Köşə
İllərdir verdiyim sözü tutdum - Sahil tapıldı...
On illərdir verdiyim bir sözü bu gün tutmalı oldum. Zaman elə sürətlə axır ki, bizim istəyimizi, arzularımızı heç vaxt göz ardına belə almır. Düz otuz iki il əvvəl mənə zəng edərək deyirdin, “indi bir azdan, xoş bir xəbər eşidərik”. Həmin gözlədiyimiz gün nəhayət ki, gəldi. Ancaq təəssüflə mənim çox tez-tez danışdığım ,bu xəbəri ilk eşitməli olan əziz müəllimim artıq haqq dünyasına qovuşub. Bilirəm ki, əziz müəllimim indi sizdən yazmaq – sizə bu xəbəri çatdırmaq nə qədər çətindir. Mümkünü belə yoxdur. Ancaq yəqin ki, ruhun oyaqdır – o, eşidir – mən öz borcumu sizin müqəddəs ruhunuz qarşısında yerinə yetirməliyəm.
Əziz Nurəddin müəllimim!
Bu qədər çətinliyin içərisində sizin bizim üçün etdiyiniz əvəzsiz xidmətlər böyük qəhrəmanlıqdır. Orta məktəb illəri - soyuq qarlı qış günləri, payızın yağışı - bunların heç biri sizi usandırmazdı, bizim 5-ci sinfə daxil olar, yeni-yeni riyazi məsələləri həll edərdik. Bizi elmi sevməyə, gələcək üçün ziyalı vətənsevər olmağa ruhlandırardınız. Sanki biz şagirdləri də özünüzlə birlikdə Azərbaycan Dövlət Universitetində oxudardınız. Sonrakı taleyimdə bu hallar mənə dəmir məntiqlə bunu deməyə əsas verir. Əziz müəllimim, kəndimiz qədim olsa da, balaca əhali sayından və dörd dağın əhatəsindən ibarət idi. Hələ təzə yeni orta məktəbi qurtaran gənclər yetişirdi. 8 illik məktəbin açılmasında ömrünü qoymuş gözəl təəssübkeş, əziz müəllimlərimizdən olan Salman müəllimin də ruhu şad olsun. Bizlər 8-ci sinfi bitirər-bitirməz çətin yollarla digər kəndlərə gedirdik. Yəqin erməni daşnaqlarının bütün planları məhz bu maarifdə də onun fitnələri içərisində mühüm rol oynadığı indi aydındır.
Əziz müəllimim! Siz atamın yaxın qohumu, ailəmizin əzizi idiniz. Böyük qardaşım Əli Amasya rayonunun Daşkörpü kəndindən yuxarı hissəsində yaşayan Ağbablılar arasında ilk “Qızıl medalla” ali məktəbə daxil olmuşdu, Bakıda əyani oxuyurdu. Sizin onun yanına getməyiniz, qış sessiyasını birgə keçirməyiniz bizi çox sevindirirdi, evimizdə sizin dönüşünüzü səbirsizliklə gözləyirdik. Çünki siz həm qardaşımla görüşlərinizdən, birgə keçirdiyiniz günlərdən danışar, həm də bizə Azərbaycan dilində “təqvim” gətirərdiniz.
Əziz müəllimim, yağı düşmənin fitnə-fəsadı ilə yurd-yuvamızdan didərgin düşəndə də tale elə gətirmişdi ki, mən universitet müəllimi kimi sizinlə çox tez-tez təmasda olurdum. Hər zaman bizim geriyə dönüşümüz olacağını xatırlayardıq. Təsadüfi deyil ki, erməni yağı düşmənlərinə qarşı bütün ölkəmiz səfərlər olmuş, o cümlədən də biz Qərbi Azərbaycandan qovulmuş insanlar. Qisas hissi ilə yaşayırdıq. Sizin gözəl igid balanız Sahil də məhz o yüz minlərdən biri kimi Vətən müharibəsinə yolla düşmüşdü. Amansız düşmənlə üzbəüz döyüşdə minlərlə igid balalarımız kimi, Sahil də vuruşmuş, ancaq mühasirəyə düşmüş, sonrakı taleyi haqqında siz də, bütün kənd əhalisi də xəbərlər gözləmişdi. Yadımdadır, o zaman dəfələrlə müvafiq orqanlarla əlaqə saxlamağım və şəxsən sizin özünüzün onun arxasınca axtarışlar aparmağınız üçün şəraitin yaradılması... Hər zaman xəbərləri izləyər, sonra mənə zəng vurub deyirdiniz ki, “yenə də anası Mədinə xanım bu dəqiqə Sahil oğlum gələcək deyir”. Sizi ovundurmaq çətin idi. Universitetin Mexanika-riyaziyyat kafedrasının çox hörmətli professoru Məmməd müəllimlə universitetdə görüşdə də təsəlliyə ehtiyacınız olduğunu deyirdiniz: “Təki Sahilin mənə sağ-salamat qalması yox, heç olmasa şəhid olduğu yerdən bir xəbər ola”. Bizim zənglərimiz, görüşlərimiz sizin yalnız bir neçə saatlıq fikrinizi yayındırırdı. Sonra həmən qüssə çöhrənizdən əskik olmurdu. Siz Qarabağ nisgilli böyük oğul dərdi ilə dünyadan köçdünüz.
Əziz müəllimim, indi yəqin ruhunuz şaddır, Sahil tapıldı. Minlərlə qəhrəmanımız kimi Azərbaycan torpaqlarını işğalçılardan təmizləyən Ali Baş Komandan İlham Əliyevin sayəsində.
Sahil Nurəddin oğlu İbrahimov əslən Amasya rayonu, Ağbaba mahalı, Çivinli kəndindən olan, 23 yaşına çatmayan, əbədi 22 yaşında qalan qardaş! Anamız Azərbaycanın dar günündə, Vətənimizin ərazi bütövlüyü uğrunda haqq savaşına qatılan, Ağdərədə gedən döyüşlərdə qəhrəmanlıq göstərən Sahil İbrahimov 1993-cü ilin mart ayında öz dəstəsi ilə düşmən mühasirəsinə düşüb və o vaxtdan bəri ondan xəbər almaq mümkün olmur. Nəhayət, 32 ildən sonra nəşi Ağdərə rayonundan tapılıb. Şəhidimiz iyunun 3-də Suraxanı rayonu, Əmircan qəsəbəsinin qəbiristanlığında dəfn ediləcək.
Çox şükür ki, qisas qiyamətə qalmadı. Qəhrəman Azərbaycan əsgəri üçrəngli bayrağımızı Qarabağda, Şərqi Zəngəzurda dalğalandırdı. Azərbaycanımız dünya durduqca var olsun! Üçrəngli bayrağımız daim ucalarda dalğalansın! Şəhidlərimizin ruhu şad olsun!
Professor Məhəmməd İmanlı
-
Dünya15:36Türklər Rusiyanın bu şəhərinə axın edirlər: Səbəb nədir?
-
Sosial14:20AzTV-də dəyişikliklər: Bəzi şöbələr birləşdirilir, islahatlar başlayır
-
Sosial13:49Fuad Nəcəfli Baş Prokurorluqda dindirildi
-
Sosial12:33Pensiya alanlara şad xəbər!
-
Yaxın Şərq11:38Çıxılmaz vəziyyət: İranın gözlənilməz gedişi ABŞ-ın gizli planını alt-üst etdi
-
Dünya10:35Paşinyan xalqa Azərbaycanla bağlı çağırış etdi
-
MDB09:54Rusiya Kiyevi də, Odessanı da tuta bilər - Amerikalı polkovnik
-
Dünya09:18Məşhur uşaq qidasında siçan zəhəri tapıldı: Azərbaycanda da satılır - FOTO

































