Axı “Qarabağ” niyə belə edir?
Bizi izləyin

Köşə

Axı “Qarabağ” niyə belə edir?

Axı “Qarabağ” niyə belə edir?

Uzunçuluq etməyə ehtiyac yoxdur, sadə bir misal gətirəcəm, futboldan az-çox anlayışı olan sağlam düşüncəli insanlar nə demək istədiyim göydə tutacaqlar, qalanları ilə işimiz yox. Qoy “Qarabağ”dan, “Sabah”dan Çempionlar Liqasını qazanmağı tələb etsinlər.

Avropanın ən titullu klublarından biri də “Ayaks”dır. Dəfələrlə Çempionlar Kubokunun qalibi olub.

Amma indi heç bu haqda düşünmürlər də. 2-3 ildən bir Avropa səhnəsində parlayır, elə həmin il də bütün heyəti satır və yenə də yoxa çıxırlar. Bir də 2-3 ildən sonra istedadlarla qayıtmaq üçün.

“Ayaks” müasir futbolda sağ qalmağın yolunu bunda görür. Futbolçu yetişdirmək, Avropaya təqdim etmək və satmaq.

Bir neçə gün əvvəl də “Real”lın kommersiya gəlirləri açıqlanıb – 1 milyard avro. Təxminən 2 milyard manat. Az qala bir dövlətin büdcəsi. Belə bazarda sağ qalmaq üçün ən münasib yol elə “Ayaks”ın yoludur. Hələ ki, alternativ yoxdur. Bundan digər klublar da, məsələn Portuqaliya “Sportinqi”də yararlanır və sağ da qalır. Niderlandda, Portuqaliyada artıq bəlli sistem mövcuddur: Ölkələrin kiçik klubları böyüklərə - “Ayaks”, PSV, “Sportiq”, “Portu”, “Benfika”ya işləyir, onlar da Avropa nəhənglərinə. Beləcə, hamı sağ qalır.

Azərbaycan futbolunda belə sistem mövcud deyil, olmayıb. Niyə? Çünki klublar dövlətin cibindən maliyyələşiblər. Alıblar dövlətdən, yeyiblər. Vəssalam. Dövlət də cibini bağlayanda (deyək ki, komandanı tapşırdığı oliqarx vəzifədən çıxanda) həmin klubun da sonu çatıb. Beləcə, indiyə qədər Azərbaycanın “klub qəbiristanlığı”nda saysız-hesabsız komandalar basdırılıb.

İndi “Qarabağ” dövlətdən, oliqarxdan asılılıqdan xilas olmaq istəyir, özü-özünü dolandırmağa çalışır. Çalışır ki, sağ qala bilsin sabah. Oyunçu alır, inkişaf etdirir, Avropaya təqdim edir və satır. “Qarabağ” Portuqaliya və Niderlandda olan sistemi gətirmək istəyir Azərbaycan futboluna. Başqa variant yoxdur, zatən.

Ötən il ÇL-də Avropanı heyrətləndirən komandanın futbolçularına göz dikiləcəyi bəlli idi. İstədilər, “Qarabağ” da satdı. Yaxşı da pul qazandı. Gedənlərin yerinə yenilər alınıb. Heyət təzələnir, deməli, oyun keyfiyyəti də düşür. Düşməlidir də. Amma bu müvəqqətidir. Bir ildən sonra “Qarabağ” yenə də həmin komanda olacaq. Artıq sistem var axı.

Yenə də futbolçularına elçi düşəcək və satacaq. Yaxşı da edəcək. Müasir futbolda sağ qalmağın yolu budur.

Sevindiricidir ki, artıq başqa bir Azərbaycan komandası – “Sabah” da bu yolun yolçusu olub. Maludanı satdığına görə qınadılar “Sabah”ı. Əcəb edib satıb. Satıb, gedib yeni Maluda tapacaq, onu da tanıdacaq və satacaq.

Sistem belə formalaşacaq. Digər komandalar - “İmişli”, “Şamaxı, “Zirə” üçün də bazar yaranır. İstedadlı futbolçu tapın, elə Azərbaycan çempionatında özünü göstərsə bəsdir, alıcısı başının üstündə olacaq - “Qarabağ”, “Sabah” alacaq. Onlar da həmin futbolçuları Avropaya satacaqlar. Futbolun iqtisadi zənciri formalaşacaq Azərbaycanda. Onda hansısa oliqarxa möhtac olmayacaq, dövlətin cibinə göz dikməyəcək komandalar.

Axı “Qarabağ” niyə belə edir? Düz etmir ki?

Natiq Muxtarlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm