Köşə
Əlisəmid Kürlə son dialoqumuz: Çağırdı, cavab verdim, dedi...
Bu da son kadr... Salyan şəhəri, dördyolun yaxınlığında qəbiristanlıq, güllər düzülmüş qabarıq torpaq haşiyə - məzar. Kürün o dünyadakı ünvanı.
Mən Əlisəmid Kürün özünə “Əlisəmid”siz yalxı Kür deyərdim.
O dünyada, ya bu dünyada, harada olur-olsun, insanın şişirdilməsinin, aşırı şişirdilməsinin əleyhinəyəm. Ötən əsrin 80-ci illərinin sonlarında Əlisəmidin ilk şeirlərini oxuyanda çox da bəyənməmişdim. Fikrimi Bakıdan, səhv eləmirəmsə indiyə qədər Zahid Sarıtorpağa yazdığım yeganə məktubumda da bildirmişdim.
Əlisəmid Kür 90-larda gəldi!
Amma adını unutduğum ilk kitabında – vikipediyadan düzəliş verirəm: “Rəngli kölgələr”, 1989 – iki misrasından təsirləndiyimi xatırlayıram. Necəydi o misralar? Bu:
Darıxdım, darıxdım, elə darıxdım,
Çıxardım əynimdən qara pencəyi...
Dəqiq, vizual, bioqrafik fakt indi də gözümün qabağındadı. Əlisəmidin qəşəng qara dəri pencəyi varıdı və şeirə düşəndən sonra sakral bir məna kəsb eləmişdi.
Onda “Baksovet” metrosuyla üzbəüz “Azərbaycan”, “Ulduz”, “Qobustan” jurnallarının yerləşdiyi məşhur beşmərtəbənin beşinci mərtəbəsinə, Bədii Ədəbiyyatın Təbliği Bürosuna, Əlisəmidin iş yerinə tez-tez gedirdim.
Kimin ağlına gələrdi, az sonra, zaman etibarıyla, iki-üç il keçmiş Əlisəmidlə bir idarədə, Tərcümə Mərkəzində, daha sonra bir redaksiyada, “Yol” ədəbiyyat qəzetində işləyəcəkdik? Sıxılmış, kip preslənmiş epoxial zaman aralığında, 1991-1994-cü illərdə.
Həyatımın ayrı-ayrı dövrlərində müəyyən tərəddüdlərə baxmayaraq “bir iş kollektivi – bir ailə” modelini Əlisəmid Kürdən əxz eləyəcəkdim. Əyər-əskiyləriylə birgə bu modelə günü bu gün də nəinki sadiq qalmağa, şaquli-horizontal planda onu yaymağa, ötürməyə, köçürməyə çalışıram.
90-larda mağazalarda çörəyin belə yoxa çıxdığı, sözün birbaşa, hərfi mənasında ac qaldığımız günlərdə Əlisəmidin redaksiyadan çıxıb gözlənilmədən bir torba ərzaqla içəri girməsi həmin o ailə modelinin möcüzəsiydi – düşünürəm.
1994-cü ildə “Yol” qəzetindən çıxıb artıq başqa bir epoxaya girəsiydik.
Məncə, Əlisəmid Kürün fəlakəti bundan əvvəl artıq başlamışdı. O, yaxşı şeirlər yazırdı.
Neçə ki fələk qarğıyır,
Hökm edir zalım olmağa.
Yüz əli qılınclı hazır
Bir bənövşə boynu vurmağa...
Bu şeiri Əlisəmid Kür, səhv eləmirəmsə, “Yol” qəzetində əzbərdən deyirdi, təzə silsilənin içərisində “Yol”da da çap olundu.
Onu 1994-cü ildə dərbədər eləyən fəlakətin adı yaxşı yazmağıydı, heç bir yazılı-şifahi sözə, fakta yox, daha çox intuisiyaya əsaslanıb deyirəm: Əlisəmidin bu dünyadan ən çox istədiyi yaxşı şeiriydi.
Bu yolda o, qurbanlar verməyə hazırıdı və verdi! O istədi, ondan da istədilər; verdi və aldı.
Əlisəmiddən on yaxşı şeir qalar yəqin. Az deyil.
Dörd nəfər – Teymur Nəcəfzadə, Sədi Məmmədov, Ramin Vəkilov və mən hər iki tərəfdən yulğunla əhatəyə alınmış magistralla Salyana Kürün məzarını ziyarətə gedəndə üzü o yana Sədi Əlisəmidin bir neçə şeirini dedi, bir neçəsini də geriyə saxladı.
Qayıdanda onları “tapmadıq”. Artıq bircə şeir də deyilmədi. Yoxsa müəllifin gözgörəti ölümü onun yaradıcılığını məlum koordinatdan çıxarıb başqa bir levelə, fəzaya, fazaya ucaldır? Şeirlər daha əvvəl olduğu yerdə olmur?..
Mənsə yolboyu Əlisəmidlə son söhbətimizi xatırlayırdım.
Görünür, reanimasiyada mənim zəng edəcəyimi ağlına gətirmirmiş. Heyrətləndi. Məhdud-qısa söhbətdə öncə səhhətiylə bağlı hazırlanan müraciətlə maraqlandı. Sağollaşmaq zamanında:
- Qurban, - çağırdı.
- Hə, - cavab verdim.
- Qurban, lə ilahə illəllah...
Bilmirəm, məni niyə məhz o zolağa çəkdi, niyə orada şahid tutdu? Başqa nəsə sözü vardımı, sadəcə zaman çatışmırdı? O, Allahı birlədi və getdi.
Allah rəhmət eləsin, bizə də, ona da; ölüyə də, diriyə də...
Qurban Yaquboğlu
-
Magazin106:16Onlar olmadan “Eşref Tek” maraqsız olardı
-
Avropa04:44Trampın xüsusi elçiləri Dublində - Zelenski Rusiyanın təkliflərini rədd etdi
-
Magazin204:14CeyLo dərin yarıqlı cins libasda göz qamaşdırdı - FOTO
-
MDB03:43Rusiya NATO-nun vədinin sənədləşdirilməsini tələb etdi
-
Nida Xəbər 02:30Leyla Əliyeva UN-Habitat-ın regional ofisinin direktoru ilə müzakirə apardı - FOTO
-
Qoroskop00:15Günün ULDUZ FALI - Ona vaxt ayırmaqdan çəkinməyin
-
Magazin112 Noyabr 23:36Tanınmış xanəndə: "Geyimlərimi moda evinə kirayə verib faiz götürürəm"
-
Rəsmi xronika12 Noyabr 23:12Britaniya ilə müdafiə sahəsində əməkdaşlıq gücləndirilir - Təhdidlərə birgə cavab veriləcək




















.jpg)








