Kamran Həsənli: “Artıq ANS-də işləmirəm...” - MÜSAHİBƏ
Bizi izləyin

Magazin1

Kamran Həsənli: “Artıq ANS-də işləmirəm...” - MÜSAHİBƏ

ANS-də “Axşam-axşam” verilişinin yayımı dayandırılıb. Telekanal rəsmisi bir aydan da az müddətdə yayımlanan verilişin reytinq qurbanı olduğunu açıqlayıb.

Publika.az bununla bağlı verilişin aparıcısı Kamran Həsənli ilə söhbətləşib.

- ANS-dən verilən rəsmi açıqlamaya görə, aparıcısı olduğunuz “Axşam-axşam” verilişi aşağı reytinq verdiyi üçün bağlanıb?

- Onu mən bilmirəm. Amma verilişin reytinq verib-verməyəcəyini bilmək üçün o, 2-3 ay yayımlanmalı idi. Daha sonra bilmək olardı ki, bu veriliş reytinq verib, ya yox.

- Onların dediyi kimidirsə, sizcə, verilişə niyə baxılmadı?

- Onu mən bilmirəm.

- Bir verilişin reytinq qazanması üçün nə etmək lazımdır? Azərbaycan tamaşaçısının diqqətini hansı verilişlə cəlb etmək olar?

- Azərbaycan tamaşaçısı müxtəlifdir. Məncə, keyfiyyətli veriliş olmalıdır.

- Bu sualı sizə əbəs yerə vermirəm. Siz uzun illərdir ki aparıcısınız...

- (Sözümü kəsərək) Bəli, mən artıq 15 ildir ki aparıcıyam.

- Keyfiyyətli veriliş nədir?

- Hər proqramın öz proyekti var. Əyləncəli verilişdirsə, əyləndirməli, maarifləndirici verilişdirsə, maarifləndirməlidir.Təkcə aparıcı yox, bütün yaradıcı heyət də işi keyfiyyətli yerinə yetirməlidir.

- Bu gün tamaşaçının maariflənməyə deyil, daha çox əyləncə verilişlərinə meyilli olduğunu iddia edirlər. Siz bunun səbəbini nədə görürsünüz?

- Bu fikirlə, belə düşüncəli adamlarla razı deyiləm. Tamaşaçı müxtəlifdir. Müxtəlif təbəqələr var. Maarifləndirici verilişlərin öz tamaşaçısı var, əyləncəlinin isə ayrı... Sadəcə, bizim tamaşaçı verilişdən deyil, televiziyadan narazıdır. Televiziyada gördüyü mənzərədən narazıdır.

- Sizcə, bu narazılıq haqlı, yoxsa haqsız yerədir?

- Təəssüf ki, çox vaxt haqlı yerədir.

- Siz daha çox müəllif verilişlərinin aparıcısı olmusuz. Məsələn, “Sizin saat”, “Toylar kralı” və s. Bəs ürəyinizcə olmayan verilişə aparıcılıq etmək məcburiyyətində qalmısınız?

- Olub, həyatda çox şey olub (gülümsəyir).

- Niyə bunu etmisiz? Ürəyinizcə olmayan bir layihənin aparıcısı olmağa məcbur edən səbəblər sirr deyilsə, maraqlıdır...

- Müxtəlif səbəblər olub. Proqramdır da... Elə olur ki, imtina edə bilmirsən. Amma bu, çox nadir hallarda olub.

- Rövşanə Bektaşi ilə birlikdə “Bazar səhəri” verilişinin aparıcısı oldunuz. O, tamaşaçı tərəfindən birmənalı qarşılanmır və barəsində “özü sual verib özü də cavab verir, qonağı danışmağa qoymur” kimi fikirlər var. Onunla eyni verilişdə həmkar olmaq çətin olmadı?

- Mənim üçün, sadəcə, maraqlı oldu.

- Yeni verilişlə yenidən ANS-də efirə çıxacağınızı demisiniz. Həmin veriliş hansı səpkidə olacaq?

- Hələ ki müzakirələr gedir. Yəqin ki, yeni verilişlə çıxarıq.

- Hazır layihəniz var?

- Əlbəttə var. Məndə bir deyil, bir neçə layihə var. Təqdim edəcəm. Baxarlar. Məsləhət bildiklərini hazırlaya bilərik.

- ANS-dəki son layihə sizin təklifiniz idi, yoxsa?

- Bir layihənin ortaya çıxmasında hər iki tərəfin əməyi var. Layihə qarşılıqlı müzakirələr nəticəsində ərsəyə gəlir. Daha sonra onun üzərində iş gedir. Tam məhsul isə tamaşaçının qarşısına çıxır.

- Son olaraq bilmək istərdim, ANS-də işinizə xitam verilib, ya yox?

- Aparıcısı olduğum “Axşam-axşam” verilişi bağlandısa, demək ki, artıq ANS-də işləmirəm. Yeni proqram olsa, işləyəcəm. Biz orda işçiyik.

İsa Şükürov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm