Başqasının həyatına ağlamaq: Ekranın sehrli təsəllisi
Bizi izləyin

Köşə

Başqasının həyatına ağlamaq: Ekranın sehrli təsəllisi

Başqasının həyatına ağlamaq: Ekranın sehrli təsəllisi

Günün bütün yorğunluğunu, real həyatın çiyinlərimizə çökən o ağır, boz sükutunu qapının astanasında qoyub, sehirli bir ekranın qarşısına keçirik. Bir düyməyə toxunuruq və o andan etibarən zaman dayanır, məkanın sərhədləri silinir. Biz tamamilə yad, heç vaxt tanımadığımız insanların taleyinə qonaq oluruq. Gah bir komediyaya ürəkdən gülür, gah tarixi bir hekayənin əzəmətində qürurlanır, gah da bir dramın ortasında göz yaşlarımıza hakim ola bilmirik.

Yaxşı, bəs heç düşünmüşükmü: Biz əslində real olmayan, sadəcə ssenari müəllifinin xəyal məhsulu olan bu kölgələrə niyə ruhumuzu təslim edirik? Bizi o şüşə arxasındakı həyatlara bağlayan görünməz zəncir nədir?

Səbəb çox sadədir: İnsan beyni və qəlbi ekrandakı xarakterlə real insan arasındakı fərqi emosional səviyyədə ayıra bilmir. Biz oradakı obrazlara baxanda sadəcə bir aktyor görmürük. Biz orada özümüzün yaşaya bilmədiyimiz, yarımçıq qalmış, yaxud gələcəyə dair ümid bəslədiyimiz bir parçamızı görürük. İnsanın daxili dünyası davamlı olaraq bir sığınacaq, anlaşıla biləcəyi bir ayna axtarır. Ekran isə bizə məhz o aynanı təqdim edir. Biz o obrazların sevinci ilə sevinəndə əslində öz daxili xoşbəxtliyimizi qeyd edirik.

Dram janrına baxıb ağlamağımız da bəsit bir kədər deyil. Bu, əslində ruhumuzun gizli bir təmizlənmə prosesidir. Real həyatda qürurumuza, qorxularımıza, cəmiyyətin qanunlarına görə ağlaya bilmədiyimiz, içimizə atdığımız dərdlərimizi, ekrandakı personajın acısı üzərindən sərbəst buraxırıq. Onun xəyalları puç olanda, qəlbi qırılanda, sevdiyini itirəndə sanki öz xəyallarımız darmadağın olurmuş kimi sarsılırıq. Çünki o an biz aktyorun yalanına yox, o yalanın içində gizlənən ən saf insani həqiqətə – ümidin itirilməsi qorxusuna ağlayırıq.

Komediya bizi qaranlıq düşüncələrin zindanından qoparır, tarixi filmlər isə kimliyimizin unudulmuş tozlu səhifələrini vərəqləyərək içimizdəki o uyuyan qüruru oyadır. Biz hər janrda, hər seriyada əslində bir şeyi axtarırıq: yalnız olmadığımızı sübut edən bir təsəlli. "Bu dünyada tək deyiləm, mənim dərdimi, sevincimi yaşayan, hiss edən başqaları da var" pıçıltısıdır bizi ekrana bağlayan.

Kino və serialları yayımlayan televiziya sadəcə vaxt keçirmək üçün bir əyləncə vasitəsi deyil. O, insanın öz ruhu ilə görüşdüyü gizli bir hücrədir. Biz filmlərə ona görə bağlanırıq ki, onlar bizə bu süni və soyuq dünyada hələ də hiss edən, ağlaya bilən, sevən bir qəlbimizin olduğunu xatırladır. Oxuduğumuz, izlədiyimiz hər hekayənin sonunda əslində ömrümüzün bitməyən ssenarisinə bir ümid işığı axtarırıq. Çünki hər kəs bir gün öz nağılının xoşbəxt sonluqla bitəcəyinə inanmaq istəyir.

Müəllif: Adəm Abbaslı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm