Kütləvi urvatsızlıq: Taleyimiz necə olacaq?
Bizi izləyin

Köşə

Kütləvi urvatsızlıq: Taleyimiz necə olacaq?

“Perestroyka”nın gəlişi ilə “sovet xalqı”nın, o cümlədən sovet azərbaycanlılarının dövlət aparatına, partnomenklaturaya güvəninin olmaması üzərindən sirr pərdəsi götürüldü. Ziyalıların ilk etirazları, sosial sorğular haqda ilk müzakirələr, nəhayət, SSRİ Ali Sovetinə son seçkilər “fəhlə-kəndli-ziyalı ittifaqı”nın “arzu və ümidlərinin yeganə ifadəçisi” kimi təqdim edilən SovİKP-nin nə fəhlələr, nə kəndlilər, nə ziyalılar arasında nüfuzunun qalmadığını göstərirdi. Bu güvənsizlik, etimad boşluğu Azərbaycanda daha çox hiss olunur, bəlkə də 20-ci əsrin əvvəllərindən sonra ölkədə ilk dəfə faktiki hakimiyyətsizlik dövrü yaşanırdı.

Hərçənd kütlə inanmaq istəyirdi ki, yuxarılarda milli vətənpərvər kadrlar var, bu inamda haqsız da deyildi. Oralarda normal vətənpərvərlər də var idi axı. Bu ümiddən sui-istifadə edib keçmiş “sexovşik”lərin, korrupsiyaya görə vurulmuşların milli kadr kimi kütləyə sırınması üçün uğurlu-uğursuz cəhdlər də edilirdi; bəzən də meydanı qaza gətirmək, ya da çıxışçıların eləcə fərdi emosional üslubu və ya qərəzi üzündən ucdantutma hamını “cəmdəyi üfunət verən partokrat”lar kimi lənətləmək də adiləşirdi. O çıxışçılardan biri sonra etiraf edəcəkdi ki, filankəsin daha yüksəlmə ehtimalı var idi, mən qəsdən onu kütlə önündə tələyə salıb “vurdum”. Yəni hakimiyyət uğrunda didişmələr artıq meydanlara daşınmış, kütlə qəsdən kiməsə qarşı asanca yönəldilirdi. O oyunlar üzündən dövlət aparatına itirilmiş inamı bərpa etməyə illər, on illər getdi...

Qarabağın itirilmə təhlükəsi, əvvəl Ermənistandan, ardınca Özbəkistan və Qazaxıstandan qaçqın axınları, “suxoy zakon”un qüvvəyə minməsi ilə Azərbaycan büdcəsinin üçdə ikisini formalaşdıran üzümçülük və şərabçılığın iflasının yaratdığı kəskin sosial-maliyyə problemləri, üstəlik, Özbəkistandan sonra Qdlyan və komandasının növbəti repressiya hədəfinin Azərbaycan olacağı gözləntisi onsuz da ictimai etimadı itirmiş dövlət aparatına olan-qalan son inamı da sıfırlayırdı. Və gözlər ənənəvi etnososial təsisatlara, sosial institutlara sarı yönəlməyə başladı. Çoxdan ruslaşmış, xeyli dərəcə də yadlaşmış “....ski”, “...bəyli”, “...xanov” sonluqlu bəzi familiyaların daşıyıcıları birdən-birə doğmalaşdı.

Çoxdan sovet təbliğat aparatının məmuru olan yazıçılar birdən- birə meydanın qəhrəmanına çevrildilər. AMEA-nın elmi işçiləri, o zamankı təsnifatla desək, kənd ziyalıları kütlələrin sevimlisi oldular. Hər yerdə məscidlər, pirlər təmir olunmağa başladı. 20 yanvar günləri o zaman xeyli gənc olan şeyxülislamın bir çağırışı ilə Dağıstandan, Borçalıdan, Azərbaycan Respublikasının dörd bir guşəsindən Bakıya yük avtomobilləri ilə yardımlar da daşınırdı. Gözlər Qüdrət Əbdüssəlimzadə kimi bir təmiz ziyalı axtarıb tapdı, şəhidlərin dəfni, Şəhdilər xiyabanının salınması ona etibar edildi. Sonralar bilinəcəkdi ki, Moskva din xadimlərinin nüfuzunu Azərbaycanın əleyhinə çevirmək üçün şeyxi hansısa oyuna cəlb etmək istəyibmiş, ermənilər isə Azərbaycan milli hərəkatının irançı yaraqlılar olması haqda Qərbdə ciddi anti-Azərbaycan kampaniyasına start vermişdilər.

Faktiki hakimiyyətsizlik illərində Azərbaycanı uçurumun kənarından bu, xilas etdi - ziyalaılara, din xadimlərinə, meydan qəhrəmanlarına, alternativ sosial və siyasi təsisatlara inam. O inamı qazananlar tədricən hakimiyyətə daşındı, dövlətə inam pis-yaxşı bərpa oldu. Əlbəttə ki, bəzən yanlış yönləndirmələr, yanlış seçimlər də oldu. Məsələn, nə o zaman, nə sonralar kütlə Zori Balayanı “Ocaq” yazmağa məcbur etmiş Davud Axundov və Yusif Yusifovun kimlikləri il maraqlanmadı, amma “Ocağ”a cavab yazanları tapıb hər halda haqları olan hörmətə mindirdilər.

İndi daha məkrli planlar işə düşüb. Hər yerdən ümid üzüləndə pənah yerimiz sayılacaq sosial (və etnososial) təsisatlar hansısa sehrli qüvvənin əliylə dağıdılır. Əvvəl öz əlimizlə din xadimləri institutu urvatsız bir məqama düşürüldü. Azərbaycanın Qafqazın müsəlman əhalisi üzərində “yumşaq güc” imkanı olan şeyxülislamlığın hörmətdən salınması üçün növbəyə düzüldük. Çünki hansısa millətçiyə elə gəldi ki, Gürcüstan müsəlmanları üzərində Şeyxin yox, Türkiyənin təsiri olmalıdır; hansısa liberalımız düşündü ki, Saakaşvilinin müsəlmanları parçalayıb bir hissəsini yeni quruma tabe etməsi düzdür; hansısa viloş (vilayəti-fəqih tərəfdarı) da hesab etdi ki, yaranmış boşluğu doldurmaq üçün fürsət yaranıb. Və biz öz dini qrumlarımıza sahib çıxmadıqca, Gürcüstanda, Kazanda, Astanada, Minskdə, Moskvada yaşayan azərbaycanlı dindarlar Ağa aşiqlərinin sırasını artırdı, Yunis Səfərov kimiləri Suriyada döyüş təcrübəsi topladı, oradan da gəlib Azərbaycanda “qətli halal buyrulmuşlara qarşı yeni Nəvvab Səfəvi hərəkatı” (kütləvi terror) başlatdı.

Siz indi bir məhəllədə, ya obada, bir peşə elliyində (ictimaiyyətində) yaranan problemi həll edəcək ağsaqqal tanıyırsınız?

İndi yaranan hansısa ciddi siyasi təşkilata hansısa yazıçını inadla sədr seçdirmək istəyərlərmi? Axı o zaman Yusif Səmədoğlunu AXC rəhbəri seçmək istəyirdilər.

Sizcə, hansısa bir sahədə çiynini işin altına verəcək ciddi peşə birliyi varmı indi? Sahənin üzdə olan şəxslərindən kiminsə hüquqi probleminə kim reaksiya verməlidir? Məntiqlə həmin sahəyə aid peşə (yaradıcı) birliyi. Yaradıcı birlik rəhbəri çıxıb deyirsə ki, peşə sahiblərinin hüququnu qoruyacaq qurum yoxdur, deməzlərmi ki, bəs sən kimsən? Sən kimi gözləyirsən? Niyə o yerdəsən? Axı bu birlik bir nəfərin imtiyazlarını artırmaq, ona status vermək üçün deyil.

Sosial sorğulara baxın, mediaya etimad səviyyəsi hansı faizlərlə ölçülür? Bu durumda jurnalistləri hədəfə gətirən müzakirələr mediaya etimadı yüksəltməyə, ya olub-qalanını da xərcləməyə xidmət edir? Bir-iki teleaparıcını çağırıb danlamaqla nəsə düzələcəkmi?

Hərdən özünüzə sual edin: məmurundan jurnalistinə, din xadimindən yazıçısına, alimindən müəlliminə, ağsaqqallından qarasaqqalınadək hamının urvatsızlaşdırıldığı, etibarsızlaşdırıldığı cəmiyyət yaradırıqsa, biz özümüz necə olacağıq, yaşadığımız ölkənin taleyi necə olacaq?

C.Quliyev

Oxumağa davam et
Reklam
Reklam

Gündəm