Bütün dünyanın bildiyi həqiqət budur: Azərbaycanda bilmirlər
Bizi izləyin

Köşə

Bütün dünyanın bildiyi həqiqət budur: Azərbaycanda bilmirlər

"Zamanla "Seltik" Avropa yarışlarında yüksək yerlər uğrunda mübarizə apara biləcək. Sadəcə, hazırda bu potensialımız yoxdur və bu da normaldır. Niyə belə düşünürəm? Çünki futbolda çoxlu pul var.

Söhbət Premyer Liqa, Bundesliqa komandalarından, xüsusən də İngiltərə klublarından gedir. Onlar hətta heyətə düşə bilməyən oyunçulara 80 milyon funt sterlinq ödəyirlər. Biz məhz onlarla rəqabət aparırıq”.

Bu sözləri “Seltik”in baş məşqçisi Martin O'Nil Avropa Liqasının pley-off mərhələsində evdə "Ştutqart"a 1:4 hesabı ilə məğlubiyyətdən sonra deyib.

“Seltik” Şotlandiya nəhəngidir, büdcəsi az olmamalıdır. Minimum 200 milyon avro olar. Amma bu nəhəng də futboldakı dərin maliyyə uçurumundan narazıdır.

Komandasının Almaniya, İngiltərə klubları ilə rəqabət apara bilməməyinin səbəbini anlayır - büdcə fərqi. Yəqin ki, bunu elə “Seltik” azarkeşləri də bilirlər. Ona görə də “Ştutqart”a məğlubiyyətdən sonra “73 yaşlı Martin tükənib, getməlidir, “Seltik” xəsislik edir, səviyyəli futbolçu almalıdır” demirlər.

Həqiqəti – dünya futbolunda baş verən prosesi hər kəs bilir. Azərbaycanlı azarkeşlərdən savayı. Martin deyir ki, İngiltərə klubları ehtiyatda saxladıqları futbolçuya 70 milyon funt sterlinq ödəyirlərsə, bu bazarda səviyyəli futbolçu tapa bilməzsən.

Amma azərbaycanlı azarkeşlər Qurban Qurbanovdan tələb edirlər: Tap! Nəinki “Qarabağ”ın, Azərbaycanın heç bir klubunun bu bazarda səviyyəli futbolçu əldə etmək şansı yoxdur.

Yalnız bir şans var: Sabitliyi qorumaq, optimallaşmanı düzgün aparmaqla Çempionlar Liqasında, Avropa Liqasında “Seltik” kimi komandaların yerini tutmaq. Tutmaq və böyük komandaların nəzarət etdiyi büdcədən bir az pul “oğurlamaq”. Vəssalam. Sağ qalmağın, var olmağın yeganə yoludur bu. Necə ki, bunu bu mövsüm “Kayrat” etdi, “Seltik”i ÇL-dən kənarda qoydu, pul qazandı.

“Kayrat” ancaq “Seltik”in yerinə göz dikə bilərdi. Çünki İngiltərə, Almaniya, İspaniya, Fransa, İtaliya nəhəngləri mübarizəsiz orada oturublar. Onların yerləri toxunulmazdır. Onlar büdcəyə nəzarət edirlər, pulu öz aralarında bölüşdürürlər.

Hərdən-birdən də “Qarabağ”, “Kayrat” kimi komandalar “Seltik” kimiləri büdrədib ora düşə bilir. Bundan artıq heç nəyə nail olmaq mümkün deyil bu bazarda. Bu bazarın maliyyə şərtləri o qədər qorxuncdur ki, hətta var-dövlət içində üzən “Siti”nin baş məşqçisi Xosep Qvardiola da haray çəkib. Futboldakı irqçilik məsələsinə münasibət bildirən Qvardiola deyib: “Pulu futbola yox, müəllimlərə, həkimlərə vermək lazımdır. Cəmiyyəti onlar tərbiyə etməlidir”.

Qvardiola da problemi görür, amma müdaxilə edə bilmir. Çünki bu biznesdir. Burada yaxşı gəlir var. Deməli, Qvardiolanın bu prosesin qarşısında durmaq şansı yoxdur.

Varlılar daha da varlanmalıdır. Kapitalizmin əsas dəyəridir bu. Ərəblər “Nyukasl”ı alanda bu klubun dəyəri nə qədər idi? Uzağı 200 milyon funt sterlinq. Amma indi heç 3 milyarda funt sterlinqə də satmazlar. Belə gəlir harada var?.

Abramoviç “Çelsi”nin cəmi 400 milyon almışdı. 300 milyon da investisiya qoydu. Amma “Çelsi” 4 milyarda satıldı. Ağlasığmaz gəlirdir. Futbol böyük biznesə çevrilib. Ancaq hər ölkədə yox. Bir neçə ölkədə. O biznesi istəsələr də, başqa ölkələr yarada bilməzlər. Avropanın top liqalarında klubların 70 faizindən çoxunun sahibi amerikalılardır. Amerikalılarla pul məsələsində tən gələ bilməzsiniz. Onlar futbolun ruhunu öldürürlər, amma yaxşı pul qazanırlar.

Həqiqət budur. Bütün dünyanın bildiyi, azərbaycanlı azarkeşlərin bilmədiyi həqiqət.

Bu həqiqəti qəbul etsəniz, “Qarabağ”ın “Liverpul”a, “Nyukasl”a böyük hesablı məğlubiyyətlərindən sonra depressiyaya düşməzsiniz, soyuqqanlı yanaşarsınız, ÇL-də olmağımızdan zövq alarsınız.

Necə ki, şotlandlar “Ştutqart”a məğlubiyyətdən sonra depressiyada deyillər. Bu mövsüm Çempionlar Liqasında Şotlandiya təmsilçisi olmayıb – nə “Seltik”, nə də “Qlazqo Reyncers”. Və Şotlandiya cəmiyyətində depressiya yoxdur. Çünki həqiqəti bilirlər, qəbul edirlər.

Bu mövsüm Çempionlar Liqasında Azərbaycan təmsilçisi olub. Amma Azərbaycan cəmiyyəti depressiyadadır. Çünki həqiqəti qəbul etmirlər. Yoxsa nə vardı ki... Azərbaycan cəmiyyəti həmişə depressiyada olacaq: Biz Çempionlar Liqasının qalibi olmalıyıq.

Natiq Muxtarlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm