Köşə
Müəllimə hörmət təhsilə və dövlətə hörmətin başlanğıcıdır - Dilarə Cəbrayılova
Son illərdə məktəblərdə müəllim nüfuzunun qorunması və təhsil mühitində intizamın gücləndirilməsi məsələsi bir çox ölkələrdə xüsusi diqqət mərkəzinə çevrilib. Bu baxımdan Qazaxıstanda müəllimlərə qarşı hörmətsizlik edən şagird və valideynlərin cərimələnməsi ilə bağlı qəbul olunan qanun cəmiyyət tərəfindən müsbət qarşılanan və təqdir edilən addımlardan biridir. Bu qanun müəllim əməyinə verilən dəyərin göstəricisi olmaqla yanaşı, təhsilin nüfuzunun qorunmasına xidmət edən mühüm qərardır.
Müəllim cəmiyyətin gələcəyini yetişdirən ən müqəddəs peşə sahiblərindən biridir. Hər bir insan həyatda qazandığı ilk bilikləri müəllimdən alır. Müəllim yalnız dərs keçmir, o eyni zamanda uşaqlara tərbiyə, məsuliyyət, vətən sevgisi və mənəvi dəyərlər aşılayır. Buna görə də müəllimə hörmət etmək əslində elmə, təhsilə və gələcəyə hörmət etməkdir.
Təəssüf ki, son dövrlərdə bəzi hallarda müəllimlərə qarşı hörmətsiz davranışlar, məktəb qaydalarına laqeyd münasibət və məktəb əmlakına zərər vurulması halları müşahidə olunur. Bu isə yalnız təhsil mühitinə deyil, ümumilikdə cəmiyyətin mənəvi dəyərlərinə mənfi təsir göstərir. Uşaq məktəbdə intizamsızlıq görərsə və etdiyi davranışa görə məsuliyyət hiss etməzsə, gələcəkdə dövlət qanunlarına və ictimai qaydalara qarşı da laqeyd münasibət göstərə bilər.
Qazaxıstanda qəbul olunan bu qanunun ən mühüm tərəflərindən biri valideyn məsuliyyətini artırmasıdır. Əgər belə bir qanun bizim ölkəmizdə də tətbiq olunarsa, valideynlər övladlarının davranışına daha ciddi nəzarət etməyə başlayarlar. Bu isə şagirdlərin müəllimə, məktəb qaydalarına, məktəb əmlakına və ümumilikdə təhsilə daha məsuliyyətli yanaşmasına səbəb olar.
Valideyn bilməlidir ki, uşağın məktəbdəki davranışı ilk növbədə ailədə aldığı tərbiyənin nəticəsidir. Müəllimə hörmət etməyi öyrənən uşaq gələcəkdə böyüklərə, qanunlara və dövlətinə də hörmət etməyi bacaracaq. Əksinə, müəllimin nüfuzunu uşağın yanında aşağılayan ailələrdə uşaqlarda məsuliyyətsizlik və intizamsızlıq formalaşa bilər.
Məktəb yalnız təhsil verilən yer deyil, həm də cəmiyyətin gələcəyinin formalaşdığı müqəddəs məkandır. Məktəb əmlakına zərər vurmaq, müəllimə qarşı hörmətsizlik etmək və qaydaları pozmaq əslində dövlətin gələcəyinə qarşı məsuliyyətsiz münasibətdir.
Müəllimə dəyər verilən cəmiyyətlərdə təhsil inkişaf edir, savadlı və tərbiyəli nəsil yetişir. Güclü dövlətin təməli isə məhz məktəbdə qoyulur. Buna görə də müəllim nüfuzunun qorunması, məktəbdə intizamın gücləndirilməsi və valideyn məsuliyyətinin artırılması gələcəyimiz üçün atılan ən vacib addımlardan biridir.
Bakı şəhəri 295 nömrəli tam orta ümumtəhsil məktəbin direktoru
Dilarə Cəbrayılova
-
Magazin106:16Onlar olmadan “Eşref Tek” maraqsız olardı
-
Avropa04:44Trampın xüsusi elçiləri Dublində - Zelenski Rusiyanın təkliflərini rədd etdi
-
Magazin204:14CeyLo dərin yarıqlı cins libasda göz qamaşdırdı - FOTO
-
MDB03:43Rusiya NATO-nun vədinin sənədləşdirilməsini tələb etdi
-
Nida Xəbər 02:30Leyla Əliyeva UN-Habitat-ın regional ofisinin direktoru ilə müzakirə apardı - FOTO
-
Qoroskop00:15Günün ULDUZ FALI - Ona vaxt ayırmaqdan çəkinməyin
-
Magazin112 Noyabr 23:36Tanınmış xanəndə: "Geyimlərimi moda evinə kirayə verib faiz götürürəm"
-
Rəsmi xronika12 Noyabr 23:12Britaniya ilə müdafiə sahəsində əməkdaşlıq gücləndirilir - Təhdidlərə birgə cavab veriləcək




























