Nazirlik Ququşun Azərbaycanda konsert qadağası ilə bağlı ittihamlarına cavab verdi
Bizi izləyin

Magazin1

Nazirlik Ququşun Azərbaycanda konsert qadağası ilə bağlı ittihamlarına cavab verdi

Mədəniyyət və Turizm Nazirliyi əslən azərbaycanlı olan müğənni Ququşun (Faiqə Atəşin) Azərbaycanda konsert verməsinə qadağa qoyulması ilə bağlı ittihamlarına cavab verib.

Publika.az xəbər verir ki, Nazirliyin mətbuat xidməti bildirilib ki, son günlər bəzi kütləvi informasiya vasitələrində müğənni Ququşun (Faiqə Atəşin) Azərbaycanda konsertinin təşkil olunmasına icazə verilməməsi ilə bağlı sensasiya xarakterli məlumatlar yer alıb:

"Mətbuatda yazılanlarla əlaqədar bildiririk ki, müğənninin Azərbaycanda konsertinin təşkil olunması ilə bağlı Nazirliyə müraciət daxil olmamışdır. İlk növbədə onu qeyd etmək istəyirik ki, Mədəniyyət və Turizm Nazirliyi, mərkəzi icra hakimiyyəti orqanı olaraq ölkəmizdə kommersiya məqsədilə keçirilən konsert proqramlarının təşkilatçısı qismində çıxış etmir.

Bu cür kommersiya məqsədli, yerli və xarici müğənnilərin iştirakı ilə konsert proqramları ölkəmizin müvafiq qanunvericiliyinə uyğun olaraq özəl qurumlar və prodüser mərkəzləri tərəfindən təşkil oluna bilər. Buna misal olaraq, son illər paytaxt Bakıda, eləcə də bir sıra şəhər və rayonlarımızda xarici populyar müğənnilərin konsert proqramlarının keçirilməsini nümunə kimi göstərə bilərik. Ölkəmizdə öz tamaşaçı auditoriyası olan istənilən əcnəbi müğənninin də konsertinin təşkil olunmasına Nazirlik olaraq hörmətlə yanaşırıq.

Eyni zamanda diqqətə çatdırırıq ki, Mədəniyyət və Turizm Nazirliyinin strukturuna daxil olan və daxil olmayan konsert salonlarında tədbirlərin təşkili həmin müəssisə və prodüser mərkəzləri arasında bağlanılmış müqavilə əsasında müvafiq vergi, icarə və digər təşkilatı xərclər ödənilməklə həyata keçirilir. Bunun üçün Mədəniyyət və Turizm Nazirliyindən rəsmi icazə alınması tələb olunmur.

Qeyd edək ki, Nazirlik tərəfindən Azərbaycan mədəniyyətinin, milli irsinin ölkə daxilində, eləcə də xaricdə tanıdılması və təbliğ edilməsi məqsədilə dövlət əhəmiyyətli tədbirlər, konsertlər təşkil olunur.

Bəzi kütləvi informasiya vasitələrinə sensasiya xatirinə dövlətlərarası münasibətlərə xələl gətirəcək addımlardan çəkinməyi, peşəkar jurnalistika prinsiplərindən uzaqlaşmamağı tövsiyə edirik".

Məlumat üçün bidlirək ki, İslam inqilabından sonra İranı tərk etmiş Ququş virtual.org-a verdiyi açıqlamada Azərbaycanda konsert verə bilməməsini Mədəniyyət və Turizm Nazirliyinin ona qadağa qoyması ilə izah edib:

"Tədbirin təşkilatçıları mənə bildirdilər ki, Azərbaycanın mədəniyyət naziri (Əbülfəz Qarayev – RED.) Bakıda konsertin keçirilməsinə icazə verməyib, çünki mənim ərim erməni millətinin nümayəndəsidir. Amma axı mən azərbaycanlıyam?! Bundan başqa, musiqi və yaradıcılıq – millətçilikdən üstündür! Mən məəttəl qalmış və hiddətlənmişəm!”

Oxumağa davam et
Reklam
Reklam

Gündəm