Köşə
Daş kitabələri isidən nəfəs
Dünyanın qəribə bir nizamı var: adamlar var dünyaya gəlir, qurulmuş səhnələrə çıxır və pərdə qapananda sakitcə çıxıb gedir. Onlar sadəcə keçici bir kölgədir, sükutun içində boğulub yox olurlar.
Amma adamlar da var ki, gəlişi ilə səhnələr yaradır, o səhnələrdə hərəsi bir adda obrazlar doğulur, bələnir...
Kimi bələyindəcə unudulur, kimi zamanın rəhmsizliyinə bükülüb atılır, qalanlar isə böyüyür, böyüyür və nəhayət, böyük bir xalqın tarixinin bir səhifəsinə çevrilir.
Tarixin neçə-neçə səhifəsinə çevrilən Rasim Balayev kimi.
O, sadəcə aktyor deyildi, o, tarixin o soyuq daş kitabələrini sanki öz nəfəsi ilə isidib canlı ləçəklərə çevirən bir möcüzə idi. Onun baxışında bir millətin min illik kədəri və qüruru gizlənmişdi. Nəsimi olub dərisi soyulanda biz "Haqq mənəm!" hayqırışını damarımızda duyduq, Babək olub Afşinin qarşısına çıxanda o sarsılmaz iradənin qarşısında diz çökdük. O, hər obrazda vərəq-vərəq yaşadı, vərəq-vərəq yaşatdı, vərəq-vərəq sevildi... Hər kəlməsində bir vətən sevdası vardı: “Qoy diləyimiz, birliyimiz, Azadlığımız var olsun!”
İndi sən əbədiyyətə köç edən zaman məşhur filmdən bir replika xatırlayıram: “Amma Babəkin oğlu sağ-salamat qaldı?” Bəli, sənətkar, sənin qoyub getdiyin o böyük irs hər birimizin qəlbində sağ-salamatdır. Sən bizə öyrətdin ki, “Bu dünyada bircə gün azad yaşamaq, qırx il boyunduruq altında sürünməkdən daha üstündür!” Sən o sarsılmaz iradənin obrazını yaratmadın, sən elə o iradənin özü idin. Sən bizə o dəhşətli “azadlıq yanğısının ürəyi necə yandırıb külə döndərdiyini” göstərdin.
İnsanlar var, sözün əsl mənasında ölür, yaddaşlardan bir toz kimi silinib itir. Amma elə devlər var ki, öləndən sonra daha da canlanır, daha da dirilir, əbədiləşir.
“Babək” filmində sənin ölüm fərmanını verən xəlifənin o sözləri bu gün adamı daha çox yandırıb-yaxır - Azərbaycan kinosunu biləyindən yuxarı, dizindən aşağı qoyub getdin, dahi sənətkar!
Sənin üçün “ölüm bir son silah idi - dünyaya mərd gəlib mərd gedənlərin son silahı.” Çünki sən sükutu sənətə, ölümü ölümsüzlüyə çevirən adam idin. Sən bu xalqın ruhuna "Məndə sığar iki cahan..." həqiqətini elə həkk elədin ki, zaman keçsə də, torpaq səni udsa da... Sən tarixin canlı yaddaşında hər an təzələnən, hər an cücərən bir ömür qazandın.
Obrazların sənin özün idin, için idi. Babək donunda dediyin və Vətəni can verərkən belə, hətta ölümdən sonra belə sevməyi aşılayan “Mən həmişə səninləyəm, Azərbaycanım!” ismarışını bu gün böyük sevgi ilə sənin özünə deyirik, ölməz sənətkar: Sən həmişə bizimlə olacaqsan, Rasim Balayev!!!
Adəm Abbaslı
-
İdman15:43Ulduz futbolçunun kosta-rikalı gözəli - FOTOLAR
-
Yaxın Şərq15:10"Onlar yalvarırlar": İranın rəqibləri Tehrandan görün nə tələb edir
-
Sosial14:00Rasim Balayevin maraqlı videosu yayıldı: “Dədə Qorqud”da şirlə çəkildiyi səhnə…
-
Sosial13:34Rasim Balayevlə vida mərasimi başa çatdı - Fotolar/Yeniləndi
-
ABŞ10:24Trampdan Müctəba Xamenei açıqlaması: Ya öldürülüb, ya da...
-
MDB09:12Gözlənilməz təsir: Bu ölkə Rusiyada inflyasiyanı aşağı saldı
-
ABŞ08:15İran ABŞ-a 20 neft tankeri verdi - Tramp
-
Avto07:35Leysanda yoxa çıxan nömrələr: nə etmək lazımdır? - Video









.webp)






















