sözlər düşür: “Həyat belədir, insan xatirələrə dönüb yaddaşlara köçür. Onun cismani yoxluğunda yaddaşlarda yaşayan xatirələrlə biz həmin insanın portretini yaratmış oluruq. Hər bir yeni xatirə portretin mükəmməlləşməsini təmin edən əhəmiyyətli ştrixdir”. Gözəl fikirdir. İndi mən də Ulu Öndərlə bağlı xatirələrimi danışdıqca yaddaşımın alt qatında yurd salmış xatirələr kölgədən bir-bir gün işığına çıxır, dumandan qurtulmuş kimi cilalanır və Heydər Əliyev portretinin daha aydın cizgilərlə təqdiminə xidmət edir. Yeri gəlmişkən, qeyd edim ki, xalqın, millətin vəkili kimi şərəfli statusu daşıdığım 10 ilin 8-i də məhz elə Heydər Əliyevin dövrünə (həm də dövlət quruculuğunun ən çətin illərinə) təsadüf edib. O vaxt mən 17 saylı Sabunçu-Əzizbəyov (indiki Xəzər) seçki dairəsindən 1995-2005-ci illər I və II çağırış Azərbaycan Respublikasının Milli Məclisinə deputat seçilmişdim. Deputat kimi imza atdığım, reallaşdırdığım bir çox işlərdə: Maştağaya çəkilmiş qaz kəmərinin bərpası nəticəsində qəsəbənin böyük əksəriyyətinin qazla təminatında, Nardaranda açılan xalçaçılıq sexində 100-ə yaxın qız, gəlinin işlə təmin olunmasında, məktəblərin təmiri, maddi-texniki bazalarının yenilənməsində, imkansız tələbələrin təhsil haqqlarının ödənilməsində, ətraf qəsəbələrin elektrik təchizatının yaxşılaşdırılması məqsədi ilə köhnə elektrik xətlərinin yenisi ilə əvəzlənməsində, seçicilərimin çoxsaylı istək və tələblərinin yerinə yetirilməsində hər zaman Ulu Öndərin böyük dəstəyini hiss etmişəm. Ən kiçik çağırışım belə cavabsız qalmayıb. Xatirimdə dərin iz salan, unudulmaz görüşlərimiz çox olub.

Ən kiçik çağırışım belə cavabsız qalmayıb, dedim. Elə xatirəyə dönüşmüş o çağırışlardan birini sizinlə paylaşmaq istərdim. Yuxarıda səsləndirdiyim fikrin davamı kimi, xatirələr danışılmalı, paylaşılmalı, yayılmalıdır. İnsanın gerçək portretinin tamamlanması üçün.

2001-ci il martın 7-si Respublika Sarayında 8 mart Beynəlxalq qadınlar günü münasibətilə konsert keçirilirdi. Sarayın interyerinin ehtişamı, cəmiyyətdə sözünü deməyi, zərif göründüyü qədər güclü olmağı bacarmış qadınların biryerdəliyindən yaranan energetika və xanımlara diqqət və qayğını həyatının prioritetinə çevirən H.Əliyevin də iştirakı bu tədbirə ayrı bir rəng, fərqli bir ahəng qatırdı. Mən də Milli Məclisin deputatı kimi konsertə dəvətli idim. Heydər Əliyevlə yanaşı oturmuşdum. (2500 tamaşaçı tutumuna malik zalda hər kəs mənim yerimdə olmaq istəyərdi) İndi çoxu Heydər Əliyev haqqında danışarkən tez-tez onu ən dolğun formada xarakterizə edən, mübaliğədən uzaq “fenomenal” insan sözünü işlədir. Amma həmin gün mən bu fenomenliyin alt qatında yatan, kökündə dayanan sirri kəşf etmişdim. Onun bu zirvəyə yüksəlməsində müstəsna əhəmiyyət kəsb edən hər fürsəti bir avantaja, zamanın ən kiçik kəsimini belə faydalı informasiya yüklü məqama çevirmək istedadına canlı-canlı şahid olmuşdum.

Kənardan baxanlar üçün o, konserti dinləyir, başqa sözlə, dincəlirdi. Lakin gerçək həqiqət onun dincələrkən də işlədiyini, gələcək layihələrin plan-prospektini qurduğunu ortaya qoyurdu. O, fasiləsiz işləyirdi. Bəli, tarix boyu tək-tük insanlara nəsib olan Ümummilli lider fəxri statusunun təməl prinsiplərini həyat tərzinə çevirmək bacarığı idi bu yüksəlişin əsas səbəbi. Konserti dinləməyə mane olmadan uzun-uzadı danışdıq. Çoxlu suallar verdi, yaşadığım məntəqə, insanların sosial-maddi durumu, qarşılaşdığım və qarşılaşa biləcəyim problemlərdən tutmuş şəxsi həyatım, ailə üzvlərimlə bağlı ən müxtəlif suallar. Yadımdadır, oğlum Fəridin Qarabağ döyüşlərinə könüllü qatılmasını, ön cəbhənin ən qaynar nöqtələrində qəhrəmanlıqla döyüşməsini də fəxrlə qeyd etmişdim. Bundan əvvəl də millət vəkili kimi seçildiyim regiondakı problemlərlə əlaqədar dəfələrlə görüşlərimiz, söhbətlərimiz olmuşdu. Bu həddən ziyadə ciddi, məsuliyyətli, tələbkar zahiri görünüşün batinində olduqca sadə, son dərəcə səmimi obrazın varlığından şəxsi qənaətlərim əsasında xəbərdar idim. Amma həmin gün 2 saat yarımlıq konsert zamanı mən sanki tam başqa, fərqli bir Heydər Əliyev görürdüm və tanıyırdım. İnsan nə qədər mədəni, diqqətcil, hər sahədə nə qədər məlumatlı ola bilərmiş. Bu həqiqətən də uca ALLAHın ona bəxş etdiyi vergimi deyim, dəyərmi deyim, indi bunun adını qoymaqda çətinlik çəkirəm, bir istedaddır. Nə isə, həmin gün: “Sizin üçün nə edə bilərəm? Mənim köməyim ilə həll etmək istədiyiniz hansı probleminiz var? – deyə soruşdu. Mən də heç düşünmədən, həmən: “Maştağada bir İdman Olimpiya Kompleksinin olmasını istərdim. (Əslində çoxdandır bu barədə uzun-uzadı fikirləşmiş, hətta məsələni daha real müstəviyə daşımaq üçün bir məktub da tərtib etmişdim) Kəndin cavanları asudə vaxtlarını daha səmərəli keçirtsinlər, idmanla məşğul olsunlar, sağlam olsunlar”– deyə fikrimi əsaslandırmağa çalışdım. Cavabı eşitcək məmnun-məmnun gülümsədi: “Şəxsinizlə, özünüzlə bağlı bir şey istəməyəcəyinizi bilirdim”. “Haradan bilirdiniz cənab prezident?”– sualına cavabı düzü məni heyrətləndirdi. Üzümə baxıb, mülayim təbəssümlə: “Mən sizi çox gözəl tanıyıram. Sizin necə işlədiyinizi, işinizə necə məsuliyyətlə yanaşdığınızı, kənd camaatı, seçicilərlə daim əlaqə saxladığınızı, hətta həftənin hər şənbə, bazar günü onlarla görüşdüyünüzü də çox yaxşı bilirəm.

Olimpiya Kompleksinə gəlincə, heç narahat olmayın, biz tezliklə sizin bu arzunuzu reallaşdıracağıq. Sabah İlham müəllim (İlham Əliyevi nəzərdə tuturdu. O zaman İlham Əliyev Milli Olimpiya Komitəsinin prezidenti idi) sizinlə əlaqə saxlayar, kompleksin tikiləcəyi yerlə əlaqədar məsləhətlərinizi verərsiniz”. Dediyi kimi də oldu. Səhəri gün İlham müəllimlə görüşərək binanın tikiləcəyi, ətraf kəndlərə çıxışı təmin edəcək yeri müəyyənləşdirdik.

Beləliklə, 2001-ci il dekabrın 29-da artıq Ümummilli lider Heydər Əliyev və Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyev cənablarının iştirakı ilə Avropa standartlarına cavab verən, Maştağa Olimpiya İdman Kompleksinin təntənəli açılışı baş tutdu. Rayon ictimaiyyəti, kənd ziyalıları, el ağsaqqalları, ictimai fəallar, gənclər, idmançılar, el-oba təəssübkeşlərinin də yer aldığı böyük insan seli səbirsizliklə H. Əliyevin gəlişini gözləyirdi. Ölkədə gedən quruculuq prosesi, idmana göstərilən diqqət və qayğı, Milli Olimpiya Komitəsinin imza atdığı uğurların da əksini tapdığı dolğun, əhatəli açılış nitqində ulu öndər kompleksin yaranma ideyasından söhbət açmağı da unutmadı: “Sabunçu rayonu ilə, onun bütün qəsəbələri ilə mən 30 ildən çoxdur ki, bilavasitə bağlıyam. O vaxt Sovetlər İttifaqı zamanı Azərbaycan rəhbərliyinə gələndən sonra, deputat seçkilərində Azərbaycan rəhbəri kimi respublikanın çox bölgələrində deputat seçilməyim haqqında təşəbbüslər irəliyə sürülmüşdü. Mən isə sabunçuluların təşəbbüsünü qəbul edib, onlara razılıq vermişdim və onlar hər seçkilərdə, hətta son dəfə 1984-cü ildə Moskvada işləyərkən də məni deputat seçmişdilər. ...Mən bu xatirələri yenidən dilə gətirərək , onu demək istəyirəm ki, təbiidir, Azərbaycanın prezidenti kimi mənim üçün Azərbaycanın hər yeri əzizdir. Ancaq görürsünüz ki, mən Sabunçu rayonu ilə, o cümlədən onun bütün bölgələri ilə, Maştağa ilə uzun illik xüsusi əlaqələr, dostluq əlaqələri bağlayıbdır. İndi Sabunçuda insanların yaşadığı binaların, başqa sənaye müəssisələrinin əksəriyyəti o illərdə yaradılıbdır. Bu gün də imkanlarımız çərçivəsində bunu yaradırıq və gələcəkdə də yaradacağıq. Çox məmnunam ki, bu ənənələr davam edir və onun da ən parlaq təzahürü bu gün burada Maştağa qəsəbəsində açılışına toplaşdığımız çox böyük, nəhəng, müasir idman kompleksidir. Bunun yaranma tarixi qısadır. Amma güman edirəm, sizin üçün də çox maraqlı ola bilər.

Bu ilin mart ayında mən Maştağadan olan deputat Əsmətxanımla qəsəbədəki vəziyyət haqqında söhbət aparırdım və istəyirdim bilim, görüm, nə etmək lazımdır. Təbii ki, hər yerin problemləri çoxdur, o cümlədən Maştağanın da. Bunların hamısını bir günə həll etmək mümkün deyildir. Bizim söhbətimiz əsasında aydın oldu ki, həm Maştağa, həm də ətraf kəndlərdə, Sabunçu rayonunda gənclər çoxdur və onların idmanla, bədən tərbiyəsi ilə məşğul olmaq ehtiyacları var. Həqiqətən, bu çox əhəmiyyətli fikir olduğuna görə mən buna diqqət verdim. Sonra Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyev ilə komitənin işləri haqqında söhbət edərkən ona söylədim ki, belə bir təklif var – Maştağada gənclərin idmanla məşğul olması üçün tədbir görmək lazımdır. Fikirləşin, görün nə edə bilərsiniz. O, dərhal bu sözlərə öz rəyini bildirdi. Qısa zamandan sonra mənə bildirdi ki, onlar, yəni Milli Olimpiya Komitəsi, Olimpiya Komitəsinin sədri kimi şəxsən o, qərar qəbul etdilər ki, Maştağada böyük bir idman kompleksi tikilsin. Mən buna sevindim və təbiidir ki, təşəkkür etdim. Ona dedim ki, arzu edirəm bunu tezliklə edəsiniz. Yaxşı olar ki, bu ildə olsun. Amma doğrusu mən inanmırdım ki, bu qısa müddətdə belə böyük bir kompleksi tikmək mümkün ola bilər. Mən bu gün bunu gəlib görəndə heyran oldum ki, qısa bir zamanda Maştağada belə bir gözəl kompleks yaranıbdır.”

Açılışı simvolizə edən qırmızı lenti kəsdikdən sonra üzünü mənə çevirib: “Siz Maştağanın deputatı kimi öz təşəbbüsünüzü irəli sürdünüz, digər bir deputat İlham Əliyev də sizin bu çağırışınıza səs verdi, arzunuzu yerinə yetirdi. Mən də gəlmişəm açılış etməyə. Hə, Əsmətxanım müəllimə, necədir, xoşunuza gəlir?” “Necə olacaq,

yaraşıqlı gəlin kimi”. Hər ikimizin sevinci yerə-göyə sığmırdı. O kimlərinsə həyatında dönüş nöqtəsinə çevriləcək, hansısa bir gəncin arzularına, parlaq gələcəyinə işıq tutacaq, stimul olacaq belə bir möhtəşəm mərkəzin varlığına, qurub-yaratmaq, özündən sonra iz qoymaq xislətinə sadiq qaldığına, genetik kodlarının daşıyıcısının ümidlərini doğrultduğuna, canından artıq sevdiyi Azərbaycanı əmin əllərə etibar edəcəyinə, mən isə belə bir sözündə bütöv prezidentə sahib olduğuma görə sevinirdim.

Bu arada bu xatirəmin Maştağa İdman Olimpiya Kompleksinin bugünkü durumuna cavabdeh orqanlara, insanlara həm də bir mesaj kimi qəbul olunmasını istərdim. Axı bu tikili bizlərə Ulu Öndərimizin yadigarıdır. Heydər Əliyevin çoxşaxəli fəaliyyətinin müxtəlif aspektlərdən araşdırılması bütün sahələrin onun maraq dairəsində olması həqiqətini ortaya qoyur. Lakin çoxsaylı görüşlərinin iştirakçısı kimi əminliklə deyə bilərəm ki, bu bitib-tükənməyən, intəhasız mücadilə və mübarizələrin fonunda bir problem var idi ki, əzmkar rəhbərin həyatının necə deyərlər həyatının qırmızı çizgisini, həssas nöqtəsini təşkil edirdi. Bu Qarabağ dərdi, Qarabağ qubarı, qaçqın, köçkün qəhəri idi. İkinci qayıdışının hər anında, hər saniyəsində Qarabağ vardı. Sözünün mübtədası, xəbəri idi Qarabağ: “Biz aciz xalq deyilik. Nəyin bahasına olursa-olsun öz torpaqlarımızı geri qaytaracağıq. Son damla qanımızla mübarizə aparıb, bir qarış torpağımızı da yadlara verməyəcəyik...”

İndi o günlərin ürəklərdə yuva salmış ağrı-acısını, gözlərə çökmüş kədərini boğazlarda düyünlənmiş qəhərini, cəsarətli rəhbərin: “Tapşırıq yerinə yetirildi.

Məruzə edir: Ali Baş Komandan İlham Əliyev!” – sədalarının sevinc göz yaşları yuyur. İlahi, bir cümlə dünyaya sığmayan sevincin yükünü necə daşıya bilərmiş?!

İlham Əliyev, onun, Vətənin bir çağırışı ilə ölümə tələsən oğullar yalnız Qarabağı deyil, Qarabağla birlikdə əlimizdən alınmış nəfəsi, həsrətində olduğumuz havanı, qürurumuzu, şərəfimizi, qeyrətimizi bizlərə qaytardı. Namümkünü mümkünə, xəyal dolu yuxularımızı gərçəyə çevirdilər.

Bu gün səni sənsiz anırıq. Ruhun şad olsun, Ulu Öndər! Yəqin ki, elə şaddır da. Özün qədər inandığın İlhamının intellektini, cürətini, cəsarətini, bacarığını, genetik kodlarının daşıyıcısının ümidlərini doğrultduğunu, arxalandığın xalqının birliyini, böyüklüyünü, əzəmətini, sədaqətini, güvəndiyin oğulların, igidlərin, ərənlərin qəhrəmanlığını, rəşadətini, ölümdən keçərək ölümsüzləşdiyini, Müzəffər ölkənin müzəffər Ali Baş Komandanının tapşırığını yerinə yetirdiyini, Vətənin ərazi bütövlüyünü təmin etdiyini, canından artıq sevdiyin Azərbaycanı əmin əllərə etibar etdiyini görüb gözün arxada qalmadığı üçün… RUHUN ŞADDIR ULU ÖNDƏR!

Əsmətxanım Məmmədova

I və II çağırış Milli Məclisin deputatı, Bakı Dövlət Universitetinin Şərqşünaslıq fakültəsinin dosenti

Oxumağa davam et
Reklam
Reklam

Gündəm